Bu tərəvəzlə süd vəzi xərçənginə qalib gəlmək olar: 70 qadın üzərində...
Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər.
Tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb.
Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi.
Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir.
Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb.
10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır.
Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir:
"Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur".
Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər. (publika.az)