AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milyonçunun dilənci xanımı 2

  • + A
  • - A
  • 4-02-2024, 21:10

    Milyonçunun dilənci xanımı 2

    Ağa Musa Nağyevin gürcü xanımı Naqiyeva – Cankorova Yelizaveta Qriqoryevna

    Bakının Çəmbərəkənd ərazisində yerləşən rus qəbiristanlığında bir sadə və unudulmuş məzar var. Üstündə belə bir yazı həkk edilib: “Naqiyeva – Cankorova Yelizaveta Qriqoryevna”.
    Bu məzarda dəfn edilən xanım vaxtilə Bakıda öz gözəlliyi və qiymətli daşlar, geyim və xeyriyyə işlərinə görə sayılıb seçilən biri olmaqla yanaşı Azərbaycanın ən varlı adamlardan birincisi, neft milyonçusu, adı Avropa və Asiyada tanınan Ağa Musa Nağıyevin ikinci qanunu həyat yoldaşı olmuş, Liza və Amal adı ilə yüksək dairələrdə tanınan yəhudi əsilli gürcü Yelizaveta Qriqoryevnadır. Cankarova onun ikinci həyat yoldaşı olan Bakı yəhudisinin soyadıdır. Birinci soyadı Naqiyeva olub.
    Milyonçunun nəvəsi, Bakıda yaşayan Dilarə Ağamusa Nağıyeva babası haqqında tədqiqatlar aparır və onun 2011-ci ildə nəşr edilən “Zamanın sorağında” kitabında yazılır ki, “Ağa Musa 1871-ci ildə Ümma Səlmə Kərbəlayi Cəfər qızı ilə evlənir. Onların 1875-ci ildə İsmayıl oğlanları, 1881-ci ildə Ümmül Banu adlı qızları dünyaya gəlir”
    Məlumat üçün bildirim ki, Ağa Musa Bəhayi təriqətinin üzvü idi. Azərbaycan ərazisində ilk mütəşəkkil Bəhayi icması 1850-ci ildə Naxçıvanda yaradılmışdır. XX əsrdən etibarən Bakı mərkəz olmaqla bəhailər Gəncə, Sabirabad kimi şəhərlərdə öz icmalarını formalaşdırmağa başlamışdılar. Musa Nağıyevi onlar öz sıralarına cəlb etmişdilər və Ağa kimi ehtiyatlı, hər addımını ölçüb biçən bir milyonçu bəhayilərə inanmış idi. Bir neçə mənbə yazır ki, Ağa Musanın onların sıralarına daxil olmasının səbəbi “ölümsüzlüyə” inanması olub ki, bəhayilər ona təlqin etmişdilər ki, bizə üzv olanlar əsla ölməyəcəklər. Milyonlar sahibi Ağa Musanın da ölmək və bu qədər var dövləti qoyub getmək qorxusu onlara inanmasına səbəb idi.
    Ağa Musa buna görə əsla Quran kitabından daha çox” bəhayi dini doktrinasının əsası olan “Kitabi-Əqdəs”-ə inanırdı və bütün şəriət məhkəmlərində ona and içərdi.
    Ağa Musadan 25 yaş kiçik olan Yelizaveta Qriqoryevna ilə milyonçunun tanışlığı da məhz bəhayilərin görüşlərinin birində olub. Qeyd edim ki, Liza xanım da bəhayi icmasının üzvü olub və yetim uşaqlara, kimsəsiz uşaqlara yardımlar etməsi ilə tanınıb. İlk görüşdə dini söhbətlər üzərində başlayan münasibət sonradan sevgiyə çevrilib.
    30 il, yəni 1889 –cu ildən 1919-cu ilədək Ağa Musa Nağıyev ilə bir yerdə yaşayıb, yalnız 1907-ci ildə Bəhayi icması onların birgə kəbinini kəsib. Lakin xanımından da boşanmayıb. Birinci və ikinci həyat yoldaşı ilə birgə uzun müddət bir evdə yaşayıblar. Nigah olana qədər Liza xanıma Ağa Musanın məşuqəsi deyirdilər. Kübar məclislərdə Ağa Musa ancaq onunla gedirdi. Mənbələr yazır ki, Yelizaveta Qriqoryevnanın üstündəki ziynət əşyalarından qızılın çəkisi təxminən 700qr., brilyant isə 10-15 karat təşkil edirdi. Yaxasına taxdığı daş qaşlar cürbəcür zərgərlik naxışlarının təsviri idi. Hamı ona qısqanclıq ilə tamaşa edirdi.
    Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında belə bir hissə var:
    “Bir dəfə milyonçuların arvadları Cəmiyyəti-xeyriyyədə “İsmailiyyə”binasında ziyafət düzəldirlər, bir-birinin bəhsinə geyinib, bəzənib gəlirlər... Deyilənə görə, həmin ziyafəti təsvir etmək mümkün deyilmiş, ləl-cəvahirat, platin-qızıl içində üzən qadınların gülüş və qəhqəhələri binanın möhtəşəm salonlarında əks-səda yaradırmış. Ağa Musanın gürcü arvadı, bəzəkdə, geyimdə, cəvahiratda birinci yeri tutur. O, başdan-başa zümrüd içində imiş, hamısı da güllər-çiçəklər, quşlar, pərvanələr şəklində; ayaqqabıları bərk vururmuş. Gürcü qızı foyeyə girəndə hamı heyrətdən içini çəkir, donub qalır. Bu əhvalat şəhərdə uzun müddət söhbət mövzusu olur.”
    Rus yazıçısı Vladimir Yankeleviç: “Qafqaz dəyirmanı” əsərində yazır ki, Liza xanım M. Ə. Rəsulzadə və Stalinlə çox yaxın dost olub. Onlarla birgə Ağa Musanın evində yığışıb ədəbiyyat, şeir və digər məsələlərdə söhbətlər ediblər. https://club.berkovich-zametki.com/?p=63078#_ftn5
    1919-cu ildə Ağa Musa Nağıyevin ölümündən sonra Yelizaveta Qriqoryevna onun nəhəng sərvətinin böyük bir hissəsinin sahibi oldu. Bir ildən çox sürən məhkəmə (02.03. 1920-ci ilədə) çıxardığı Qərara görə: - Kəbin sənədinə əsasən və boşanmaları haqda heç bir sənəd olmadığı nəzərə alınaraq, Ümma Səlmə həyat yoldaşı Ağa Musadan sonra vərəsəlik hüququna malikdir. Yelizaveta Qriqoryevna da həyat yoldaşı olaraq, bu hüququ qazanmışdır
    Buna baxmayaraq lakin ömrünün qalan hissəsini yoxsulluq içində yaşadı: Tiflis qohumları sərvətin əhəmiyyətli bir hissəsin onun əlindən aldılar Burada doğma qardaşları onu qarət edir və o, yenidən Bakıya qayıdır. Sovet hökuməti tərəfindən əlində olan digər sərvət də müsadirə edildi. 1920-ci ildən sonra Bakı Krezuslarından birinin arvadı Orlovskaya (indiki Muxtadır) küçəsindəki bərbad mənzildə yaşamağa məcbur olur.
    Daha sonralar o, milliyyətcə yəhudi olan Cankarov soyadlı bir yaşlı kişi ilə ailə qurur, ancaq ondan da övladı olmur. O, ötən əsrin 60-cı illərinin ortalarında Bakıda vəfat edib, uzun zaman aclıq çəkib. Heç kim ona yardım etməyib və beləcə səfalətli günlırin birində rəhmətə gedir və Çəmbərəkənddə rus qəbiristanlığında dəfn olunur.

    Zaur Aliyev, dosent


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR