AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kuklaçılar beynəlxalq festivaldan qayıdıb

  • + A
  • - A
  • 5-06-2022, 14:40

    Kuklaçılar beynəlxalq festivaldan qayıdıb

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr tədbirindən uğurla qayıdıb.
    Belə ki, kollektiv üzvləri 1-5 iyun 2022-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində baş tutan Birinci Beynəlxalq Uşaq və Gənclər Teatrları Festivalında iştirak edib.
    Gürcüstan İncəsənət və Tədqiqatlar İnstitutu və Gənclər Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu teatr tədbiri Tbilisi şəhər meriyası və YUNESKO-nun təhsil şəbəkəsinin dəstəyi ilə baş tutub.
    Keçmiş ittifaq ölkələri ilə yanaşı İran və İsveçrə kuklaçılarının da təmsil olunduğu beynəlxalq tədbirin proqramında tamaşa nümayişləri ilə yanaşı müasir uşaq və kukla teatrlarının problemləri, ümumilikdə teatrın hazırkı vəziyyəti, uşaqların təhsil və tərbiyəsində teatrın rolu, eləcə də teatrın dünyada sülhün carçısı kimi çıxış etmək missiyası ətrafında panel müzakirələr də yer alıb.
    Avrasiya Mədəniyyət Qovşağı - İpək Yolları təşəbbüslərinin inkişafı çərçivəsində reallaşan tədbirdə Beynəlxalq Teatr İnstitutu və Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) da geniş tərkibdə təmsil olunublar.
    Kuklaçılar ilk festivalda teatrın repertuarındakı milli koloritli maraqlı tamaşalardan olan M.F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası ilə təmsil olunublar.
    2012-ci ildən teatrın repertuarına daxil edilən tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyo, quruluşçu baletmeysteri Zakir Ağayevdir.
    Milli kukla teatrı elementləri ilə zəngin səhnə əsərində rolları Elmira Hüseynova, Səriyyə Mansurova, Elnur Abbasquliyev, İqbal Əliyev və Cavid Telman ifa ediblər.
    Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi azərbaycanlı teatr təmsilçiləri festival proqramından kənar da çıxışlar ediblər. Belə ki, onlar Gürcüstanın Marneuli şəhərinin azərbaycanlılar sıx yaşayan ərazilərində repertuarındakı müxtəlif tamaşalardan hissələr nümayiş etdiriblər.
    Festivalın nizamnaməsində hər hansı nominasiya olmasa da azərbaycanlı kuklaçılar beynəlxalq tədbirdə fəal iştiraklarına, eləcə də milli kukla teatrı ənənələrinin yaşadılması və inkişafındakı xidmətlərinə görə Beynəlxalq Teatr İnstitutu və festivalın təşkilat komitəsinin diplomları ilə təltif olunublar.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR