AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HÜSEYN CAVİDİN “QIZ MƏKTƏBİNDƏ” ŞEİRİNDƏ VAHİD ALLAH İNANCI - ŞƏRH

  • + A
  • - A
  • 17-04-2023, 09:47

    HÜSEYN CAVİDİN “QIZ MƏKTƏBİNDƏ” ŞEİRİNDƏ VAHİD ALLAH İNANCI - ŞƏRH

    ATİF İslam oğlu İSLAMZADƏ,
    Filologiya üzrə fəlsəfə doktoru, dosent

    H.Cavidin Vahid Allah inancı daşıdığı, bütün əsərlərini zahiri və daha dərin səviyyədə Allah sevgisi ilə ifadə etdiyi onun məşhur “Qız məktəbində” şeirində aydın görünür. Şairin düşüncə modelinin sabit olduğunu bəyan etmək üçün bu şeiri olduğu kimi tam şəkildə təqdim edirik:
    – Quzum, yavrum! Adın nədir?
    – Gülbahar.
    Pəki, sənin anan, baban varmı?
    – Var.
    Nasıl, zənginmidir baban?
    – Əvət, zəngin, bəyzadə...
    – Öylə isə, gеydiyin gеyim niçin böylə sadə?
    Yoqmu sənin incilərin, altın biləziklərin?
    Söylə, yavrum! Hiç sıqılma...
    – Var əfəndim, var... lakin
    Müəlliməm hər gün söylər, onların yoq qiyməti,
    Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
    – Pək doğru söz... Bu dünyada sənin ən çoq sеvdiyin
    Kimdir, quzum, söylərmisin?
    – Ən çoq sеvdiyim ilkin
    O Allah ki, yеri-göyü, insanları xəlq еylər.
    – Sonra kimlər?
    – Sonra onun göndərdiyi еlçilər.
    – Başqa sеvdiklərin nasıl, yoqmu?
    – Var...
    – Kimdir onlar?
    Anam, babam, müəlliməm, bir də bütün insanlar... (1, 49).
    Göründüyü kimi, H.Cavid bu şeirində öz baxışlar sistemini geniş səviyyədə ortaya qoyur. Yaradanın və yaradılışın mahiyyəti, Uca Allahın ən çox, ən ilkin sevilməsinin vacibliyi, onun seçdiyi peyğəmbərlərin birmənalı olaraq qəbul olunması və Allahu-Təalanın əmrlərinin dinlənilib əməl olunması, valideynlərin, müəllimlərin və bütün insanların sevilməsinin gərək olduğu sabahı müjdələyən məktəblinin dlində nə qədər böyük ustalıqla oxucuya və dinləyiciyə təqdim olunmuşdur. Biz bu şeiri H.Cavidin milli-bəşəri məfkurəsi olaraq qəbul edirik.
    “Qız məktəbində” şeirində mövcud situasiyanın məktəbdə olması da təsadüf deyil Uca Allahın insanlara ilk əmri məhz “oxu əmri” olmuşdur. Mübarək Qurani-Kərimin ilk surəsi olan “Alak” surəsinin ilk ayətində Uca Allah insanlara buyurur:

    بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحٖيمِ
    اِقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذٖي خَلَقَۚ ﴿١﴾ ( 2, 597) )
    Bismillahir-Rəhmanir-Rəhim,
    İkra biismi Rabbukə əllədi-xalak
    (Rəhman və Rahim Allahın ismi ilə,
    Xəlq edən Rəbbinin ismiylə oxu).
    Təbiidir ki, oxumağın vəzifə olduğu yerdə Uca Allahın əmrinin sabahın baharında gül açacaq nəslindən-yenilikdən (mətndə məhz Gülbahar adlı cocuqla bu anlam işarələnir) məntiqi nəticə ilə öyrənilməsi H.Cavidin milli məfkurəsinin inanc səviyyəsində işarəsidir. Mətndə Gülbahar tərəfindən var-dövlətin, zənginliyin, geyimin, altunun, incinin bir mənası olmadığı, müəllimənin hər gün söylədiyi bilginin və ismətin, tam mənasında əxlaqın vacib olduğu Cavidin gələcək üçün arzularıdır. Eyni zamanda şeirdə poetik baxımdan folklor spesifikası özünü aydın göstərir. Dialoq əsasında qoca və uşaq arasında qurulan rabitə “atalar və oğullar” motivinin ( 3, 39-53) bədii səviyyədə ifadəsidir. Görünüş əsas deyil, mahiyyət əsasdır. Burada qız cocuğu da oğul anlamında işarələnmiş, gələcəyin müjdəsi kimi proyeksiyalanmışdır. Bu gün Türkiyə türkcəsində qız cocuqlarına da “qız qardaş” deyilməsi qızın da oğul anlamında işləndiyini aydın göstərir. Həyatı boyu tüklük davası aparan, əsərlərini repressiyya dövründə belə osmanlı ləhcəsi ilə yazan, Türkiyədə böyük təhsil və ideya yolu keçən H.Cavidin bu kimi baxış sistemi təbiidir ki, bu kimi düşüncə tərzinin formalaşmasında mühüm rol oynamışdır. Millət və ümmət məsələsinin bir-birinə qarşı deyil, bir-birini tamamlaması, Uca Allaha sevgi, valideynlərə, müəllimlərə, millətə və bütün insanlığa məhəbbət borcu islamın mahiyyətindən gəlir. Mahiyyətdən çıxanların yoluna H.Cavidin bu manifesti gur çıraq kimi işıq sala bilər.

    QAYNAQLAR:

    1. Cavid H. Əsərləri. Bеş cilddə. I cild. Bakı: Lidеr nəşr, 2005.
    2. Kur’an-i Kerim (arapça) Diyanet İşleri Başkanlığı Yayınları, 5. Baskı, 2018, İstanbul, Türkiye.
    3. İslamzadə K. “Ata ilə oğulun döyüşməsi” ənənəvi süjetinin modifikasiyaları / “Folklorşünaslıq məsələləri”, VII buraxılış. Bakı, 2009.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR