İtaliyada etirazlar səbəbindən Milanda küçələrə 500 hərbçi cəlb edilib

İtaliya hakimiyyəti ölkədə ötən həftəsonu keçirilən etirazlardan sonra mühüm obyektlərin mühafizəsini gücləndirmək və küçələrdə patrul xidmətini təşkil etmək məqsədilə Milan şəhərinə 500 hərbçi göndərib. Bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, hərbçilərin cəlb edilməsi mühafizə postlarının gücləndirilməsinə, həssas obyektlərə nəzarətin artırılmasına və ərazinin təhlükəsizliyinin təmin edilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Qurumun məlumatına görə, bu tədbir polis və karabinerlərə cinayətlərin qarşısının alınmasına daha çox əməkdaş ayırmaq imkanı verəcək.
Milanda toqquşmalar zamanı 300-dən çox şəxs saxlanılıb
Oktyabrın 17-18-də İtaliyanın bir neçə şəhərində hökumətin siyasətinə və yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları keçirilib. Ən ciddi iğtişaşlar Milan şəhərində baş verib.
Məlumata əsasən, şəhərdə 300-dən çox şəxs saxlanılıb, onlardan təxminən 50-si həbs edilib. Mərkəzi ərazidə baş verən toqquşmalar nəticəsində 110-dan çox hüquq-mühafizə orqanı əməkdaşı tibbi yardıma müraciət edib.
“Strade Sicure” əməliyyatı davam etdirilir
İtaliyada şəhərlərin patrul edilməsi və mühüm obyektlərin qorunması məqsədilə həyata keçirilən “Strade Sicure” əməliyyatı 2008-ci ilin avqustundan fəaliyyət göstərir.
Əməliyyatın ilkin mərhələsində 3 min hərbçi iştirak edib. Sonrakı illərdə onun miqyası bir neçə dəfə genişləndirilib.
Hazırda İtaliya üzrə əməliyyata təxminən 6,8 min hərbçi cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.