Cənubi Qafqazda gərginlik müşahidə olunur. Rəsmi Parisin Ermənistana silah satışını həyata keçirməsi heç də xoş hal deyil.
Məsələ ilə bağlı AzadMedia.az-a açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov ermənidən çox ermənilik edən Fransanın regiondakı qızışdırıcı mövqeyini pisləyib:
“Əvvəla, Fransa dünyada müstəmləkəçi dövlət kimi tanınır. Ona görə də C.Qafqaza bu prizmadan yanaşır. Sirr deyil ki, Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi qurulur. Proses bu gün də davam edir. Təbii ki, regionda təhlükəsizlik sisteminin qurulmasını Fransa da daxil olmaqla, bir çox dövlətlər anlayır. Burda əsas məsələ Ermənistandan istifadə edərkən Rusiyanın nüfuzunu aşağı salmağa çalışmaqdır. Çünki Rusiya hər zaman deyirdi ki Cənubi Qafqaz bizim üçün önəmlidir. Bu gün isə Qərb hər yerdə olmaq istədiyi kimi, C.Qafqazda da bunu arzulayır. 2023-cü ildə Belçikada keçirilən üçtərəfli görüş zamanı zarafatla demişdim ki “Ermənistan ora subyekt kimi getmişdi obyekt kimi qayıtdı”. Aydındır ki, Ermənistana hörmət etmirlər. Əsas məsələ Rusiya faktorudur”
Sabiq XİN başçısı Qərbin Rusiyanı Cənubi Qafqazdan tam çıxara biləcəyini zənn etmir:
“Əsas məqsəd Rusiyanın regiondakı nüfuzunu aşağı salmaqdır. Ona görə də C.Qafqazı gərginləşdirməklə məşğuldurlar. Vaxtilə Ruisya ilə danışıqlar aparanda deyirdim ki əsgərləri göndərirsiz, Ermənistanı silahlandırırsız. Bu gücdür. Halbuki ən yaxşısı yumşaq gücdür. İqtisadi yolla dəhlizləri açaq dəmiryolları tikdirək və sairə. Bir məqamı da qeyd edim. Bu gün Rusiya Ermənistana satdığı qazı 10 dollara qaldırsa, Ermənistanın iqtisadiyyatı çökəcək. Digər məsələlərə toxunmuram, eləcə qazın qiymətini deyirəm. Vəziyyəti özünüz təsəvvür edin. Rusiyanın əlində rıçaqlar çoxdur”.
Elmar Məmmədyarov Fransanın C.Qafqaza əl uzatmasında Türkiyə faktorunu da vurğulayıb:
“Çünki 44 günlük Vətən müharibəsindən sonra Türkiyənin nüfuzu regionda çox artıb və heç şübhəsiz ki, Fransa bunu həzm edə bilmir”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.