Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 14 sentyabr tarixində Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsindəki çıxışında qeyd etmişdir ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.
Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya Dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət Başçısının dediyi kimi, “mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməliyik”.
Xüsusi olaraq vurğulanmalıdır ki, həm ikitərəfli, həm də də çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət həyata keçirilir, beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq dövlətlərimizin suverenliyini və ərazi bütövlüyünü dəstəklənir, iqtisadi əlaqələrinin inkişafında müsbət dinamika müşahidə olunur. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye sahəsində əməkdaşlıq, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir.
44-günlük Vətən müharibəsindən sonra nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarının artması əyani formada nümayiş etdirir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Qeyd edilənlər bir daha göstərir ki, dünyada cərəyan edən global proseslərin fonunda Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığı böyük önəm daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.