AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətiyyətli mövqe

  • + A
  • - A
  • 20-10-2023, 11:37

    Qətiyyətli mövqe

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    15 oktyabr 2023-cü il Azərbaycan xalqı üçün tarixi bir gün oldu. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 15 oktyabr həm də Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci il dönümüdür. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ulu öndər Heydər Əliyevin davamçısı cənab İlham Əliyevi dəstəkləyən, onu ölkə rəhbəri görmək istəyən Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı.

    İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. 20 il tarix üçün o qədər də uzun müddət deyil, amma bu vaxt ərzində olanlar regionda geosiyasi vəziyyəti dəyişdi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Müasir Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ölkəmiz onlarla beynəlxalq tədbirlərə ev sahibliyi edir, siyasi, iqtisadi birliklərin yaradılması təşəbbüsü ilə çıxış edir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.

    Müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordunun rolu danılmazdır. Dövləti güclü edən əsas səbəblərdən biri güclü ordu quruculuğudur. Güclü ordu yaradıb onu saxlamaq üçün dövlətin güclü iqtisadiyyatı olmalıdır. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Biz haqlı olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətınə xidmət edən Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, həm də keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.

    44 günlük Vətən müharibəsi sona çatandan sonra da biz şəhidlər verdik. Bu səbəbdən antiterror tədbirləri qaçılmaz idi. Ermənistan bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Cənab Prezidentin qətiyyəti buna imkan vermədi. Torpaqlarımızda erməni terroristlərinin yuva saldığı günlər geridə qaldı. Şükürlər olsun, bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Prezident İlham Əliyevin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR