AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: İdarəetmə sahəsində müsbət təcrübə əldə olunub

  • + A
  • - A
  • 20-07-2022, 11:30

    Əliabbas Salahzadə: İdarəetmə sahəsində müsbət təcrübə əldə olunub


    “Dövlət başçısı iyulun 15-də keçirilən müşavirədə diqqəti cari ilin 6 ayının sosial-iqtisadi göstəricilərinə yönəldərək bildirdi ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Azərbaycanın iqtisadi qüdrətinin artması fonunda güclü sosial siyasətin həyata keçirilməsi, bugünümüzün əsas çağırışları sırasında yer alan ordu quruculuğu sahəsində atılan addımlar, tarixi sahibinə qovuşan torpaqlarımızda ilyarımdan artıq dövrdə görülən bərpa və quruculuq işlərinin geniş miqyas alması da deyilənləri təsdiqləyir. Tarixi Zəfərimizin əsas reallıqlarından olan bərpa-quruculuq işlərini Azərbaycan ancaq öz daxili imkanları hesabına həyata keçirir. Uğurlarımızın davamlılığının, hər ilin yüksək göstəricilərlə başa vurulmasının əsas hədəf kimi qarşıya qoyulması möhkəm təmələ, həyata keçirilən təkmil islahatlara, Azərbaycanın əldə olunan uğurlarla kifayətlənməyib daim irəli baxmasına əsaslanır. Ölkəmizin neft gəlirlərindən səmərəli istifadə edərək qeyri-neft sektorunun inkişafına da nail olması qarşılaşdığı hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını şərtləndirir”.

    AzadMedia.az xəbər verir ki, Əliabbas Salahzadə diqqətə çatdırıb ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları daha da yaxınlaşdırır, həm iştirakçı, həm də dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin edir: “Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqətindədir. İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladığı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu da bunun təsdiqidir. Hər iki tərəf əlaqələrin genişləndirilməsində nə qədər maraqlı olduğunu imzaladıqları sənədlər və onlardan irəli gələn vəzifələrin uğurlu icrası ilə təsdiqləyirlər. Dövlət başçısı mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”.

    Millət vəkili vurğulayıb ki, ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin mövcudluğu investisiya axınının sürətlənməsində mühüm rol oynayır: “Dövlət başçısı İlham Əliyev müşavirədə bir daha bu çağırışı etdi ki, əsas məqsədimiz qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır. Bütün ilkin şərtlər var. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərir ki, Azərbaycan bütün öhdəlikləri yerinə yetirir. İnvestorların əsas diqqət göstərdikləri məsələlərdən biri yatıracaqları investisiyaların nə dərəcədə qorunması və çalışdıqları dövlətin öz öhdəliklərinə nə dərəcədə sadiq olmasıdır. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan xaos, anarxiya ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olsa da, 1993-cü ildən başlanan Heydər Əliyev yolu bu tərəddüdləri aradan qaldırdı. Xarici iş adamları ölkəmizdə mövcud sabitliyi, biznes mühitini təqdir edir, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmindirlər. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan investisiya cəlbediciliyini qoruyur. Tezliklə işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri başa çatdırılacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək”.

    Əliabbas Salahzadə Azərbaycanın uğurlarında dövlətimizin həyata keçirdiyi islahatlar kursunun əhəmiyyətini də xüsusi qeyd edib: “Kadr islahatları, gənclərin idarəçilikdə irəli çəkilmələri öz aktuallığını qoruyur. Müasir dövrün əsas çağırışlarından biri gənclərin yüksək biliyə, dünyagörüşə malik olmaları, yeni texnologiyaların inkişafına öz töhfələrini vermələridir. Dövlət başçısı İlham Əliyev müşavirədə gənclərin xaricdə təhsil almalarına xüsusi diqqət göstərməsindən bəhs etdi. Bir mühüm məqamı da qeyd edək ki, dövlətimizin siyasətində gənclərə diqqətin xüsusi yer tutması irəli sürdüyü beynəlxalq səviyyəli təşəbbüslərində də özünü qabarıq şəkildə göstərir. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə yanaşı, Gənclər Şəbəkəsinin də yaradılması təşəbbüsü ilə çıxış etdi və dəstək qazandı. Yaxın günlərdə Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Azərbaycan belə bir təşəbbüsü ilə qurumun üzv dövlətlərinin gənclərinin bir araya gələrək bugünümüzün reallıqlarına necə yanaşdıqlarını görmək istəyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. Ölkəmizin bu təcrübəsi də beynəlxalq səviyyədə dəstəklənir. Qoşulmama Hərəkatının Gənclər Sammiti Azərbaycanın bu təcrübəsinin təqdimində mühüm rol oynayacaq”.

    Millət vəkili bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirənin Azərbaycanın ötən dövr ərzində qazandığı uğurlara işıq saldığını önə çəkərək ifadə edib ki, 2022-ci il də Azərbaycan tarixinə uğurlu il kimi yazılacaq. Bu il, eyni zamanda, Böyük Qayıdışın ilk addımının atıldığı il kimi də xarakterizə ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR