“Məmurlar siqareti tərgitməlidir” - Deputatdan prezidentin sözlərinə dəstək
Milli Məclisin deputatı Fazil Mustafa prezident İlham Əliyevin vətəndaşlara siqaret çəkməməklə bağlı çağırışını dəstəkləyib
BakiPost.az xəbər verir ki, deputat siqaretə qarşı allergiyası və düşmənçiliyi olduğunu vurğulayıb. O, antisiqaret kampaniyası ilə bağlı təkliflər də verib: "Antisiqaret kampaniyasını bilirsiniz kimdən başlamaq lazımdır? Cənab prezidentin komandasında olan məmurlardan. Ardınca Yeni Azərbaycan Partiyası üzvləri bu tezisləri dəstəkləməli və əməli fəaliyyətdə bunu göstərməlidirlər. Ardınca digər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, məktəblər və xəstəxanalar siqareti tərgitmək kampaniyasına qoşulmalıdır. Kütləvi şəkildə siqaret çəkməkdən imtina hərəkatı başlanmalıdır. Hər vaxt kampanıyaçılığın əleyhinə olsam da, bu məsələdə mütləq cəmiyyətin total şəkildə rol almasını zəruri hesab edirəm. Hər dəfə çıxış edib vurğulayırlar ki, ölkə prezidentini özləri üçün örnək hesab edirlər, buyurun, prezident siqaretə qarşı mənfi münasibətinə reaksiya ortaya qoydu, siz də onun bu addımını təqdirlə qarşıladığınızı əməli şəkildə göstərin!”
Fazil Mustafa siqaretin millətimizin gələcəyi üçün ciddi bir təhlükə olduğuna diqqət çəkib: "Narkomaniya da, alkoqolizm də, psixi, onkoloji xəstəliklərin xeyli hissəsi də məhz bu pis vərdişdən sonra yaranır. Üstəlik cibinizin pulunu da bu mənasız vərdiş xeyli azaldır. Qanunla ictimai yerlərdə siqaretin çəkiliş imkanlarını nə qədər məhdudlaşdırsaq da, xalqımız qanundan çox qaydalara, vərdişlərə əhəmiyyət verdiyindən bu pis xəstəliyin kökünü kəsmək xeyli çətin olcaq. Hamı ən azı özünə yaxın çevrədə yaxşıya doğru kiçicik bir davranış sərgiləyərsə, siqaretdən imtina kampaniyasında müsbət nəticələr əldə etmək mümkündür...”