AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL

  • + A
  • - A
  • 23-11-2024, 17:50

    Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL

    Noyabrın 11-də başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatmaq üzrədir. Konfransın davam etdiyi 12 gün ərzində dünya ölkələrinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri Bakıda bir araya gələrək bütün bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyinin həlli yollarını müzakirə etdilər.

    Yüksək səviyyədə təşkilatçılıq

    Əvvəla onu qeyd edək ki, COP29-da 196 ölkədən 72 min nümayəndə iştirak etdi. Onların içərisində dövlət başçılarından tutmuş, sıravi ekofəallara qədər müxtəlif şəxslər var idi. Üstəlik fikir ayrılıqları da yetərincə idi. Lakin qonaqların böyük əksəriyyəti bir məsələdə həmfikir görünürdülər: Azərbaycanın uğurlu təşkilatçılığı.

    Doğrudur, COP29 adından göründüyü kimi Birləşmiş Millətlər Təşkilatının tədbiri idi, Azərbaycan isə ev sahibi qismində çıxış edirdi. Ancaq Azərbaycan tədbirin yüksək səviyyədə təşkil olunması, qonaqların rahatlığı üçün əlindən gələni etdi və konfransı uğurla təşkil etməyi bacardı.

    Qonaqların açıqlamalarına qısaca nəzər salmaq, onların Bakıdan nə qədər xoş təəssüratlarla ayrıldıqlarını görmək üçün yetərlidir. Hətta bir sıra hallarda xarici siyasətdə mövqelərimizin üst-üstə düşmədiyi ölkələrin rəsmiləri belə COP29-un nə qədər uğurla təşkil olunduğunu açıq şəkildə bildirirdilər.

    COP29-un məqsədi bəlli idi

    Hələ COP28 başa çatandan bəri COP29-un əsas müzakirə mövzusunun inkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi ilə bağlı konkret öhdəliklər götürməsi olacağı bəlli idi. Yəni, iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşməyə ehtiyacı olan kiçik ada dövlətləri, Afrika ölkələri də Bakıya məhz bu ümidlə gəlmişdilər. İqlim dəyişikliklərinin əsas səbəbkarları olan inkişaf etməkdə olan ölkələr də COP29-a nə üçün gəldiklərini bilirdilər.

    Ancaq danışıqların hazırki gedişinə əsasən, iqlim maliyyələşməsi ilə bağlı hədəfin əldə olunmayacağı ehtimalı daha çoxdur. Çünki inkişaf etməkdə olan ölkələr 600 milyard dollardan aşağı olan hər hansı maliyyələşməni qəti şəkildə rədd edirlər. İnkişaf etmiş Qərb bloku isə maksimum 300 milyard dollar təklif edirlər. Aradakı fərqin böyük olması ortaq nəticəyə gəlmək ehtimalını da azaldır.

    Kimdir müqəssir?

    Təbii ki, kiçik ada dövlətləri və Afrika bloku öz tələblərində sonuna qədər haqlıdırlar. Çünki iqlim dəyişikliyində onların payı cüzidir, ancaq ən çox zərəri onlar görürlər. Buna görə də temperaturun artmasının əsas baiskarları olan Qərb ölkələrindən iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə tələb edirlər.

    Qərb ölkələri isə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məntiqi ilə hərəkət edirlər. Nə günahlarını boyunlarına alırlar, nə də əməllərinə görə yetərli kompensasiyanı ödəmək istəyirlər.

    Konkret olaraq isə yekun hədəfin əldə olunmamasının əsas səbəbkarı Avropa İttifaqıdır. Onlar öhdəliklərdən qaçmaq üçün hər məsələni siyasiləşdirmək, süni maneələr yaratmaq yolunu seçdilər.

    Məsələn, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen müzakirələrdə ən fəal şəkildə iştirak etməli olan şəxs idi. Ancaq o, heç COP29-a qatılmadı. Əvəzində Braziliyaya yollanıb G20 sammitində iştirak etməyi seçdi. Təkcə bu fakt Aİ-nin öz məsuliyyətinə nə qədər laqeyd yanaşdığının göstəricisidir.

    Avropanın ən güclü iqtisadiyyatına malik Almaniyanı COP29-da təmsil edən xarici işlər naziri Annalena Berbok isə iqlim dəyişikliyindən daha çox siyasi açıqlamaları və şəxsi həyatı ilə gündəmdə oldu. O, Bakıda olduğu dövrdə ya Azərbaycanın ünvanına haqsız ittihamlar səsləndirdi, ya da həyat yoldaşından boşanma xəbərləri ilə Qərb mətbuatının gündəmini işğal etdi. Hətta əldə etdiyimiz məlumata görə, Berbok paytaxtımızda gününün böyük hissəsini geyim butiklərini gəzməklə və qaldığı hotelin masaj salonunda dincəlməklə keçirib.

    Baydenin son addımları

    Son günlərini yaşayan Bayden Administrasiyasının Ukrayna münaqişəsindən tutmuş, Çinlə əlaqələrə qədər ABŞ-ın bütün xarici siyasətində Trampa problemlər miras qoymaq niyyəti aydın şəkildə sezilir. Bu, iqlim maliyyələşməsində də özünü göstərdi. Sırf Trampı daha çox problemlə üz-üzə qoymaq üçün Ağ Evin indiki sahibləri COP29-u bacardıqca gözardı etməyə çalışdı. Hələ COP29 başlamadan əvvəl tədbirə yüksəksəviyyəli ABŞ rəsmilərinin gəlməyəcəyinin elan olunması bunun əyani sübutudur.

    Qərb yenə bildiyini edir...

    Göründüyü kimi, Qərb ənənəvi xarakterini COP29-da da göstərir. Avropa ölkələri başda olmaqla, Qərb özünün yaratdığı iqlim fəlakətlərinin məsuliyyətindən qaçmaq üçün hər cür süni maneəni yaradır. Gah süni gündəmlərlə iqlim məsələsini gözardı etməyə çalışır, gah da məsuliyyətlərini başqalarının üzərinə atmaq taktikasını seçirlər.

    Qərbin bu riyakarlığından isə ənənəvi olaraq kiçik ada dövlətləri və Afrika xalqları əziyyət çəkməyə davam edirlər.

    Bizim.Media


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR