AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əsir və girovların dəyişdirilməsi yaxın vaxtlarda baş tuta bilər” - MÜJDƏ

  • + A
  • - A
  • 27-04-2019, 14:56

    “Əsir və girovların dəyişdirilməsi yaxın vaxtlarda baş tuta bilər” - MÜJDƏ















    Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində əsir götürülmüş və hazırda həbsdə saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimovun səhhətində problem yaranıb. Ermənistan mətbuatının yazdığına görə, həmyerlimiz aprelin 24-də Erebuni Tibb Mərkəzində mədəsindən əməliyyat olunub. Əməliyyat nəticəsində onun mədəsindən yad cisim çıxarılıb. Hazırda İbrahimovun vəziyyətinin yaxşı olduğu vurğulanıb.

    Ermənistanın Ədliyyə Nazirliyindən bildirilib ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də məlumatlandırılıb.

    Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu 2019-cu il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə əsir düşən E.İbrahimovun ruhi xəstə olması haqqında məlumat yayıb.

    Onu da qeyd edək ki, hazırda erməni tərəfdə Elvin İbrahimovdan başqa üç mülki azərbaycanlı girov saxlanılır. Əslən Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gediblər. İşğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma “məhkəmə” qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. 5 ilə yaxındır hər iki mülki azərbaycanlı Şuşa türməsində girov saxlanılır. Onların hər ikisinin səhhətinin çox ağır olduğu barədə məlumatlar var.

    1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən təmas xəttində saxlanılmış və separatçı Dağlıq Qarabağ rejimin qeyri-qanuni “məhkəməsi” tərəfindən azadlıqdan məhrum edilib. Bu il fevralın 2-də isə Elnur Hüseynzadənin saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistana aparıldığı barədə məlumat yayılıb.

    Girovların azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar və Ermənistan qarşısında dəfələrlə məsələ qaldırılsa da hələ ki, müsbət nəticə yoxdur.

    Azərbaycan tərəfində isə Ermənistan vətəndaşları olan üç diversant saxlanılır. Arsen Baqdasaryan, Zaven Karapetyan və Karen Kazaryan adlı Ermənistan vətəndaşları müxtəlif vaxtlarda Azərbaycan sərhədini keçib diversiya təxribat planlarını həyata keçirməyə cəhd edərkən saxlanılıblar. Onlar məhkəmədə diversant olduqlarını və Azərbaycana qarşı təxribat həyata keçirməyə cəhd etdiklərini etiraf ediblər.

    Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin son Vyana görüşündən, həmçinin xarici işlər nazirlərinin Moskva görüşündən sonra məlumatlar yayılmışdı ki, əsir və girovların məsələsi də müzakirə olunub. Hətta müəyyən razılaşmaların olduğu, əsir və girovların dəyişdirilməsi ehtimalının yarandığı deyilirdi. Hazırda bu istiqamətdə vəziyyətin necə olduğu barədə rəsmi məlumat verilmir.

    Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Vyana görüşü, xarici işlər nazirlərinin son Moskva görüşündən sonra humanitar addımlar adı altında müəyyən fəaliyyətlərin olması barədə ilkin razılaşmalar var idi.

    Bu humanitar addımlar arasında ilk sıralarda əsir və girovların dəyişdirilməsi məsələsi dayanırdı. Bu istiqamətdə heç bir addımların atılmadığını söyləmək qeyri-dəqiqlik olar: “Azərbaycan tərəfi əsir və girovların dəyişdirilməsi ilə bağlı hələ keçən ildən irəli sürdüyü hamının hamıya prinsipini qüvvədə saxlayır. Ermənistan tərəfindən bu istiqamətdə addımların atılması gözlənilir. Çox güman ki, rəsmi İrəvan bu addımı atmağa gedəcək.

    Bu gün Nikol Paşinyan hökuməti ətrafında müəyyən gərgin anlar yaşanır. Ermənistan cəmiyyətində bir etiraz dalğası var, hakimiyyət daxilində həbslər gedir. Bu və digər məsələlər Paşinyanın əsir və girovlarla bağlı hələ ki, qəti addımlar atmasına əngəl olur. Amma razılaşma var və bu razılaşmaya əməl etmək məcburiyyətində qalacaq. Azərbaycanlı girov Elvin İbrahimovun İrəvanda əməliyyat olunması rəsmi İrəvanın özünü humanist göstərmək cəhdi kimi görünə bilər. Amma eybi yox, təki müsbət istiqamətdə nələrsə olsun. Amma əsas addım əsir və girovların dəyişdirilməsi ilə bağlı ola bilər. Düşünürəm ki, bu proses heç də dalana dirənməyib. Bu məsələdə ümidsiz deyiləm. Əksinə, yaxın vaxtlarda əsir və girovların dəyişdirilməsi ilə bağlı konkret addımların atılacağına, xüsusən də addımların rəsmi İrəvan tərəfindən atılacağına inanıram və bunu gözləyirik. Beynəlxalq təşkilatlar da bunu gözləyir. Bütün gözlər Ermənistan hökumətindədir. Düşünürəm ki, əsir və girovların dəyişdirilməsi yaxın vaxtlarda baş tutacaq".
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR