Ölkənin “enerji”sindən birbaşa məsul şəxs niyə susur? — Absurd açıqlama, məsuliyyətdən yayınma cəhdi
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda elektrik enerjisi problemi yaşanıb.
Bir neçə saat əvvəl paytaxt Bakıda və bütün rayonlarda elektrik enerjisinin verilişi dayandırılıb.
Bu,əhali arasında təşvişə səbəb olub.
Daha sonra məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, hadisəyə səbəb Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəzadır. İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
Ölkəni elektriklə təmin etməkdə birbaşa məsul qurum olan “Azərenerji” isə bir saat ərzində susqunluğu qoruyub və sonra absurd bir açıqlama yayıb. Açıqlamada hadisə barədə ətraflı məlumat olmasa da, səbəb kimi havaların isti keçməsi göstərilir. Yəni, bu quruma görə baş vermiş hadisənin tək günahkarı var: o da təbiətdir.
Açıqlamadan sitat: “"Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.
Qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib”.
Maraqlıdır ki, sinoptiklərin günlərdir, ölkədə rekord isti qeydə alındığını bar-bar bağırdığı dövrdə “Azərenerji” niyə bu amilləri qulaqardı edib? Niyə qurumun rəhbəri Etibar Pirverdiyev son 120 ilin ən isti günlərinin yaşandığı bir vaxtda belə bir hadisənin olmaması üçün önləyici tədbirlərin görülməsi barədə tapşırıq verməyib?
Halbuki “Azərenerji”yə milyonlarla pul vəsaiti ayrılır. Görünür, E. Pirverdiyev məsuliyyətinin yükünü hələ də tam mənasıyla dərk etməyib ki, bir şəhər yox, 1 rayon yox, bütün ölkə bircə yanğınla qaranlığa qərq olub.
E. Pirverdiyev və komandasının əvvəlcədən görməli, hesablamalı, bu səbəbdən də qabaqlayıcı tədbirlər görməli olduğu bir şey isə bircə saat ərzində bütün mənfi tərəflərini göstərdi:
Elektrik enerjisinin bütün ölkədə kəsilməsi ilk növbədə təşvişə səbəb oldu, dövləti istəməyənlərin dezinformasiya yaymasına və həyəcan yaratmasına şərait yaratdı. Bütün zavod, fabriklərin, xəstəxanaların, sənaye müəssisələrinin işini dayandırdı. İşıqforların işləməməsi ölkədə “n” qədər yol qəzasının törədilməsinə səbəb oldu. Bu sadaladıqlarımız hələ bir qismidir.
Biz ölkənin işıqsız qalmasının təhlükəsizlik məsələlərində nə qədər problem yarada biləcəyindən isə ümumiyyətlə danışmırıq…