Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il ötür. Bu, bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyası 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi.
YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmağımız buna nümunədir.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 30 illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildi və qarşıya yeni vəzifələr qoydu. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra edilməsinə səy göstərir.
Ceyhun Hüseynov Masallı RMX, İƏ şöbəsi
Masallı şəhəri