Prodüser Təranə: "O qadın mənə sevgili olmağı təklif etdi" - MÜSAHİBƏ
AZTB.info prodüser Təranə Səmədovanın ailem.az-a müsahibəsini təqdim edir:
- Təranə xanım, siz daha çox qalmaqallı prodüser kimi tanınırsınız. Son zamanlar isə şəxsi həyatınızla daha çox gündəmə gəlirsiniz. Maraqlıdır, hazırda həyatınızda kimsə var?
- Sağlam düşüncəli hər bir xanım istəyər ki, həyatı tam olsun. Amma uğursuz nikahım, münasibətlərim gətirib elə yerə çıxarırdı ki, deyirdim, bir daha şəxsi həyatımla bağlı danışmayacam. Sadəcə son zamanlar elə məqamlar baş verir ki, bəzi adamlar elə bilir mən təkəm, ona görə də başqa söhbətlər yaranır. Bunu gizlətməmək qərarına gəldim. Bəli, həyatımda hazırda dəyər verdiyim bir arxa-dayağım var.
- Onunla rəsmi evlilik düşünürsünüz?
- Mən illərdir, tək idim, tək başına övlad böyüdürdüm. Kimlərsə təklif edirdilər, amma qəbul etməməyimin başlıca səbəbi münasibətin ciddi olmamağı idi. Hazırda planımızda evlənməkdir və mənim üçün ən vacibi bu birlikdəliyin rəsmiləşməsidir. Bu yaxınlarda rəsmiləşdirməyə qərar vermişik. Mənim artıq bir dəfə toyum olub və ikinci toy iddiasında deyiləm. Sadəcə birlikdə olduğum insan subaydır. Onun taleyi ilə oynamaq istəmirəm. Əgər valideynləri məni qəbul edəcəklərsə, toy çalınmasının da əksinə gedəsi deyiləm.
- Hazırda bir çox şou-biznes nümayəndəsi razılaşdırılmış evliliklər edir...
- Mən bu cür saxta evliliyə razı olmaram. Əsas qadının xoşbəxt olmağı, ailənin sağlam sütunlar üzərində qurulmasıdır. Görüntü üçün, kiminsə gözündən pərdə asmaq üçün evlənənlərdən deyiləm. Görüntü üçün evlənsəydim, elə birinci ailə həyatımın dağılmasına razı olmazdım.
- Bəs ilk evliliyiniz hansı səbəbdən dağıldı?
- Səbəbi o qədər qəlizdir ki. Mən indiyə qədər bəzi məqamlar barədə susub danışmamışam. İndi də həyatımın yeni astanasında ondan danışmaq istəmirəm. Onu deyim ki, ayrılmağımızı istəyən tərəf mən oldum.
- Müsahibələrinizin birində demisiniz ki, ailədə şiddət görürdünüz. Bu idimi səbəb?
- Şiddət - ayrılmağa qərar vermək üçün olan səbəblərdən sadəcə biri idi. Təbii ki, şiddət də var idi. Mən hətta bu şiddətə ailə həyatımın dağılmaması üçün göz yumurdum. Axırda cana yığıldım ki, bu qədər səbəb var, hələ bir mən döyülməliyəm də?! Yəni ən son səbəb o idi.
- Deyəsən bu səbəblər arasında sonsuzluq da var idi...
- Bəli, bu səbəblərdən biri də sonsuzluq idi. Geriyə dönüb xatırlamaq istəmirəm. O dönəmdə yaşadığım stresslər, problemlər sonradan mənim həyatımda baş qaxıncıma da çevrildi. Boşandıqdan sonra insan olurdu ki, mənimlə ailə həyatı qurmaq istəyirdi, amma mənim sırf o insanla, yəni Kərimlə bir zamanlar evli olduğum üçün bundan vaz keçirdi.
- Bütün bu yaşadıqlarınıza görə peşmansınız?
- Xeyr, həyatımda baş verən heç bir şeyə görə peşman deyiləm. Bunlar mənim həyat dərsim olub. O hadisələr mənim başıma gəlməsəydi, mən yaxşı insanların qədrini bilməzdim. Şükr edirəm ki, sağlamam, Allah mənə sağlam bir övlad nəsib edib.
- Qızınızın dünyaya gəlməsi ilə bağlı sizə cəmiyyət tərəfindən böyük təpkilər olub. Bu cür reaksiyalar olacağını bilərək, nigahdankənar övlad dünyaya gətirməyi necə gözə aldınız?
- Mənim ailəm dağılanda hələ 24 yaşım var idi. Mən normal, sağlam insan həyatını 50 il sayıram. 50 ilin 25-ə doğru addımlayanda düşünürdüm ki, ailə həyatım oldu dağıldı. Övlad sahibi də olmadım ki, həyat stimulum olsun. Mən özümü sonsuz bilirdim. Çünki dəfələrlə müalicə almışdım. Hər dəfə həkimlər deyirdi ki, problem məndədir. Nədənsə kişidə də problem olacağını düşünmürdülər... Ağlıma gəlməyən bir məqamda bildim ki, bətnimdə uşaq var. Həmin vaxt sevgi münasibətində olduğum bir insan var idi. Mən ondan xahiş etdim ki, icazə ver, uşağımı dünyaya gətirim. O da dedi, ya mən, ya uşaq. Dedim, uşağı seçirəm. Sən mənim həyatımdan 3-5 il sonra getsən də, mənə övladım qalacaq. Amma bilmirəm, bu uşağı tələf etsəm, bir daha övlad sahibi ola biləcəmmi?
- Yəni deyirsiniz ki, sonsuzluq hissinə görə bu övladı nə olur-olsun dünyaya gətirmək istəmisiniz?
- Bəli, məhz bu səbəbə görə mən bu uşağı istəyirdim. Düşünürdüm ki, bu övladı itirsəm, bir də ana ola bilməyəcəm. Mən o zaman çox düşünüb bu qərarı verdim və uşağımı dünyaya gətirdim. Gəlib çatdıq uşağa doğum şəhadətnaməsi alma ərəfəsinə. Xəstəxanadan kağız verdilər ki, 10 gün müddətinə VVAQ-a getmək lazımdır. Getdim ora, şəxsiyyət vəsiqəmi verdim, dedilər, sizin 25 yaşınız tamam olub deyə bu vəsiqə dəyişməlidir. Mən də atası ilə bir yerdə getmişdim. O zaman alınsaydı, o, uşağa soyadını verəcəkdi. Amma şəxsiyyət vəsiqəsi düzələn ərəfədə düşündüm ki, bu, subay oğlandır, sabah ailə həyatı qurar, yoldaşı qısqanc olar, oradakı övladları bunu qəbul etməyə imkan verməz. O, 18 yaşına qədər uşağa icazə verməlidir ki, mənimlə ölkədən xaricə çıxsın və sair. Bunlar mənim üçün artıq problemlər idi. Ona görə bütün məsuliyyətləri öz üzərimə götürdüm.
- Bəs indi həyatınızda olan şəxs evləndikdə qızınıza öz soyadını verəcəkmi?
- İndi münasibətdə olduğum insan bununla bağlı mənə bircə sual verdi ki, atası Sueli görürmü, ona soyadını veribmi? Mən də dedim yox. Sonra başqa bir müzakirəmizdə dedi ki, biz münasibətlərimizi rəsmiləşdirəndə, ikinci övladımız olanda qızımı da özünə övladlığa götürəcək. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilərmi?
- Qızınızdan söz düşmüşkən, artıq səkkiz yaşı var və bəzi məsələləri dərk etməyə qadirdir. Özü atasının kimliyini bilirmi, onunla görüşürmü?
- Bəli atasının kimliyini bilir, amma görüşməyib. Atası Suelin ağlı kəsmədiyi vaxtda bir-iki dəfə gəldi, sonra yox. İki il əvvəl Suel gəlib mənə dedi ki, atamla danışmaq istəyirəm. Soruşdum əminsən? Dedi hə. Zəng vurdum, dedim, uşaq səninlə danışmaq istəyir. Danışdılar. Dəstəyi aldım, soruşdum, necəsən, ailə həyatın necə gedir? Dedi, oğlum olub, təbrik etdim. Onda Suel mənə dedi ki, bir də atamla danışmayacam, onun başqa ailəsi, uşağı var. Bu, mənim səhvim idi, bəlkə də o zaman uşağımın psixologiyasını düşünməliydim.
- Bəs qızınız son zamanlar sizinlə bağlı yaşanan qalmaqalları, haqqınızda deyilən bütün bu söz-söhbətləri eşidirmi, reaksiyası necə olur?
- Mənə yazılan şərhlərdən xəbəri yoxdur. Amma bu yaxınlarda televiziyada qalmaqallı süjet getdi. Bir xanım mənim haqqımda danışırdı. Suel dedi ki, mama, mən o xanımı üzbəüz görmək istəyərdim. O sənə deyir ki, sən məndən betərsən. Sənin ondan betərliyin nədədir görəsən? O qədər sağlam düşüncə ilə soruşdu ki...
- Ona nə cavab verdiniz?
- Heç nə, dedim, ehtiyac yoxdur sənin onunla üzbəüz gəlməyinə.
- Sizcə, bütün bu söz-söhbətlərdə siz günahkarsınız?
- Xeyr, mən süddən çıxmış ağ qaşıq deyiləm. Hər kəs kimi, mənim də səhvlərim var. Amma biabırçılıq adı veriləcək qədər ayıbım yoxdur.
- Təranə xanım, hansı zərərli vərdişləriniz var?
- Belə vərdişlərim var idi. Bu yaxınlara qədər spirtli içki qəbul edirdim. Amma indi qətiyyən spirtli içki qəbul etmirəm. Bir dəfə də reyd vaxtı spirtli içki içdiyimə görə kameralara düşmüşəm. İndi hamı elə bilir ki, hər gün elə vəziyyətdəyəm. Eyni videoya baxıb yazırlar ki, bezdik ey bunun əlindən, hər dəfə içib oturur maşına.
- Bir müsahibənizdə deyirsiniz ki, falçı sizə nə deyibsə düz çıxıb. Falçıya tez-tez gedirsiniz?
- Elə vaxtlar olub ki, falçıya üz tutmuşam. 2008-ci ildə Anna Bagirova adlı bir falçının evində olmuşam, bir də 2011-ci ildə. Hər ikisində də mənə nə deyibsə, o olub. Axundov bağının yanında yaşayırdı. Ayrılan vaxtlarda getdim həmin baxıcının yanına. Mənə dedi, gələn il övlad sahibi olacaqsan, Allah səni mükafatlandırıb. Sən elə bir canlıya kömək etmisən ki, o, sənə alqış edib. Həmin falçıya gedəndə yolun ortasında qalmış bir pişiyi götürüb kənara qoymuşdum. Düşündüm ki, bu, nə boş-boş danışır, aylarla müalicə almışam, uşağım olmayıb heç. Amma bu möcüzə baş verdi. Uşaq olandan 3 il sonra yenə həmin baxıcının yanına getdim. Dedi, mən çox qorxulu şeylər görürəm. Yanımdakı insan barədə də dedi ki, ondan uzaq dur, ondan sənə uğursuzluq gələcək, mən silah görürəm. İki-üç il sonra həmin insandan ayrılmaq istəyəndə mənə silah çəkmişdi ki, ya səni öldürəcəm, ya da məndən ayrılmamalısan. Həmin pnevmatik rezin güllələrdən dördü ayağıma dəymişdi, amma mən şikayət etməmişdim. Polis sistemində işləyirdi deyə şikayət etmədim ki, onu işdən uzaqlaşdıracaqlar, ona pislik etmək istəmirəm. Amma özü-özünə elə pislik etdi ki, mənə ehtiyac qalmadı. Xeyli vaxtdır həbsxanadadır.
- Deyirsiniz ki, başqa falçıların yanına getmirsiniz?
- İndi getmirəm. Çünki getdiyim başqa baxıcı bir dəfə mənə 50 qəpik verdi ki, bunu pul kisənə qoy. Həmin gündən aləm dəydi bir-birinə. Maşınımı cərimə meydançasına apardılar və s. Ona dedim ki, bu 50 qəpiyi məndən uzaqlaşdır. Dedi, səhv etmişəm, bu, dəmir puldur, sənə kağız pul yazmaq lazımdır...
- Neçə illərdir, şou-biznesdəsiniz, qarşılaşdığınız hansı hadisə heç yadınızdan çıxmır?
- Bir dəfə bir qadın mənə sevgili olmağımızı təklifi etdi. Mənə deyirdi ki, səni sevirəm. Mən də zarafatla ona deyirdim ki, mən də səni sevirəm. Sonra qayıtdı ki, mən ciddi deyirəm. Onu acıladım və özümdən uzaqlaşdırdım. Həmin insanın adını çəksəm, ulduzu parıldayar. Hazırda müğənni olmağa çalışır. Bu hadisə indi də yadıma düşəndə ətim ürpəşir.