Xanlar Fətiyev,
Milli Məclisin deputatıBu gün Cəbrayıl şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 5-ci ili tamam olur. 2020-ci il oktyabrın 4-də şəhərin azad olunması Vətən müharibəsinin ilk mühüm uğurlarından biri kimi hərbi əməliyyatların sonrakı gedişatına əhəmiyyətli təsirini göstərdi, ordumuzun döyüş ruhunu, xalqımızın qələbə əzmini daha da yüksəltdi. Bu hadisə düşmənin döyüş meydanında tam məğlub ediləcəyi tarixin uzaqda olmadığını göstərdi.
Vətən müharibəsinin ilk həftəsində Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi, o cümlədən Suqovuşan kəndi işğaldan azad olundu. Cəbrayıl isə 44 günlük müharibədə azad edilən ilk şəhərimizdir. Bu baxımdan 27 il işğal altında qalan şəhərin azad edilməsi Azərbaycanın Vətən savaşında qazandığı ilk strateji uğur oldu. Cənab Prezident İlham Əliyevin bu tarixi hadisə münasibətilə müraciət edərək təbriklərini çatdırması, «Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» -deyə bəyan etməsi xalqımızın qələbə ovqatını daha yüksəltdi.
Cəbrayıl şəhərinin azad olunmasından sonra ortaya çıxan acınacaqlı mənzərə erməni vandallığının və barbarlığının növbəti nümayişi oldu. İşğal dövründə düşmən digər şəhər və kəndlərimiz kimi Cəbrayılda da daşı daş üstə qoymamışdı. Vətən müharibəsinin başa çatmasından sonra, 2020-ci il noyabrın 17-də Cəbrayıla səfər edən cənab İlham Əliyev şəhərin bərpa ediləcəyini, burada inzibati və ictimai binaların, məktəblərin, tibb ocaqlarının inşa ediləcəyini, bütün infrastrukturların yaradılacağını bəyan etdi. 5 il böyük zaman kəsiyi deyil. Lakin bu dövrdə Cəbrayıl şəhərində və ümumilikdə Cəbrayıl rayonunda həyata keçirilən bərpa və quruculuq işləri cənab Prezidentin sözlərinin sürətlə həyata vəsiqə aldığını göstərir. Dövlət başçısının dediyi kimi, Cəbrayıl bərpa edilir, dirçəlir və yenidən həyata qayıdır. 2020-ci ildən başlayaraq həm şəhərin, həm də bütövlükdə rayonun yenidən qurulması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.
Bütün bunların nəticəsi kimi rayonda həyat öz axarına qayıtmağa başlayır. Cəbrayıl şəhərində artıq yaşayış var. 1993-cü ildə evlərini tərk etməyə məcbur olan şəhər sakinləri ötən ildən başlayaraq doğma yurda qayıdırlar. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikamızın müxtəlif ərazilərində məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin sentyabrın 26-da yola salınıb. Həmin gün şəhərə 36 ailə - 117 nəfər qayıdıb. Ümumilikdə isə, ötən bir il ərzində Cəbrayıl şəhərinə 2900 nəfərə yaxın keçmiş məcburi köçkün qayıdıb. Baş plana əsasən 2026-cı ilin sonunadək şəhərdə təqribən 3800 nəfər, 2040-cı ilin sonuna qədər isə 15 min nəfər sakinin qayıtması nəzərdə tutulur.
Cəbrayıl şəhərində salınan ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Ötən il oktyabrın 4-də açılışı olan kompleks 33 yaşayış binasından ibarətdir. Bu binalarda 712 mənzil var. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə keçmiş məcburi köçkünlərə təqdim olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra ilk səfər etdiyi rayonlardan biri Cəbrayıl olub. Ümumilikdə isə indiyədək dövlətimizin başçısı Cəbrayıl rayonuna 10 dəfə səfər edib. Hər bir səfər rayonun və Cəbrayıl şəhərinin həyatında əlamətdar hadisəyə çevrilib, təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Cəbrayıl şəhərinin yenidən qurulması ilə yanaşı, rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin də təməli qoyulub.
Cəbrayılın bərpası da digər rayonlarımız kimi kompleks şəkildə həyata keçirilir. Cəbrayıl şəhərinin və kəndlərin yenidən qurulması ilə yanaşı, rayonda yeni infrastrukturlar yaradılır, doğma yurduna qayıdan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək rayonda enerji və yol infrastrukturlarının yenidən qurulması istiqamətində onlarla layihənin təməli qoyulub və onların bir qisminin icrası başa çatdırılıb. Cəbrayılda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yalnız rayonun deyil, bütün Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi prioritetləri baxımından böyük əhəmiyyət kəsb edir. Əsas fəaliyyət istiqamətləri kimi burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri yaradılır. Hazırda burada investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
İndiyə qədər görülən işlərin miqyası göstərir ki, Cəbrayılın bərpası və quruculuğu möhtəşəmdir. Rayon sürətlə dirçəlir, doğma sakinlərinə qucaq açır, Azərbaycanın zəfərini və yüksəlişini dünyaya bəyan edir.
Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olunub. Sözügedən Sərəncama əsasən 4 oktyabr tarixi ölkəmizdə Cəbrayıl şəhəri günü kimi qeyd olunur. 2020-ci ilin payızına qədər biz Cəbrayılın işğalından kədərlə bəhs edirdik. Bu gün isə xalqımız Cəbrayılın azad olunduğu tarixi, Cəbrayıl şəhəri gününü fərəhlə qarşılayır və qeyd edir. Bu, xalqımızın şərəfli tarixi, zəfər yürüşünün qürur doğuran səhifəsidir.