AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Knyaginyanın faciəli sonu

  • + A
  • - A
  • 23-11-2023, 23:21

    Knyaginyanın faciəli sonu

    Onun tam adı Elisabet Aleksandra Luise Alice von Hessen-Darmstadt idi. 1864-cü ildə anadan oldu. Atası Almaniyada Böyük Hessen hersoqu idi. 20 yaşında rus çarı II Aleksandrın kiçik oğlu Sergey ilə evlənəndən sonra Rusiyaya köçdü və burada Böyük knyaginya Yelizaveta Fyodrovna kimi tanındı.

    Onun əri 1891-ci ildə Moskvanın general-qubernatoru oldu, özü isə “Yelizaveta xeyriyyə cəmiyyəti” yaradaraq tənha qadınların böyütdüyü uşaqlara yardım göstərməklə məşğul oldu.

    Yelizaveta Fyodrovna Rusiyanı bürüyən inqilabi hərəkata, xüsusən də terrorçulara qarşı sərt rəftarın tərəfdarı idi. Çar II Nikolaya (ərinin qardaşı oğlu) məktubunda “heç kəsə rəhm etməyənlərə rəhm etmək lazım deyil” yazırdı.

    Amma öz əri Sergey Aleksandroviç 1905-ci ildə eser İvan Kalyayev tərəfindən bombalı hücum nəticəsində öldürüləndə başqa cür davrandı. Həbsxanada ərinin qatilini ziyarət etdi, onun günahlarından keçdiyini bildirdi və İncil bağışladı. Knyaginya hətta Kalyayevin əfv olunması üçün çara müraciət etdi, amma çar qəbul etmədi, Kalyayev asıldı.

    Ərinin ölümündən sonra zinət əşyalarını satdı və torpaq sahəsi alaraq Marfa-Mariya mərhəmət monastrı yaratdı. Burada xəstəxana, ambulatoriya, dərmanların bir hissəsinin pulsuz paylanıldığı aptek, pulsuz yeməkxana, uşaq sığınacağı və başqa xeyriyyə müəssisələri vardı.

    Yelizaveta Fyodrovna Moskvanın ən xaraba yerlərini gəzir və oradan uşaqları götürərək öz sığınacağında yerləşdirirdi. Onun ən kasıb adamlarla özünü bərabər səviyyədə aparmasına görə tərifləyirdilər.

    Birinci dünya müharibəsində yaralılara kömək göstərir. Bu zaman yaralı alman əsirlərini də diqqətdən kənarda saxlamır. Nəticədə, özü də alman olduğuna görə almanlara rəğbət göstərməsi haqqında şayiələr yaranır.

    Fevral inqilabından sonra Müvəqqəti hökumət çar ailəsindən fərqli olaraq, Yelizaveta Fyodrovnanı nəzarətə almadı. Oktyabr çevrilişindən sonrakı altı ayda bolşeviklər də knyaginyaya toxunmadılar. Amma 1918-ci ilin mayında həbs edildi və Permə sürgün olundu. İki ay sonra Alapayevsk şəhərinə göndərildi.

    Çar ailəsinin güllələnməsindən bir gün sonra, iyulun 18-ə keçən gecə Yelizaveta Fyodrovna və daha yeddi nəfər Alapayevskdən 18 km kənara aparıldılar, burada başlarına baltanın arxası ilə vurularaq boş dəmir filizi şaxtasına atıldılar. Şaxtaya daha sonra qumbaralar atıldı.

    Payızda Alapayevsk ağqvardiyaçılar tərəfindən tutuldu və şaxtadakı cəsədlər çıxarıldı. Amma tezliklə qırmızların hücumları nəticəsində geri çəkilən ağlar cəsədləri də özləri ilə şərqə tərəf apardılar. Sonda Yelizaveta Fyodrovnanın və Marfa-Mariya monastrının rahibəsi Varvaranın cəsədi Qüdsə aparıldı və burada dəfn olundu. Knyaginya hələ 1888-ci ildə Qüdsü ziyarət edərkən burada dəfn olunmasını istəmişdi.

    "Tarixçi" teleqram kanalı
    https://t.me/yadigarsadigli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR