“YALNIZ İQTİSADİYYATI GÜCLÜ OLAN ÖLKƏLƏR MÜSTƏQİL SİYASƏT APARA BİLƏR” - PREZİDENT
"Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”.
APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib.
Dövlət başçısı bildirib ki, əgər sən kimdənsə asılısansa - ya kreditdən, ya da başqa dövlətdən - heç vaxt sözün əsl mənasında müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan: "Ona görə də, biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq . İndi heç bir kreditə möhtac deyilik. Biz özümüz kreditlər veririk. Dövlət borcumuz Ümumi Daxili Məhsulun 20 faizini təşkil edir. Qarşıma vəzifə qoymuşam ki, dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq".
Azərbaycan iqtisadiyyatının son 15 ildə 3,2 dəfə artdığını söyləyən prezident qeyd edib ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur: "Qeyri-neft ixracatımız 4 dəfədən çox artıb. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici, yerli sərmayələr bundan sonra da qoyulacaq".
Prezident İlham Əliyev xatırladıb ki, Davos İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 35-ci yerə layiq görüb: "İnkişafda olan ölkələr arasında inkişaf indeksinə görə 3-cü yerdəyik. Bu, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da ən az itkilərlə bu böhranlardan çıxa bilmişik. İqtisadi sabitlik, maliyyə sabitliyi həm investisiya iqliminə, həm də biznes mühitinə müsbət təsir göstərir. Gələcək illərdə biznes mühitinin inkişafı üçün əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadiyyatda tam şəffaflıq təmin edilməlidir. Xoşagəlməz hallara son qoyulmalıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı təmin olunub. Növbəti illərdə çalışmalıyıq ki, iqtisadiyyatımız dayanıqlı şəkildə inkişaf etsin və neft-qaz amilindən asılılığı azaldaq".