Bu gün, çox şükür olsun ki, böyük babamız və baş tacımız Şah İsmayıl Xətayinin yeni bir əlyazma divanını təsbit etdik. Bu qiymətli əsər "Divan-i Xətayi" (ديوان خطايى) adı ilə Türkiyə Cümhuriyyəti Milli Kitabxanasında 810 inventar rəqəmi ilə qorunur.
Əsərin nə vaxt və kim tərəfindən yazılması haqqında heç bir qeyd yoxdur. Lakin, nüsxədə istifadə edilmiş yazı texnikası və vərəqlərin növünə əsasən XVII əsrin ikinci yarısına aid olduğunu güman etmək olar. Nüsxənin bəzədilmiş üz qabığı vardır və əsər çox yaxşı vəziyyətdədir.
Əlyazma əsər 33 vərəq 66 səhifədən, hər səhifə isə 15 sətrdən ibarətdir. Kitabın ölçüsü 229x159 mm, yazı ölçüsü isə148x75 mm-dir. Əsər ərəb qrafikası, təliq xətti ilə yazılmışdır. Divanın 1b-26a səhifələri Şah İsmayıl Xətayinin müxtəlif mövzularda Azərbaycan dilində yazdığı qəzəl, qoşma, gəraylı və qəsidələrini ehtiva edir. Əsərin 26b-32a səhifələri Hökmdar şairin öz deyimi ilə desək məsnəvi formasında yazılmış nəsihətnamələrindən, 32b-33b səhifələri isə Həzrəti Əlini mədh edən mürəbbelərdən ibarətdir.
Bu nüsxədə mövcud olan Şahın bəzi qəzəl və qəsidələri, Azərbaycanda Xətayinin yaradıcılığı haqqında çap olunmuş kitablarda yoxdur. Bu nöqteyi-nəzərdən, bu nüsxənin digər nüsxələrlə müqayisəli şəkildə tədqiqi, o cümlədən elmi-tənqidi mətninin hazırlanması olduqca vacibdir.
Sonda, əlyazma əsərin son səhifəsindəki son bəndi sadələşdirilmiş qrafika ilə orjinalını və transliterasiyasını yerləşdirirəm:
اي خطايى غافل اولمه دنيا فانيدر
هرنه كلديكم وجوده عالمك مهمانيدر
بو كلامى ورد ايدنمك عارفك اركانيدر
قبله گاهمدر محمد سجده گاهمدر علي
Ey Xətayi qafil olma işbu dünya fanidir,
Hər nə gəldi kim vücudə aləmin mehmanıdır.
Bu kəlamı vird edinmək arifin ərkanıdır,
Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.
Elnur Mustafayev