Aybəniz Haşımovanın qızı "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI: "Bizi balaca otağa salıb...”
"Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın qızı, ötən mövsüm "O Ses Türkiyə" yarışmasının iştirakçılarından biri olan Aynişan Quliyeva bu mahnı müsabiqəsindən bir neçə azərbaycanlı iştirakçının eyni anda uzaqlaşdırılmasına laqeyd qala bilməyib.
Bir vaxtlar müğənniliklə məşğul olan A.Quliyeva azərbaycanlıların müsabiqədən uzaqlaşdırılması barədə geniş status yazıb. Aynişanın #osesturkiye həştəqi ilə paylaşdığı statusu olduğu kimi təqdim edirik:
"İndi isə gərçəkləri bir də məndən eşidin. Ötən il sözügedən müsabiqəyə qatıldığımda ilk tur çox səs-küyə səbəb oldu. 4 videom 1 həftə ərzində 1 milyon izlənməyə çatan kimi "Youtube"-dan silindi. Mən o zaman şübhələnmişdim. Çünki öz türk iştirakçılarının videosu mənimkindən də çox izləndiyi halda silinməmişdi. Sonra ikinci dəfə səhnəyə çıxma şansı vermədən balaca otaqda bizi yarışmadan uzaqlaşdırdılar. İlk turdan keçməyimizin bir mənası qalmamışdı. Çünki mahnı və səhnə yox idi. Orada məndən qat-qat güclü ifaçılar və bu yarışmanın mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim. Sadəcə təşəkkür etdim. Amma builki hərəkətləri heç bir vicdana sığmır.
Mən Zülfü Əsədzadə ilə bərabər yarışmanın ikinci, yəni qapalı keçirilən turuna qatıldım. Bizə Zülfü, İlham, Gülşən, daha bir azərbaycanlı xanım və iki türkün bir qrupa düşdüyünü dedilər. Bunun bir qurma olduğunu dərhal anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq "ələmə"sini məhz azərbaycanlıları uzaqlaşdırmaq üçün yaradıblar. Çünki dünyada yayımlanan heç bir "The Voice" yarışmasında bu qanun yoxdur. Bu, qeyri-qanunidir! Elnur qalib olandan sonra bu uzaqlaşdırma turuna başladılar. Gökhan və Hakan qardaşları 4 azərbaycanlı iştirakçını yarışmadan kənarlaşdırdı. Halbuki bu il məhz bu azərbaycanlılardan üçü o yarışmada furor etmişdi. Bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilib və üzə düşüb turlardan keçirtmək məcburiyyəti olacaq. SMS səsverməsinə gəlib çatsa, azərbaycanlılar onları birinci edəcəklər! Məncə səbəb budur. Bizi artıq o yarışmada istəmirlər. Uşaqların ifasının möhtəşəmliyini heç kim görməsin deyə otaqda oxuduqlarını da yayınlamayacaqlar. Əziz xalqımız bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırılıb! Güclü olaraq oranı tərk ediblər! Var olsun, istedadlarımız!".
Xatırladaq ki, əməkdar artist Aybəniz Haşımova azərbaycanlı iştirakçıların ikinci turdan keçə bilməməsində jurnalistləri günahlandırmışdı. O, müsabiqə ilə bağlı tənqidi yazıların ikinci mərhələnin gedişatına təsir etdiyini bildirmişdi.