"Əbülfəz Elçibəy yaxşı insan idi" - Siyavuş Novruzovdan sensasion müsahibə
“Qəbir daşının hazırlanması üçün evini girov qoyub kredit götürənlər var”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.
- Siyavuş müəllim, YAP-ın əsas ağırlığı sizin üzərinizdədir, üstəgəl, parlamentdə komitə sədrisiniz. İş çox olduğunamı görə gərginsiniz?
- Təbii ki, iş çoxdur. İşləyirik, çalışırıq. Milli Məclisdə müxtəlif qanunların qəbul olunması ilə bağlı addımlar atırıq, ictimai-siyasi vəziyyət haqda fikirlər səsləndiririk. Bilirsiniz ki, Azərbaycanda böyük işlər gedir, bu işlərin insanlara çatdırılmasına, insanları narahat edən məsələlərə aydınlıq gətirilməsinə çalışırıq. Bizim partiyanın 700 mindən çox üzvü var. Rayon və şəhər təşkilatlarında hesabat-seçki konfransları keçirilir. Bundan başqa, məlumdur ki, Azərbaycanda başqa ictimai-siyasi əhəmiyyəti böyük olan başqa tədbirlər də keçirilir. İstər beynəlxalq tədbirlər, istərsə də, ölkədaxili tədbirlər. Biz də bu tədbirlərdə iştirak edirik.
Bu il İslam Oyunları Azərbaycanda olacaq. Həmçinin cari il İslam Həmrəyliyi İlidir. Biz Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi olaraq bu məsələyə qoşulmuşuq.
Azərbaycanda görülən işlər, prezidentin apardığı işlər islamın ölkəmizdə ən düzgün model kimi tətbiq olunmasına gətirib çıxarıb. Azərbaycan bu sahədə də dünyaya nümunə göstərir.
- Aydınlıq dediniz. Bəs Siyavuş Novruzov bütün məsələlərə yetərincə aydınlıq gətirə bilir?
- Hərənin öz sahəsi var. Mən öz sahəmlə bağlı çalışıram ki, bütün məsələlərə aydınlıq gətirim. Amma dövlətin və cənab prezidentin apardığı siyasəti, beynəlxalq aləmdə baş verən prosesləri cəmiyyətə necə çatdıra bilirəm – bax bunun monitorinqini aparmıram.
- Bilirsiniz ki, fikirləriniz cəmiyyətdə birmənalı qarşılanmır. Bu mənada verdiyiniz hansısa açıqlama ya da parlamentdə səsləndirdiyiniz hər hansı bir fikrə görə, sonradan peşman olmusunuz?
- Mənim verdiyim açıqlama, səsləndirdiyim fikir ölçülüb-biçilir. Mənim dediklərim, dövlətin, ölkə prezidentinin siyasəti, partiyanın yürütdüyü xətlə bağlı olur. Həmçinin gündəlik həyatımız, insanların problemləri, onları maraqlandıran məsələlərlə əlaqədar açıqlamalardır. Mən dediklərimi öz nöqteyi-nəzərimdən qiymətləndirirəm.
- Qanun layihələrinin hazırlanmasından söz açdınız. Sizin rəhbəri olduğunuz komitə siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı sənəd hazırlamalı idi. O məsələ nə yerdə qaldı?
- Sizinlə razı deyiləm. Bu, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yox, onların fəaliyyətinin genişlənməsinə xidmət edir. Biz burada 2 məsələni nəzərdə tuturuq. Bilirsiniz ki, “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Görürsən ki, bəzi partiyalar ümumilikdə hesabat vermir. Hesabat verənlərin böyük əksəriyyətində isə nə mədaxil, nə də məxaric göstərilir, maliyyə məsələləri şəffaf deyil.
- Məsələn...
- Müsavat Partiyasının hesabatında qeyd edilib ki, cəmi 16 min manat vəsait daxil olub və sərf edilib. Amma bu və digər belə partiyaların aparatları fəaliyyət göstərir. Burada çalışan insanlar var. Təbii ki, onlar əməkhaqqı alır.
AXCP-də Əli Kərimlinin həm özü, həm də köməkçiləri, sürücüsü, cangüdənləri təbii ki, hava ilə dolanmırlar. Bunlar hardansa əməkhaqqı alırlar. Ancaq bunların heç birini ictimaiyyətə açıqlamırlar.
Şəffaflığın təmin olunması üçünsə bütün bunlar rəsmiləşdirilməlidir. Yeni Azərbaycan Partiyası rəsmi qaydada öz hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edir. Parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır. Buna görə də, YAP bununla bağlı eyni zamanda başqa qurumlar qarşısında da hesabat verir.
- Amma bu qanun layihəsinin adını heç zaman açıqlamadınız. Səbəbi nədir?
- Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiya var. Qeydiyyatdan keçməyənlərin sayı isə 20-dən artıqdır. Qeydiyyatdan keçmiş partiyaların böyük bir hissəsinin fəaliyyət istiqaməti isə qeyri-müəyyəndir. Seçki ərəfəsində yada düşür ki, bunlar siyasi partiyadır və başlayırlar bəyanatla çıxış etməyə. Amma heç lazım olan imzaları da toplaya bilmirlər. Ya da ümumiyyətlə fəaliyyətlə göstərmirlər. Bu cür partiyalar isə alqı-satqı obyektinə çevrilir. İmkanlı şəxslər belə partiyaları alır və özəlləşdirir. Bu zaman isə təkrar qeydiyyatdan keçməyə ehtiyac qalmır.
Dünya ölkələrinə nəzər salsaq görəcəyik ki, bu məsələlərə yanaşma tərzində ciddi olmalıyıq. Siyasi partiyanın fəaliyyəti ictimai-siyasi fəaliyyətdir. Kadrların, alternativ layihələrin hazırlanıb təqdim olunması və sairə bura daxildir. Bəzən isə görürsən ki, bəzi partiyalar öz partiya funksiyasını deyil, xaricdən maliyyə dəstəyi almaqla başqa işlər görürlər. Bu da partiya fəaliyyəti ilə daban-dabana ziddir.
- Siz mətbuata açıqlamanızda demişdiniz ki, bununla bağlı yeni qanun layihəsi hazırlanacaq. Amma həmin sənədin adını bu günə kimi deməmisiniz.
- “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərdir. Burada əlavə qanuna ehtiyac yoxdur. Siyasi partiyanın maliyyələşməsi, fəaliyyətinə xitamla bağlı maddələrdə bir düzəliş olacaq ki, dediyim məsələlər də bura daxildir.
- YAP funksionerlərindən biri Mübariz Qurbanlı Dini Komitəyə sədr təyin olundu. YAP-ın tez-tez açıqlamalar verən digər nümayəndəs Səyyad Aransa onun birinci müavinidir. Siz də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədrisiniz. YAP-ın 3 “ağır artilleriyası” din sahəsini kurasiya edir. Bu, təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılmışdı?
- Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin olunduqdan sonra, orada çox böyük canlanma oldu. Bütün regionlarda dini təbliğatın düzgün həyata keçirilməsi, insanların qanun çərçivəsində bu fəaliyyətlə məşğul olması çox önəmli şəkildə ortaya çıxıb.
Yeni Azərbaycan Partiyası böyük bir kadr bazasıdır. Bura kadrların yetişdirilməsində, formalaşdırılmasında böyük rol oynayır. Bizim partiyanın həm gənc, həm orta, həm də yaşlı nəslindən müxtəlif dövlət strukturlarında təmsil olunan şəxslər var. Onlar öz vəzifə borclarını da layiqincə yerinə yetirirlər. İstər icra başçısı, istər nazir, istərsə də dövlətin rəhbərliyində təmsil olunan şəxslər kimi. Çünki bunların ikiqat məsuliyyəti var. Həm dövlət, həm də partiya məsuliyyəti. Partiya məsuliyyəti onları daha da aktiv olmağa, xalqı, milləti, vətəni üçün daha da ciddi işləməyə çağıran bir amildir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının kadrları harada olmasından asılı olmayaraq öz fəaliyyəti ilə ölkənin idarə olunmasında aktiv iştirak edir.
- Bir zamanlar Azərbaycandan radikal-ekstremist qrupların tərkibinə qoşulanların sayı çox idi. Son illərdə isə bu tendensiya azalmağa doğru gedir. Siz komitə sədri olaraq nələr təklif edirsiniz ki, kimlərsə gedib silahlı qruplaşmalara qoşulmasın?
- Bu cür məsələlərə bir neçə aspektdən yanaşmaq lazımdır. Təbii ki, hüquq-mühafizə orqanları da problemin həll olunması üçün işlər aparır. Amma öncədən ən əsas şərtlərdən biri maarifləndirmə işidir. Həm mətbuat orqanlarında, həm televiziyalarda, həm də müxtəlif toplantılarda insanlar kifayət qədər maarifləndirilir ki, insanlar kiminsə şirnikləndirməsinə aldanmasın.
Kiminsə silahlı birləşmələrə qoşulması üçün onun əsası olmalıdır. Bu əsas nədən ibarətdir? Ola bilər ki, kiminsə həyatı ancaq döyüşlərdə keçib. O sakit həyata alışa bilmir. Bu, insan psixologiyasıdır. Bir ovçu ova getməyəndə necə darıxırsa, müharibələrdə iştirak etmiş şəxslər də bir müddət keçdikdən sonra müharibə üçün darıxırlar. Çünki onların başqa peşəsi olmur. Nə müəllim olurlar, nə sürücü, nə həkim, nə də mühəndis olurlar. Onların düşüncəsində və psixologiyasında ancaq müharibə şəraiti kök salıb. Tədqiqat nəticəsində isə ortaya çıxdı ki, Azərbaycanda belə insanlar yoxdur.
İkinci bir tərəfdən, kimsə düşmənə qarşı döyüşüb özünü sınamaq istəyirsə, Azərbaycan ordusunda müqavilə əsasında hərbi xidmət mövcuddur. Belə insanlar orduda xidmət edə bilər. Yenə tədqiqat nəticəsində məlum oldu ki, Azərbaycanda bu cür insanlar da yoxdur.
Kimsə kafirlərə qarşı mübarizə aparmaq istəyirsə, başa düşsünlər ki, ən böyük kafirliyi Ermənistan azərbaycanlılara qarşı törədib. Ermənilər Xocalı kimi bir soyqırımı törədib. Bu dinə və beynəlxalq qanunlara zidd olan addımdır. Kimsə mübarizə aparmaq istəyirsə, burada da meydan var.
- Siyavuş müəllim, mən bildiyimə görə, dövlət Qarabağ üçün savaşmaqdan ötrü belə qruplaşmaların fəaliyyətinə icazə vermir axı. Bir zamanlar partizan dəstələri yaradılmışdı...
- O, tamam başqa məqsədlər üçün yaradılmışdı. Mən 15 il Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü olmuşam. Buna görə də, bu məsələlər haqda kifayət qədər məlumatlıyam.
Ekstremist təşkilatlara qoşulmaq məsələsinə qayıdaq. Bütün mən dediyim cəhətlər təhlil edildikdən sonra məlum oldu ki, insanlar terrorçulara şirnikləndirmək yolu ilə qoşulurlar. Kiməsə pul, yaxşı həyat təklif edilir, onlar da bunun müqabilində terrorçulara qoşulurlar. Təbii ki, məqsəd təkcə belə insanları silahlı birləşmələrə qoşmaq deyil. İkinci və əsas məqsədlərdən biri də budur ki, o insanları sonradan dünyanın başqa-başqa yerlərinə göndərsinlər və tapşırıq əsasında müəyyən planlar həyata keçirilsin. Hüquq-mühafizə orqanlarının sayəsində Azəbaycanda bunun qarşısı alındı. Üstəgəl, qanunun aliliyi tətbiq olunmaqla bu məsələlər öz həllini tapdı.
- Siz terrorçuların tərkibinə getmək üçün amilləri sadaladınız, amma burada din amilindən danışmadınız. Bilirsiniz ki, bu cür addımları sırf dini ideologiya ilə bağlayanlar da var.
- Mən islam dinini kifayət qədər bilirəm. Dində belə bir ideologiya yoxdur. Azərbaycan xalqı əsrlər boyu islam dininə sitayiş edib. Sovet hökumətinin ən kəskin vaxtlarında da bütün dini rituallar yerinə yetirilib. Oruc da tutublar, namaz da qılıblar, məscidə də, pirə də gediblər. İslam dini nəinki terrorun, hər cür zorakılığın əleyhinədir.
- Bəs cihad nədir?
- Cihad isə tamam başqa bir şeydir. Cihadla terrorçuların etdikləri arasında yerlə göy qədər fərq var. İŞİD-in əməlini kimsə cihad hesab edirsə, çox yanlış fikirləşir. İŞİD terror təşkilatıdır və onun cihadla bir əlaqəsi yoxdur. Onlar istər müsəlmanlara, istərsə də başqa dindən olanlara qarşı, ümumiyyətlə insanlığa qarşı qanlı aksiyalar həyata keçirir. Burada hansı cihaddan söhbət gedə bilər?
- Kimlərsə bu düşüncədədir ki, cihad edənlərə o biri dünyada hürilər vəd olunur. Çoxu bəlkə də cihadı düzgün anlamır. Amma hamı siz dediyiniz kimi anlamır axı. Deməli, burada dini ideologiyanın da rolu ortaya çıxır.
- Dinin düzgün tətbiq olunması, insanlara düzgün çatdırılması vacib şərtlərdən biridir. O, düzgün çatdırılmayanda arada gəzən insanlar dini başqa formada tanıtmağa başlayırlar. Qanunlarda müvafiq dəyişikliklər gözlənilir.
Dəyişikliklərə görə, dini o şəxslər insanlara çatdırmalıdır ki, onlar kifayət qədər təhsilli, vətəninə xalqına bağlı olsunlar. Ola bilər ki, kimsə çox təhsilli biri olsun, amma tamam başqa təsirlərə məruz qalsın. Başqa bir ölkənin ideologiyasını, oranın yaşam tərzini, sistemini əhaliyə təbliğ etsin. Ya da ola bilər ki, kimsə vətənpərvərdir, ancaq onun kifayət qədər təhsili olmasın. İnsan nə zaman gedib başqa yolları tutur? Özünün qoyduğu suallara cavab tapa bilməyəndə. Kiminsə dinlə bağlı müxtəlif fikirləri, ideyaları var. Bu ideyalara düzgün şərh verib düzgün istiqamətə yönəltməyəndə, onlar tamam başqa təsirlər altına düşürlər.
Azərbaycan dövlət səviyyəsində də çalışır ki, din insanlara düzgün çatdırılsın.
- Cəmiyyətdə ateistlər də var. Bu sualıma tam səmimi cavab verməyinizi istəyirəm. Ateistlərə münasibətiniz necədir?
- Hər bir insanın özünün düşüncə tərzi var. Hamının fikrinə, inancına hörmətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, kimsə ateist olmaq qərarını veribsə, axtarışdadırsa, nəyisə tapa bilmirsə, onun fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Bəzən görürsən ki, bir insan fikir söyləyir, onun üstünə tökülürlər. Deyirlər ki, səhv deyir. Bu, onun düşüncə tərzidir. İstəyirsən qəbul et, istəyirsən yox. Qəbul etməmək bundan ibarətdir ki, qarşı tərəfin fikirlərinə əsaslandırılmış şəkildə kontur arqumentlər qoyasan. Əgər bunu edə bilmirsənsə, kimisə təhqir etməyə ehtiyac yoxdur. Kimin fikri, arqumentləri möhkəm əsaslara söykənirsə, o qalib gəlir. Mən ateist düşüncəli insanlara da hörmətlə yanaşıram. Başqa tərəfdən bütün ritualları yerinə yetirən inanclılara da çox böyük hörmətim var.
- Qafqaz Müsəlmanları İdarəsi builki Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayırıb. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 dollardır. Sizə elə gəlmir ki, bu məbləğ çox böyükdür?
- Əvvəla, bu kvotanı Qafqaz Müsəlmanları İdarəsi yox, Səudiyyə Ərəbistanı ayırır. Çünki birdən-birə hər ölkədən kifayət qədər adam gəlsə, ziyarət zamanı onların yerləşdirilməsi məsələsində böyük problemlər yaşanar. Həcc ziyarətini o şəxslər yerinə yetirə bilər ki, onlar bunu var-dövlətlə, pulla ölçməsinlər. Yəni bu insanlar ziyarətin mahiyyətini düzgün olaraq dərk etsinlər. Bilirsiniz ki, islamda müsəlmanlar üçün vacib buyurulan 5 şərtdən biri də Həcc ziyarətinin həyata keçirilməsidir. İnsanlar tam dərk etməlidir ki, onlar, gələcəkdə də bu titulu qoruyub-saxlamalıdır.
Və buna uyğun addım atmalıdır. Yoxsa bir də görürsən ki, kimsə Həccə gedib-gəlib, amma yolunu azıb. Görünür ki, bu cür insanlar müqəddəs ziyarətin mahiyyətini anlamaq üçün tam yetişməyib. Ya da kimsə varlıdırsa, götürür öz hesabına 5-10 nəfəri Həccə göndərir. Ola bilər ki, həmin adamın məqsədi sırf xeyriyyəçilikdir. Ancaq bununla yanaşı, o da bilinmir ki, həmin adam pulları hansı formada qazanıb. Kimsə öz zəkasının məhsulu ilə biznesindən pul qazanıb göndərə bilər. Kimsə isə gedib bank yarıb başqalarını bu pulla Həcc ziyarətinə göndərə bilər. Bunlar başqa-başqa şeylərdir. Nəticədə pul halal olmalıdır.
Həccə getmək istəyənlər kifayət qədər çoxdur. Türkiyənin praktikasında belədir ki, bir dəfə Həcc ziyarətinə gedən, ikinci dəfə getmək istəsə, müəyyən baryerləri aşmalıdır. Yer qalıbsa, o, ikinci dəfə gedə bilər. Yer qalmayıbsa gedə bilməz. Çünki digərləri də istəyir ki, getsin. Türkiyədə birinci dəfə getmək istəyənləri siyahıya salırlar və ziyarətə göndərirlər. Bizdə də çalışmaq lazımdır ki, gələcəkdə birinci dəfə getmək istəyənlərə daha çox şərait yaradılsın. Elə adam var ki, 7-8 dəfə Həccə gedib. Təbii ki, hər biri müqəddəs işdir. Lakin bununla yanaşı, digərlərinə də şərait yaratmaq lazımdır. Belə olarsa, qiymətlərdə də müəyyən dəyişikliklər ola bilər.
Həcc ziyarətinə əməli saleh adamlar getməlidir.
- Azərbaycanda bir zamanlar missionerlik, satanizm təbliğ olunurdu və bunun təsirinə düşənlər də var idi. Hazırda bu sahədə mənzərə necədir?
- Bunların qarşısı xeyli alınıb. Kifayət qədər güclü tədbirlər görülüb. Partiya kadrlarının, hüquq-mühafizə orqanlarının yerli icra hakimiyyətləri orqanları ilə birlikdə bu işlərlə məşğul olması problemi demək olar ki, aradan qaldırıb. Bilirsiniz ki, yerli icra hakimiyyətlərinin hər birində dini məsələlərlə əlaqədar xüsusi şöbə var. O cümlədən dinin düzgün təbliğ olunması və qanunun aliliyi əsasdır. Qanundan kənar olan hər hansı bir cərəyan Azərbaycanda fəaliyyət göstərə bilmir. Ola bilər ki, kimlərsə evlərdə yığışırlar, evlərini müxtəlif cərəyanların mərkəzinə çevirirlər. Bunlar da hüquqi yolla öz həllini tapır.
- Siyavuş müəllim, “Dini etiqad haqqında” qanuna görə, ictimai yerlərdə dini şüar səsləndirmək qadağandır. Amma bu, bəzilərində elə bir təəssürat yaradır ki, hökumət islam dinindən qorxur.
- Qəti şəkildə deyirəm ki, belə deyil. Hər bir şeyin öz yeri var. Get küçənin ortasında məktəb aç, de ki, mən burda dərs keçəcəyəm. Ya da parkda xəstəxana, poliklinika aç, de ki, mən burada insanları müalicə edəcəyəm. Əlbəttə ki, bu cür yanaşmalar yanlışdır. Hər bir şeyə düzgün yanaşmaq lazımdır. Dini rituallar məscidlərdə və onların içərisində həyata keçirilməlidir.
Hüquqlar o zaman məhdudlaşır ki, digərlərinin hüquqlarını pozursan. Kimsə ictimai yerlərdə dini şüarlar səsləndirirsə, ola bilər ki, başqalarının hüquqlarını pozursan. Bu şüarların hər biri ayrılmış müvafiq yerlərdə səsləndirilə bilər. Küçənin ortasında, meydanda, parkda dini şüar səsləndirmək isə insani cəhətdən də yanlışdır.
Bəzən görürsən ki, biri dəqiqədə “namazımın vaxtı keçdi, gedim namaz qılım” deyir. Əşşi namaz qılırsan get qıl da, daha bunun nəyini elan edirsən ki! Bu, namaz qılmaq əqidəsindən də uzaqdır. Bu cür insanlar cəmiyyətə öz inancını reklam edir. İnam, etiqad insanla Allah arasındadır. Adam sidq ürəkdən Allaha bağlıdırsa, istənilən ritualı daxili aləmində edə bilər. Təyyarədə insanlar var ki, oturduğu yerdə namaz qılır. Allah bunu başa düşəcək ki, şərait başqa imkanlardan istifadə etməyə imkan vermir.
Namaz qılmağını, oruc tutduğunu reklam edənlər isə şou ilə məşğuldurlar.
- Oruc tutduğunuzu bilirəm, bəs namaz necə, qılırsınız?
- Bəli, oruc tuturam. Namazı ancaq orucluq vaxtı qılıram. Başqa vaxtlarda isə namaz qılmaq üçün vaxt çatdırmaq olmur. İş çox olur. Namaz da elə bir məsələdir ki, gərək mütəmadi, ardıcıl ola. Bir gün oldu, iki gün olmadı, iki gün oldu, üç gün olmadı olmaz.
- Elə bu kabinetinizdə mənə müsahibənizdə bildirmişdiniz ki, Həcc ziyarətinə getmək niyyətiniz var. Bu il gerçəkləşəcək?
- Mən hələ Həcc ziyarətinə hazır deyiləm. İnsan gərək belə müqəddəs ziyarətə getmək üçün hazır olsun. Nə zaman hazır olsam, bunu özüm hiss edəcəyəm.
- Dini Komitə Mübariz Qurbanlının timsalında bir zamanlar yas məclislərini tənzimləmək üçün tövsiyələr, tapşırıqlar verdi. Amma bunlar icra olunmadı, daha doğrusu insanların acığına gəldi. Görünür ki, mental xarakterimiz vahid qayda-qanunun yaranmasına imkan vermir. Siz də belə düşünürsünüz?
- Bəli, düz deyirsiniz. Bununla bağlı, biz çox böyük təbliğat işləri də apardıq. Yas məclislərinin tənzimlənməsi məsələsinin ilk əsası Naxçıvan Muxtar Respublikasında qoyulub. Orada bu həyata keçiriləndən sonra insanlar burada da belə bir şeyin tətbiqinin tərəfdarı oldu. Çalışdılar ki, bu cür dini mərasimlər də sadə qaydada həyata keçsin. Allah hamının ölənlərinə rəhmət eləsin! Mübariz müəllim qardaşının yas məclisində, partiya nümayəndələri də özlərinin yaxınlarının hüzürlərində sadə qaydaları tətbiq etdilər. Məqsəd bu idi ki, cəmiyyət bir nümunə götürsün. Təəssüflər olsun ki, bu sahədə bizneslə məşğul olan adamlar tamam başqa istiqamətdə təbliğat aparmağa başladılar. Hüzür isə elə bir məsələdir ki, insanlar düşünür ki, valideynə ehsan verirsə, bununla hansısa günahlarını yüngülləşdirir. Ya da öz borcunu yerinə yetirir. Belə şeylər mənəvi məsələ olduğuna görə, inzibati yollarla tənzimlənə bilmir. Biri deyir ki, uzaqdan qonaqlar gəlir, onlara yemək vermək lazımdır. İnsanların böyük əksəriyyətinin isə bu sahəyə vəsait ayırmaq imkanı məhduddur.
Yas məclislərinin təmtəraqlı keçirilməsi üçün yarış gedəndə, insan məcbur qalır, çox böyük çətinliklərlə qarşılaşır.
- Heç belə çətinliklərlə qarşılaşan insanlardan sizə müraciət edən var?
- Bizə belə müraciətlər daxil olur. Təsəvvür edin ki, kimsə evini girov qoyub, kredit götürür və yas məclisini yola verir. Ya da qəbir daşının hazırlanması üçün evini girov qoyub kredit götürənlər var. Onlar düşünür ki, eldən seçilməməlidir. Bundan başqa digər formada borca girənlər var. Halbuki, vaxtında müalicəyə xərc çəksəydi, bəlkə də mərhumun ömrünü bir neçə il uzada bilərdi. Hesab edirəm ki, biz yenə də yas məclislərinin tənzimlənməsi məsələsinə qaydacağıq. Çətin də olsa, gərgin də olsa, insanlar bunu özləri başa düşməlidir. 8-ci kilometrdə yas keçirmək üçün bir yer var. Bura özü şərt qoyub ki, ehsan dəbdəbəli olmasın. Adi, cüzi bir xərclə, çay, xurma ilə yas mərasimini həyata keçirmək mümkündür. Amma görürsən ki, insanlara bura getmir. “Sən ehsan verməyə imkan yaratmırsansa, mən başqa yerdə hüzürü keçirəcəyəm” deyirlər.
- Dediniz ki, biznes maraqları olanlar imkan vermir ki, yas məclisləri sadə keçirilsin. Dəqiq kimə söz atdınız – bunu bilmirəm. Təsadüfən bu, Qafqaz Müsəlmanları İdarəsi deyil ki? Həmin biz dediyimiz ərəfələrdə Bibiheybət məscidi özü menyu təklif edirdi.
- Mənim dediyimin Qafqaz Müsəlmanları İdarəsinə heç bir aidiyyatı yoxdur. Çadırlar gətirib icarəyə verənlər, xidmət sahələri var. Bəzi xidmətlər təklif edir ki, 8 manatdan 30 manatadək adam başına yas məclisi təklif edirlər. Maraqlıdır, bunlar gedib yas yerində nə edəcəklər ki, adamın birini minimum 8 manatdan hesablayırlar?
- Qəbiristanlıqlarla bağlı çox şikayətlər var. Bakıda əsas məsələ məzar yerinin baha olmasıdır.
- Bununla bağlı - qəbiristanlıqlar, məzar yerlərinin qiymətləri barədə yeni sənəd hazırlanıb.
Yaxın günlərdə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı ölkə prezidentinin ya sərəncamı olacaq, ya da sənəd qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulub. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn kəndlərdə bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb. Yaxın günlərdə ya Milli Məclisdə müzakirəyə çıxarılacaq, ya da cənab prezidentin bununla bağlı sərəncamı olacaq.
Sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.
Qiymət də elə yüksək deyil. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayırılıb. Ritualların yerinə yetirilməsi üçün qəbiristanlıqlar təhsilli şəxslərlə təmin olunacaq. Bilirsiniz ki, bu gün qəbiristanlıqlarda mollaların çoxu heç ərəb dilini bilmir. Nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.
- Çox gözəl, nümunəvi qəbiristanlıqların yaradılması nümunəvi bir addım olar. Bəs digər qəbiristanlıqlardakı qiymətlər necə tənzimlənəcək?
- Onlar ayrı-ayrı qəbiristanlıqlardır. Elə adam var ki, vəfat edən yaxınını bahalı qəbiristanlıqda dəfn etmək istəyir. Eləsi də var ki, buna imkanı yoxdur. İnsanlar maddi durumunu da nəzərə almalıdırlar. İndi müxtəlif xəstəliklər var. O xəstəlikdən ölən insanlar elə yerdə dəfn olunmalıdır ki, ora əhalinin yaşayış massivindən uzaq olsun. Bu məsələlər də qanun layihəsində əksini tapacaq.
- Bu sualım bir az şəxsi olacaq, güman edirəm inciməyəcəksiniz. Vəsiyyət etmisiniz?
- İnsan hər zaman vəsiyyət etməlidir. Ölüm gözlə qaş arasındadır. Heç kim ölüm vaxtını müəyyənləşdirə bilməz. Hər şeyi planlaşdıran, taleyimizi yazan Allahdır. Hər bir məsələ ilə bağlı insan vəsiyyətini etməlidir. Adətən bizdə belədir ki, yaşlı adama vəziyyət etməyi deyirlər. Amma vəsiyyətin yaşla əlaqəsi yoxdur. Bu isə düzgün deyil. İnsan iki şeyi bilməyəcək: doğulduğu və öldüyü günü.
- İnsanlar var ki, fərqli dəfn olunmağını istəyir. Hamımız son mənzilə yola salınacağıq, bu, qətidir. Siz son mənzilə necə getmənizi vəsiyyət etmisiniz?
- İslam dininə uyğun şəkildə. Cəmiyyət necə, biz də elə.
- Məncə din söhbətləri yetərlidir, keçək siyasətə. Ölkədə vitse-prezidentlər təyin olunacaq. Nə gözləyirsiniz, Nazirlər Kabineti buraxılacaqmı?
- Bu, ola bilməz. Nazirlər Kabineti konstitusion strukturdur. Nazirlər Kabineti buraxılacaqdısa, bu, referendum aktında nəzərdə tutulardı. Nazirlər Kabineti ancaq referendum yolu ilə ləğv oluna bilər. Bizdə vitse-prezidentlik institutu tətbiq olunur. Türkiyə də bu sistemə keçir. Azərbaycan da çox düzgün və vaxtında qərar verib bu sistemə keçdi. Hörmətli Mehriban xanım Əliyeva birinci vitse-prezident təyin edildi. Mehriban xanım Azərbaycanda, dünyada kifayət qədər tanınmış bir şəxsiyyətdir. O bu vaxta qədər həm ictimai-siyasi fəaliyyət göstərib, həm də humanitar aksiyalar həyata keçirib. Mehriban xanım Əliyeva cəmiyyət tərəfindən yüksək səviyyədə qarşılanır. Onun birinci vitse-prezident təyin olunması xalqın ürəyincədir.
- Bəs digər vitse-prezidentlər kimlər olacaq?
- Bu, prezidentin səlahiyyətinə aid məsələdir.
- Hər halda hakim partiyanın funksioneri kimi nədənsə xəbərdarsınız.
- Biz bu haqda nəsə deyə bilmərik. Bir onu bilirik ki, Konstitusiyada olan dəyişikliklə əlaqədar Azərbaycanda vitse-prezidentlər təyin olunacaq. Amma bu vəzifəyə kimlərin və nə zaman təyin olunacağını cənab prezident bilir.
- Səmimi cavab verin. Özünüz hər hansı vəzifə gözləyirsiniz?
- Mənim kifayət qədər çox vəzifəm var. Siz özünüz də bu vəzifələrin adlarını müsahibə boyunca qeyd etdiniz. Həm parlamentdə, həm də partiyada vəzifəm var. Mən heç bunları demək olar ki, çatdıra bilmirəm.
- Müxalifətin iddiasına görə isə, Azərbaycanda referendumun keçirilməsi mövcud iqtidarın hakimiyyətdə qalmaq müddətinin uzadılmasına xidmət edir. Bu cür fikirlər arqumentdir?
- Bunlar arqument yox, bəhanələrdir. Hamısı yanlış fikirlərdir. Hakimiyyət seçkilər yolu ilə formalaşır. Kim hansı namizədə istəyir ona da səs verir. Referendumda çıxarılan məsələlərə də xalq dəstək verdi. Bu gün Azərbaycanda çox uğurlu siyasət yeridilir. Həm daxili, həm də xarici siyasətdə. Bir anlıq təsəvvür edin, o hakimiyyətə iddialı şəxslərin hər hansı biri dövlətin başındadır. Dövlət hansı vəziyyətdə olardı – bunu təsəvvür etmək belə mümkün deyil. 1990-cı illərdə Azərbaycan qalmışdı-qalmamışdı - bəlli deyildi. Bu gün isə Azərbaycan dünyada və regionda ən stabil ölkədir. Bu, cənab prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.
Bu gün ölkə başçısının sədrliyi ilə müşavirələr keçirilir. Yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar. Bakının hər bir rayonunda 20 yeni bina tikiləcək. Bu, həm iş yeridir, həm də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması deməkdir. Regionlarda, rayonlarda da belə addımlar atılır. Ölkədə sürətli inkişaf var, amma təbii ki, problemlər də mövcuddur. Bu problemləri də həll etmək üçün işlər görülür.
- Təbii ki, hər şey prezidentin diqqətindədir, bunu hamı bilir. Ancaq ölkə başçısının hansısa sahənin inkişafı ilə bağlı ayırdığı pullar bəzən təyinatı üzrə xərclənmir. Məsələn, yerli icra hakimiyyətlərinin vəsaitləri mənimsədiyi haqqında çoxlu fikirlər səsləndirirlər.
- Bəli, bu problem mövcuddur. Müəyyən sui-istifadə halları da olur. Ya da ayrılan pullar təyinatı üzrə xərclənmir. Bu yaxınlarda parlamentdə Hesablama Palatasının hesabatını dinlədik. Orada bütün nöqsanlar və nə qədər vəsaitin büdcəyə geri qaytarılması əks olunmuşdu. Əsas məqsəd bundan ibarətdir ki, vəsaitlər düzgün sərf olunsun. Azərbaycanda maliyyə nəzarəti üzrə mexanizm yardılıb, ərzaq təhlükəsizliyi ilə əlaqədar komissiya yaradılıb. Dərmanlarla bağlı da komissiya yaradılıb. Bütün işlərə nəzarət olunur. Amma hamının yanına bir nəzarətçi qoymaq mümkün deyil.
- Prezidenti eşitmək istəməyən məmurlara hansı cəza tətbiq edilməlidir?
- Cənab prezident hər biri haqqında lazımi tədbirlər görür. Dövlət başçısı özü deyir ki, belə məmurlar işdən çıxarılacaq və cəzalanacaq. Cəza da kifayət qədər sərt olacaq. Çoxlarını misal göstərmək olar. Faktlar da var.
- Mən bilirəm ki, siz seçiciləri qəbul edirsiniz, şikayətləri dinləyirsiniz. Ancaq heç zaman bununla bağlı mətbuatda “Siyavuş Novruzov seçiciləri qəbul etdi” başlıqlı yazılar görməmişik. Niyə istəmirsiniz ki, bu, mətbuatda işıqlansın?
- Birincisi, bu, mənim işimdir. İkincisi dövlət buna görə mənə əmək haqqı verir. Milli Məclisdə təmsil olunursansa, seçicini qəbul etməlisən, onun problemlərini dinləməlisən. Mən bununla bağlı mətbuatda yazıların getməsinə ehtiyac da görmürəm. Mən də görürəm ki, kimsə rayona gedib bir görüş keçirirsə, dərhal bu, geniş şəkildə mətbuatda işıqlandırılır. Ya da özləri Facebook səhifələrində, internetin digər resurslarında bu barədə məlumat verirlər. Hesab edirəm ki, hər bir görülən iş, atılan addımı insan düşünməlidir və bunun, onun borcu olduğunu bilməlidir. Çinlilərin gözəl bir misalı var: “Sən başını aşağı sal, işini gör, səni görəcəklər”. Yəni “məni görün” deyə göstərmək lazım deyil. Sən iş görürsənsə, bunu görəcəklər.
- Bu yaxınlarda Milli Məclisdəki çıxışınızda dediniz ki, bank sistemini bu günə salan bankların öz rəhbərləridir. Təbii ki, dediyinizdə həqiqətə var, bank rəhbərləri çalışır ki, kapitalları artsın. Bəs niyə görə, iqtisadiyyat məsələsində məsul olan hansısa məmurda təqsir görmürsünüz?
- Mən demişdim ki, bunlara nəzarət olunmalıdır. Və nəzarət edən şəxslərin özləri də məsuliyyət daşımalıdır. Tutaq ki, bir insana kredit verəndə onu aydınlaşdırmaq lazımdır. Bir də baxırsan ki, kimsə kənd təsərrüfatı sahəsi üzrə kredit götürür, gedib avtomobil alır. Çünki kənd təsərrüfatı kreditinin faizi aşağıdır. Başqa birisi kənd təsərrüfatı üçün götürməyə gələndə, artıq onun üçün vəsait qalmır. Halbuki, o həqiqətən də alacağı krediti kənd təsərrüfatına sərf etmək istəyir. Kreditləri biz yoxlasaq, görəcəyik ki, bunların böyük əksəriyyəti nəqliyyat vasitələrinin alınmasına sərf edilir.
İnsanların özlərinə kredit mədəniyyətini aşılamaq üçün aidiyyatı qurumlar sosial reklamlar hazırlamalıdır. Reklam olunmalıdır ki, hər bir kəs krediti elə məbləğdə götürsün ki, onu qaytara bilsin.
Kimsə gedir 70 min manatlıq avtomobili kreditlə alır və sonra ömrü boyu asılı vəziyyətdə qalır. Bu sahədə yarış nəyə lazımdır axı?! Sonra da elə bir vəziyyət yaranır ki, həm nəqliyyat vasitəsi əlindən çıxır, həm də borclu qalır və hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilir. Təbii ki, mən faizlərin yüksək olmasını bilirəm.
Ancaq bütün hallarda bunun altına girən şəxs bütün riskləri düşünməlidir. Düşünmədən addım atanda isə çoxlu problem yaranır. Hər bir şey iqtisadi əsaslara söykənməlidir.
- Sizin bir ara xəstə olduğunuz deyilirdi. Bəziləri buna sevindilər. Müsavat Partiyasının 2 funksioneri – Tofiq Yaqublu və Yadigar Sadıqov – sizə şəfa dilədilər. Sizin əzəli siyasi rəqibləriniz bu nümunəni göstərdilər.
- Elə bir mənəvi məsələ var ki, onunla bağlı pis şey arzulamaq yolverilməzdir. Bizim mübarizəmiz mənəvi mübarizə deyil. Biz siyasi mübarizə aparırıq. Hər bir insanın sağlam ideya və düşüncəsinə hörmətlə yanaşıram.
- Həmişə deyirsiniz ki, YAP güclü partiyadır. İstər üzvlərinin sayına, istərsə də resurslarına görə. Və bildirirsiniz ki, Azərbaycanda YAP-a alternativ yoxdur. Bu rəqabətsizlik şəraiti sizə xoş gəlir?
- Çoxları deyir ki, güclü müxalifəti olmayan ölkə güclü dövlət deyil. Bu, nəzəriyyədir. Praktikada isə görünür ki, hakimiyyət yaxşı işləyəndən sonra güclü müxalifətə ehtiyac qalmır. Bizim partiya üzvlərimizin özləri harada çatışmayan cəhətlər var onu deyirlər, ictimailəşdirirlər.
Hacı Cavad məscidinin sökülməsi ya da ağacların kəsilməsi ilə əlaqədar cənab prezident özü məsələ qaldırdı. Bu məsələni müxalifət qaldırmadı ki!
Azərbaycanda kifayət qədər müxalifət partiyaları var. Amma cənab prezident hər dəfə deyir ki, ictimai nəzarət olmalıdır. İctimai nəzarətin özü də bir müxalifətdir. Müxalifət alternativ fikir, alternativ mövqedir. Əgər bu alternativ mövqe düzgündürsə və həyata keçirsə, deməli o daha effektivdir.
Azərbaycanda bu gün müxalif partiyaların funksiyası görünmür. Çünki dövlət, iqtidar, ölkə prezidenti yaxşı işləyir. Bunun nəticəsində də müxalifət zəifdir. Əgər yaxşı iş görülməsə, nəticə olmasa müxalifət çox güclü ola bilər. İnsanlar müxalifət partiyalarına kütləvi şəkildə üzv olarlar.
Bu gün isə dövlətin apardığı siyasət əhalini qane edir. Müxalifət arada mitinq keçirir. Görürsünüz, onlara heç kəs qoşulmur. Çünki o müxalifətçilərin dedikləri heç bir reallığa söykənmir.
- Müxalifət deyəndə istər-istəməz eks-prezident Əbülfəz Elçibəy göz önünə gəlir. O, Fəxri Xiyabanda dəfn olunub, eks-prezident statusu alıb. Amma adı ədəbiləşdirilməyib. Niyə belədir?
- Hansısa bir küçəyə, prospektə ad verməklə ad ədəbiləşdirilmir. Eks-prezidentin tərəfdarları da gərək onun adını əbədiləşdirsinlər. Mən isə bunu görmürəm. Hamı mənəm-mənəmlik xəstəliyinə tutulub.
Bu gün Elçibəyin öz tərəfdarları, onun yolunu tutduğunu deyənlər vaxtı ilə Əbülfəz Elçibəyin ayağının altını qazanlar olub. Elçibəy vaxtı ilə xahiş edəndə ki, onun prezidentliyə vahid namizədliyi qəbul olunsun, onlar bununla razılaşmadılar. Ya da ki, Elçibəy “proporsional siyahıya mən rəhbərlik edim, buna 2-3 partiya qoşulsun” deyəndə də bu təklifi dəstəkləmədilər.
Amma dövlət Əbülfəz Elçibəyə qiymət verdi, onunla bağlı lazımi addımlar atdı. Bilirsiniz ki, Elçibəyin ailəsi eks-prezident təqaüdü alır.
- Maraqlıdır, Siyavuş Novruzovun təəssüratlarında Əbülfəz Elçibəyin portreti necədir?
- Elçibəy indi də müzakirə olunur. Əbülfəz Elçibəy yaxşı insan idi. Alim kimi yaxşı alim olub. Vətənini, xalqını sevən bir insan olub. Amma idarəçilik sistemində olmadığına görə, siyasi təcrübəsi yox idi. Bu da başadüşüləndir.
Akademiya institutundan çıxıb ölkə idarə etmək çox çətindir. Keçmiş post-sovet məkanında da bu cür insanlardan kim rəhbərliyə gəldisə, qısa müddətdən sonra hakimiyyətdən getdi. Çünki idarəçilik sistemi tamam başqa bir şeydir.
Əbülfəz Elçibəy bəlkə də prezident kimi fəaliyyət göstərə bilərdi – təcrübəli kadrları ətrafına yığsaydı. O zaman isə bütün strukturlar təcrübəsiz insanların əlində idi. Bu, Azərbaycanı 10 illərlə geri atdı. Rayonda heç bir təhsili olmayan insanı gətirib icra başçısı təyin edirdilər. Nə var ki, o hamıdan qabaq AXC-yə yazılmışdı. Ya da meydanda daha çox qışqırmışdı. Bunlar isə ölçü meyarı deyil.
O zaman Prezident Administrasiyasına, Nazirlə Kabinetinə nəzər salsaq, təhlil aparsaq, görərik ki, bir neçə köhnədən işləyən insanları çıxmaq şərti ilə, yeni gələnlər heç oranın qapısının necə açılıb-örtülməsini öyrənə bilmirdilər.
- Vladimir Jirinovski Azərbaycan haqda hər dəfə bir söz deyir. Gah tərif yağdırır, gah da ağlagəlməz ifadələr işlədir.
- Jirinovskini hamı tanıyır da.
- Bəs o zaman Azərbaycan onu niyə ölkəyə buraxılmışdı?
- O, Rusiya parlamentinin nümayəndəsi kimi Azərbaycana gəlmək istəyirdi. Bun hər hansı bir qadağa da qoymaq olmazdı axı! Onun gəlib Azərbaycanı görüb getməsi çox şeydir. Qoy Azərbaycanı öz gözləri ilə görsün. Bunun təbliğat əhəmiyyəti daha böyükdür. Gözlə görülən şey həmişə yadda qalır.
- Keçmiş nazir Ziya Məmmədov da ölkə gündəmindədir. Yazırlar ki, guya onu həbs gözləyir.
- Onun vəzifədən çıxarılması prezidentin səlahiyyətinə daxil olan məsələdir. Mən huna qarışa bilmərəm. Təyin edən də prezidentdir, azad edən də. Digər bir tərəfdən, kiminsə hər hansı bir nöqsanı varsa, bunu aidiyyatı qurumlar araşdıracaq. Yerdə qalanların danışması isə keçmiş sosializmdən qalan şeydir – gedənin dalınca danışmaq, gələni tərifləmək.
- Bəs belə şəxslərin YAP sıralarından çıxarılması necə?
- Kimsə konkret cinayət törətməyibsə, vəzifədən çıxması onun partiyada işinə xitam verməsi üçün əsas deyil.