Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin 65 yaşı tamam olur.
Bu münasibətlə aktyorun iştirakı ilə yubiley tamaşası nümayiş olunacaq. Belə ki, oktyabrın 22-də teatrın səhnəsində “Cırtdan” tamaşası nümayiş olunacaq. Tamaşadan öncə sənət dostları, tərəf-müqabilləri, həmkarları onun haqqında çıxışlar edəcək, yaradıcılığından söhbət açacaqlar.
Teatrın mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə, Aslan Miri oğlu Fətullayev 1956-cı il oktyabr ayının 20-də Lerik rayonunun Çayrud kəndində anadan olub. 1974-cü ildə indiki Bakı Humanitar Kollecinin mədəni-maarif fakültəsinə daxil olub, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1977-1982-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) mədəni-maarif işi fakültəsində təhsil alıb.
Hələ orta məktəbdə oxuyarkən teatr sənətinə həvəs göstərən Aslan Fətullayev 7 yaşından kənd mədəniyyət evində hazırlanan tamaşada çıxış etmiş və o vaxtdan da teatra könül vermişdir. 19 yaşı tamam olmamış Azərbaycan teatr tarixində yaratdığı obrazı ilə Qızıl fonda düşən ilk aktyordur. O, televiziyanın «Səhər görüşləri», «Gecə kanalı», «Komediyalar aləminə səyahət», «45 dəqiqə» kimi populyar verilişlərinin daim iştirakçısı olmuş və yaddaqalan obrazlar yaratmışdır. Kino sahəsində də öz istedad və bacarığını nümayiş etdirən Aslan Fətullayev «Mosfilm»in çəkdiyi «Oğlan və Maral» filmində fotoreportyor, «Azərbaycanfilm»in istehsal etdiyi «Cin mikrorayonda» filmində kiçik cin, «Papaq»da papaqçının dostu, «Qorxma, mən səninləyəm»də İvan Spirodonoviç, «Qətl günü»ndə zindanban, «Mozalan»ın çəkdiyi «Kapitan» satirik kino-jurnalında basketbol komandasının kapitanı kimi maraqlı rollar oynayıb.
90-cı illərdə Akademik Milli Dram Teatrında çalışan aktyor 2007-ci ildən taleyini Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb, bir-birindən maraqlı və yaddaqalan obraz və kukla personajlarına (kukla və canlı plan) özünəməxsus ifası ilə rəng qatıb.
Teatrın cari repertuarındakı “Ələddin”, “O olmasın, bu olsun”, “Zınqırovlu pişik”, “Cırdan” kimi tamaşalarda rol alır.
Mədəniyyət, teatr sahəsindəki uzunmüddətli fəaliyyətinə görə 2016-cı ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.