Demək olar ki, bu yazını görən, oxuyan hər kəsin yaralı yeri, bu cür adamlar üçün ən ciddi, amma o qədər də əhəmiyyət vermədiyi əsas problemlərdən birinə toxunaq. Özüm də daxil, vecsiz olduğumuz bu məqam həyatımız üçün bir sıra problemlər yaradır, sağlığımızı aparır...Söhbət oturaq iş rejimindən gedir. Qazanmaq istəyərkən, itirdiyimiz yerdən...
KTM-in həkimlərinin birindən xahiş etdik ki, bu mövzuda bizə (həm də sizə, hamımıza) bir məsləhət versin.
Bizim işimiz həm də maarifləndirməkdir!
Oturaq iş rejiminin insan orqanizminə hansı mənfi təsirləri var?
Kliniki Tibbi Mərkəzin həkim-terapevti Nuranə Əliyeva:
“Oturaq iş rejiminin insan orqanizminə vurduğu fəsadlara toxunanda ilk növbədə metobolik sindromdan danışmaq lazımdır. Oturaq iş rejimi həmçinin şəkərli diabet, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxarır. Daimi olaraq oturaq iş rejimində çalışan insanların onurğa sütunu əyriliyi (skolioz) və xalq arasında boyun kirəclənməsi (duzlaşması) kimi tanınan osteoxondroz xəstəlikləri baş verir. Həmçinin, belə iş rejimində çalışan insanların mədə bağırsaq sistemində müxtəlif problemlər yaranır. Bu şəxslərdə qəbzlik, babasil (hemorroid) kimi xəstəliklərə rast gəlinir. Həmin insanlarda xroniki yorğunluq, depressiyaya meyllilik digərləri ilə müqayisədə daha çox müşahidə olunur.
Sadalanan problemlərin qarşısını almaq üçün ilk növbədə iş şəraitini dəyişmək mümkündürsə, dəyişdirilsin. Lakin əksər hallarda bu qeyri-mümkün olur. Ona görə də yaxşı olar ki, iş saatlarında hər saatbaşı 5-10 dəqiqəlik fasilə verilsin. Fasilə müddətində göz əzələlərini də məşq etdirmək lazımdır. İmkan daxilində yüngül idman hərəkətləri edin. Ən yaxşı üsullardan biri də gündəlik, müntəzəm olaraq idmanla məşğul olmaqdır. Çalışın ən azı 1 və ya 1.5 saat açıq havada gəzin. Bu baxımdan həm də qida rasionuna diqqət etməlisiniz. Gün ərzində hərəkət aktivliyi az olan insanlar mümkün qədər az və sağlam qidalansınlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.