Azərbaycanın ən qədim dövründən bu günə qədər tarixində döyüşçü qadın obrazını görmək olar. Bu günə qədər aparılan arxeoloji qazıntılar zamanı əlində qılınc və ox olan yüzlərlə qadın döyüşçü məzarı tapılıb. Amazonkalardan tutmuş 44 günlük müharibəyə qədər tarixin bütün dövrlərində bir çox qadın imzası və adı vardır. Bu barədə yazacam. Sizlərə Azərbaycan tarixində Əxilər gizli orderinin üzvləri olan, Səfəvi dövründə sayı 10 minə çatan Bacılar adlanan qadın savaşçılar barədə məlumat vermək istəyirəm.
“Təvarixi ali-Osman” adlı əsərdə Səlcuqlular dövründə Anadoluda məskunlaşan oğuz-türk xalqlarından bəhs edərkən Baciyani-rum (Anadolu bacıları) adlı bir birliyin adın çəkilir. Türklərin dilində “Bacılar", fars dilində “Bacıyan” adlanan bu birlik o dərəcə güclü və təsirli idi ki, qısa zamanda bölgənin bütün şəhər və qəsəbələrində ətrafına kifayət qədər üzv toplamağı bacardı.Anadoludakı türk bəyliklərinin ortadan qaldırılması və Osmanlı mərkəzi sisteminin yaradılması ilə həmin döyüşçü qadınlar Səfəvi ölkəsinə gəldilər. Gələn çox sayda qadın döyüşçü Şah İsmayılın xanımı Taclı Bəyimin liderliyində təşkilatlanmış və döyüşlərdə iştirak etmişdilər. Bunu təsdiq edən ən mühüm fakt 1514-cü ildə Çaldıran döyüşündə öldürülən qızılbaş əsgərlərinin arasında çox sayda qadın döyüşçünün meyidinin aşkar edilməsidir.
İtalyan tarixçisi Saqredo “Osmanlı İmperiyasının Tarixi” kitabında yazır:
“Çaldıran döyüşündən sonra, ərlərinin taleyini və hərbi şərəfini bölüşmək üçün kişi döyüşçü geyimində döyüş meydanına daxil olan qadınların cəsədləri aşkar edilib. Bu qadınların mərdliyi, mərdliyi və vətənpərvərliyi Səlimin heyranlığını oyatdı və o, onların hərbi şərəflə dəfn edilməsini əmr etdi”.
Çaldırandan sonra məlum oldu ki, Şah İsmayılın öz qoşunlarında 10 min nəfərə yaxın qadın atlı döyüşçülərdən ibarət xüsusi dəstəsi var idi. Farsdilli mənbələrdə, məsələn, “Tarihe Cahan Ara” və “Aləm Arayi Şah İsmayıl”da da qadın döyüşçülərin Çaldıran döyüşündə iştirakından bəhs edilir.
Taclı Bəyimin Səfəvilərdəki döyüşçü qadınların başçısı olduğu və həmin “bacılar” ilə birlikdə könüllü Çaldıran döyüşünə getdiyi bildirilir. Belə ki, Cəlalzadə Mustafa, Şükrü Bitlisi və Sucidi kimi Osmanlı müəllifləri Çaldıran döyüşündə çox sayda qadının əsir düşdüyünü yazırlar. Lakin bu Osmanlı tarixçilərinin uydurmasıdır, çünki bu təşkilata üzv olan qadınlar aşağıdakı hərbi-psixoloji təlim alırdılar
1) Döyüşdə kişilərlə bərabər iştirak etmək
2) Yaralı bacını meydanda qoyub qaçmamaq
3) Hərbiçi əsgərlə ailə qurmaq
4) Bütün silahlardan istifadə etmək
5) Ölümdən qorxmamaq
6) Əsir və yaxud girov düşməmək, belə şərait yaranacağı təqdirdə intihar etmək
7) Məzarı heç kimin bilmədiyi yerdə, adsız dəfn olunmaq
Qeyd edim ki, Bacılar hərbi birliyi Əxi gizli ordeninin üzvləri idi. Əxilər barədə bu yazımı oxuya bilərsiz
https://niyamet.wordpress.com/2015/05/27/arasdirma-az%C9%99rbaycanda-%C9%99xilik-v%C9%99-ya-%C9%99xil%C9%99r-birliyi-haqda/Bacılar hərbi birliyinin bir şüarı var idi:" aşına-işinə-eşinə sahib ol". Bu hərbi birliyə qadınlar gənc yaşlarından dəvət alırdılar. Xüsusi bir qrup Səfəvi dövlətini gəzir, döyüş ruhlu qadınları seçirdilər. Hərbi təlimlər çox ağır idi, sübh namazından axşama qədər. Orduda yeganə hərbi birlik idi ki, 32 çeşid yemək bunların menyusunda var idi. Ox atmaq, at minmək, qılınc oynatmaq, kiçik bıçaq və xəncərlərdən istifadə qaydaları təlimə daxil idi. Bunlar içərisində kəşfiyyat üçün ən xüsusiləri seçilirdi. Ən yaxşı üzgüçülük bunlara öyrədilirdi. Eyni zamanda ev işləri də bunlara ayrıca öyrədilirdi.
Taclı bəyimi qorumaq onların xüsusi missiyası idi. 16 il Tacll bəyim Şahbanu olan zaman onun ən sadiq qoruyucuları oldular. Şah Təhmasib saraydan Şahbanunu qovanda onlar Taclı bəyimi tək qoymadılar. Onun ölümündən sonra isə birlik barədə məlumatlar da azaldı. Bəzi mənbələrə görə onların bir hissəsi Şah ailəsinə xidmət etdi, bəzilərinə görə isə bir hissəsi dərviş olmaq yolunu seçdilər
Zaur Əliyev, dosent