Məşhur Məmmədov,
Milli Məclisin deputatıAzərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Bu sırada İtaliya ilə münasibətlərimiz həm tarixi köklərə, həm də strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Hələ Cümhuriyyət dövründə diplomatik münasibətlərin qurulması iki ölkə arasındakı əlaqələrin başlanğıcı olmuşdur. Lakin müstəqilliyin bərpasından sonra münasibətlər tamamilə yeni mərhələyə qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfəri dövlətlərarası əlaqələrin inkişafında dönüş nöqtəsi oldu. Həmin səfərdən sonra ikitərəfli münasibətlər daha da genişləndi, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın təməli möhkəmləndi.
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan-İtaliya tərəfdaşlığı ən yüksək zirvəyə çatıb. Dövlət başçımızın müxtəlif illərdə İtaliyaya etdiyi rəsmi və dövlət səfərləri, eləcə də İtaliya rəhbərlərinin Bakıya səfərləri bu münasibətlərin dinamik şəkildə inkişaf etdiyini nümayiş etdirir. Bu gün İtaliya Azərbaycanın Avropada ən yaxın dostu, ən böyük ticarət və enerji tərəfdaşıdır.
İqtisadi göstəricilər də bunu təsdiq edir. Təkcə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarını ötüb. İtaliya Azərbaycanın xam neft və qaz ixracında əsas istiqamətlərdən biridir. Trans-Adriatik qaz kəmərinin uğurla istifadəyə verilməsi isə həm Avropanın enerji təhlükəsizliyinə, həm də İtaliyanın enerji balansına böyük töhfə verdi.
Əlaqələrimiz təkcə enerji ilə məhdudlaşmır. Mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyəti İli” elan olunması xalqlarımızı daha da yaxınlaşdırdı. Heydər Əliyev Fondunun Romada və Vatikanda həyata keçirdiyi layihələr isə iki dövlət arasında dostluq körpüsünü daha da möhkəmləndirdi.
Son illərin ən mühüm təşəbbüslərindən biri isə Prezident İlham Əliyevin ideyası əsasında yaradılan İtaliya-Azərbaycan Universitetidir. Bu ali məktəb təkcə təhsil mübadiləsinə deyil, həm də gələcək nəsillərin bir-birinə daha yaxın olmasına xidmət edir. Burada təhsil alacaq gənclər ölkələrimiz arasında sarsılmaz dostluğun canlı daşıyıcıları olacaqlar.
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana son rəsmi səfəri bir daha göstərdi ki, dövlətlərimiz arasında münasibətlər səmimi dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu səfər əməkdaşlığımızın daha da genişlənməsinə, yeni istiqamətlərdə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.
Azərbaycan-İtaliya münasibətlərinin möhkəm bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulub, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə isə hərtərəfli inkişaf etdirilir. Əminəm ki, bu əlaqələr qarşıdakı illərdə daha da güclənəcək, xalqlarımızın rifahına və bölgənin sabitliyinə xidmət edəcək.