AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanı Böyük Zəfərlərə aparan Lider

  • + A
  • - A
  • 10-10-2023, 11:58

    Azərbaycanı Böyük Zəfərlərə aparan Lider

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin I-ci müavini cənab İlham Əliyevi dəstəkləməyə çağıraraq demişdir ki, ”o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ümummilli Liderin bu tarixi çağırışına dəstək verən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı cənab İlham Əliyevi böyük ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da ölkədə əldə edilən siyasi sabitliyə, davamlı inkişafa səs verdi.

    Bütün sahələr üzrə nəticəvi siyasət aparan Ölkə Başçısı ötən dövr ərzində Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirmiş, beynəlxalq arenadakı mövqelərini möhkəmləndirmiş, dövlətimizin regional statusunun əhəmiyyətli dərəcədə yüksəldilməsinə nail olmuşdur. Qeyd etmək lazımdır ki, qazanılan böyük uğurların, əldə edilən nailiyyətlərin ən ümdə məqsədi uzun müddət davam edən işğala son qoyulması, bayrağımızın bütün ölkə ərazisində dalğalanması olmuşdur.

    Müasir standartlara uyğun ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin dayanmadan artırılması, ən yeni hərbi texnika ilə ordumuzun təchiz edilməsi daima Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Burada bir daha Ulu Öndərin tarixi sözləri yada düşür: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik… Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi strategiyasını döyüş meydanında möhtəşəm formada həyata keçirən Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusuna sarsıdıcı zərbələr endirərək, ərazi bütövlüyümüzü bərpa etdi, beynəlxalq hüququn aliliyini təmin etdi. Döyüş meydanında əldə edilən Zəfər və Ermənistanın kapitulyasiyası müstəqillik tarixinin ən parlaq səhifəsi olmuşdur və xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtmışdır.

    İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünün təmin edilməsini möhtəşəm şəkildə lokal antiterror təbdirlərinin həyata keçirilməsi və Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edilməsi tamamladı. Uzun illərdən boyu həsrətlə gözlədiyimiz Böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətin təntənəsi idi. Ölkəmizin konstitusiya-hüquq nizamının bütövlükdə ərazimizdə bərpa olunması bir daha sübut etdi ki, heç bir dövlət, dövlətlərin qrupu yaxud beynəlxalq təşkilat Azərbaycanın daxili işlərinə qarışa bilməz və hansısa məsələdə onların bizə diktə etməsi imkansızdır.

    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda ən ciddi söz sahibidir və müasir beynəlxalq münasibətlər sistemində praqmatik, müstəqil xarici siyasət apararaq, özünəməxsus yeri tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR