AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1990-cı il 20 Yanvar tariximizin qəhrəmanlıq və şərəf səhifəsidir

  • + A
  • - A
  • 19-01-2022, 15:15

    1990-cı il 20 Yanvar tariximizin qəhrəmanlıq və şərəf səhifəsidir

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən bəhs edərək bildirib ki, həmin tarix Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir: “Bəşəriyyətə və insanlığa qarşı bu terror aktı beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən, SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu faciə Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazdılar və 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər”.

    Ə.Salahzadə qeyd edib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi 20 Yanvar faciəsinin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət olduğunu təsdiqləyir: “Faciənin hüquqi-siyasi qiyməti ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Vətəninə, dövlətinə, xalqına bağlılığını atdığı hər addımında təsdiqləyən ulu öndər Heydər Əliyev məlum bəyanatı ilə xalqımızın kədərini bölüşməklə yanaşı, terror aktına ilk həqiqi siyasi qiymət vermişdir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Bu gün hər birimizin and yerinə çevrilən Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi. Son 18 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrini, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə daim diqqət göstərir, həyata keçirilən sosial siyasətdə bu kateqoriyadan olan insanlara qayğı əsas yer tutur. Müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi hamımız üçün əzizdir. Onlar bu qəhrəmanlıqları, Vətənə, torpağa bağlılıqları ilə bir vətənpərvərlik məktəbi yaratdılar. Bu məktəbdən neçə-neçə nəsillər öyrənəcək, belə qəhrəmanlarımızla qürur duyacaqlar.”

    Deputat vurğulayıb ki, iki ildir 20 Yanvar faciəsinin ildönümünü torpaqlarımızın işğaldan azad edilməsindən keçirdiyimiz qürura söykənərək qeyd edirik: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində 30 ilin işğalına son qoyuldu. Azərbaycanın adı qalib ölkə, Prezident İlham Əliyevin adı qalib Sərkərdə kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycanın diplomatik mübarizədə Qələbəsi döyüş meydanında üstünlüyünü təmin etdi. 30 ilə yaxın dövrdə himayədarlarının hesabına silahlandırılan, yeni ərazilər uğrunda müharibə planları hazırlayan Ermənistanın illərdir yaratdığı miflər darmadağın edildi, diz çökdürüldü, bu torpaqların əsl sahibinin kim olduğu dünyaya çatdırıldı. Atılan hər addım  xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu təsdiqləyir”.

    Ə.Salahzadə bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün də təsis edilməsi Azərbaycan dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu  təsdiqləyir: “Milli ruhda, vətənpərvərlik ruhunda böyüyən gənclərimizin Ali Baş Komandanın “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qəbul edərək silaha sarılmaları, qürurumuz, milli kimliyimiz kimi dəyərləndirilən tarixi Zəfərə imza atmalarının yaratdığı sevinci hər zaman xalqımızla bölüşən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Müzəffər Ordumuzun  yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR