AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kukla Teatrının bölgələrə qastrolu davam edir

  • + A
  • - A
  • 24-03-2023, 15:04

    Kukla Teatrının bölgələrə qastrolu davam edir

    Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri həyata keçirilir.

    Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də Salyan və Lənkəran şəhərlərinə səfər edib.

    Paytaxt kuklaçıları salyanlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən “Müsyö Jordan və dərviş Məstəli şah”ı göstəriblər.

    Məlumat üçün deyək ki, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.
    Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

    Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

    Eyni gün Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq evində də olan kuklaçılar balacalara xoş anlar yaşadıblar.

    Əvvəlcə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdirən heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdiriblər.
    Novruzun əsas personajları Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim ediblər.

    Uşaq evinin rəhbərliyi mütəmadi onların qonağı olan teatr kollektivinə təşəkkür edib, onların hər gəlişinin uşaqlar üçün əsl bayram olduğunu vurğulayıb.

    Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR