Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladıb, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.
Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib.
Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.
Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.