“Məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb” - Deputat
Millət vəkili Yevda Abramovun verdiyi müsahibəni təqdim edirik:
- Tez-tez rayonlarda yerli əhali ilə, seçicilərinizlə görüşürsünüz. Əhalini hazırda daha çox hansı məsələlər qayğılandırır, vəziyyət necədir?
- Əhalinin əsas qayğıları məişət qayğılarıdır, maddi vəziyyətlə bağlıdır. Birinci devalvasiyadan sonra əhalinin gələcəyə ümidləri azalmamışdı. Düşünürdük ki, qısa zaman çərçivəsində bu problemlər həll olunacaq. Ardınca, gördüyünüz kimi, ikinci devalvasiya baş verdi. İkinci devalvasiyadan sonra isə xalqın maddi durumu zəiflədi. Ona görə də mən bütün bunları nəzərə alaraq seçicilərinin yanında olan bir millət vəkili kimi bu məsələləri parlamentdə gündəmə gətirdim. Mən o sözləri imic, reytinq qazanmaq məqsədi ilə deməmişdim. Ona görə demişdim ki, məsul şəxslər bu məsələlərə ciddi yanaşsınlar. Var qüvvələrini, imkanlarını bu işə sərf edib, Azərbaycan xalqını və dövləti bu vəziyyətdən çıxara bilsinlər. Digər ölkələrdəki vəziyyətlə burdakı durumu tutuşdursunlar. Eyni mərhələni keçən başqa dövlətlərdəki vəziyyəti izləsinlər. Başqa ölkələrin milli valyutalarının xarici valyuta qarşısındakı vəziyyətini izləsinlər və ən optimal təcrübəni Azərbaycana gətirsinlər. Bu vəziyyətlə tək Azərbaycan üzləşməyib ki. Qonşu ölkələrdə, neftdən asılı olan dövlətlərin əksəriyyətində də belədir. Təbii ki, maddi durum, iqtisadi böhran ölkənin siyasətinə də mənfi təsir göstərir. Neftin qiymətinin baha olduğu dövrdə biz bir çox məsələləri asanlıqla həll edirdik, xalqın maddi rifahı yaxşı idi. Bütün bunlara baxmayaraq, yeni büdcədə dövlət sosial məsələləri unutmayıb. Bu istiqamətdəki xərclər azalmayıb. Amma əsaslı kapital qoyuluşu, investisiya kimi bir sıra istiqamətlərdə xərclər azaldılıb. Bütün bunlar 2017-ci ildə də müsbətə doğru nəyinsə baş verəcəyinə ümidi azaldır. Ona görə də, hazır olmalıyıq. Bu məsələləri gündəmə gətirmişik və əhali arasında da bu işi aparırıq. Yəqin ki, prezidentin tapşırığı ilə gələn ildən maaşlar artırılacaq. Pensiyanın baza və digər hissəsi də artırıla bilər. Biz ehtiyac meyarını da artırdıq. Prezident paket şəklində həyata keçiriləcək bu tədbirlərin nəticəsində xalqı bu vəziyyətdən çıxaracaq. Amma yenə deyirəm, hər kəs öz yerində olmalıdır. Məmur da, millət vəkili də, rayonun icra başçısı da. Aşağı pillələrdən başlayıb ali orqanlaradək biz hamımız xalqın qulluğunda olmalıyıq. Xalqdan yüksək heç nə yoxdur. Xalqı təmin etməkdən müqəddəs heç nə yoxdur. Bu vəzifə ona görə bizə verilib ki, xalqın maddi rifah halını yaxşılaşdıraq. Xalqın əzab çəkməsinə, maddi çətinlikdə olmasına mane olmalıyıq. Hamı cənab prezidentə inanır. Bu inamı biz referendum vaxtı da gördük. Xalq bilərək, düşünərək referenduma gedib səs verdi. Bir daha xalq prezidentini sevdiyini sübut etdi. Amma yenə deyirəm, prezidentin ətrafında olan qüvvələr, digər məmurlar cənab prezident kimi gecə-gündüz xalqı üçün çalışmalıdır.
- Milli Məclisdə təmsil etdiyiniz bölgədə sosial vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Torpağın məhsuldarlığı, iş adamlarının imkanları Quba-Qusar bölgəsində digər bölgələrə nisbətən daha əlverişlidir. Bununla belə əhalinin sosial vəziyyətinin ağırlığı diqqət çəkir. İnsanlar daha çox hansı problemlərdən şikayətçidir?
- Bizim əhali əsasən meyvəçilik istiqamətində ixtisaslaşan camaatdır. Sovet dönəmində burda 2-3 iri konserv zavodu var idi. Zavodların birində 1200, digərində 500 insan işləyirdi. Bir evə 2-3 nəfərin maaşı girirdi. İstehsal edilən məhsullar da Sovet bazarı kimi nəhəng əraziyə çıxarılırdı. İndi isə insanlar alma ağaclarını kəsib başqa orientasiyaya keçə bilmirlər. Əkinçilik-heyvandarlıq kimi sahələrlə məşğul olanlar da var. Amma yenə də meyvəçilik burda insanların milli gəlirində əsas rol oynayır. Amma xalq öz almasını harada satmalıdır? Artıq yanvarın 1-dən gömrükdə "yaşıl dəhliz" fəaliyyətə başlayacaq və bu koridorla əhali məhsulunu Rusiya və digər qonşu ölkələrə apara biləcək. Bu gün əsas məsələlərdən biri də hər bir rayon icra başçısının öz əhalisini işlə təmin etməyə çalışmasıdır. Rusiyada əvvəlki yaşayış da qalmayıb və Rusiyadan vətənə qayıdanların sayı çoxdur, əksəriyyəti də gənclərdir. Bu gənclərin asudə vaxtlarının səmərəli keçməsi, maddi vəziyyətlərinin normal olması üçün iş yerləri lazımdır. Gənclərimiz sabah ailə quracaq, özü üçün təsərrüfat yaratmalıdır, fərdi ev tikməlidir, ata-anasına yardımçı olmalıdır. Ona görə də biz parlamentdə məsələ qaldırdıq ki, rayonlara dotasiya vermək lazım deyil. Hər bir rayon dotasiyasız işləməlidir. Hər rayon özünün təsərrüfat strukturuna uyğun iqtisadiyyat qurmalıdır. Özləri seçim etməlidirlər. Qubada da iki aydır ki, fındıqçılığın inkişafı ilə bağlı ciddi iş görülür. Dünya bazarına fındıq çıxarmaq üçün geniş imkanlarımız var. İnsanlar yüz hektarlarla ərazidə fındıq bağları salıblar. 2-3 ildən sonra bağlar məhsul verəcək.
- Ölkədəki proseslər icra başçılarının üzərinə yeni vəzifələr qoyur. Bəzi hallarda millət vəkilləri icra başçılarını sərt tənqid də edirlər. Sizin fikriniz necədir?
- Bilirsiz, sərt çıxış etmək asandır, yeri gələndə sərt çıxış etmək populyarlaşacaq da. Mən şəxsən rayonun icra başçısının yanındayam. Həmişə rayona gələndə onunla görüşürəm, problemləri öyrənirəm. Onların özləri də obyektiv və subyektiv çətinliklərlə üzləşirlər. Deputat bu çətinlikləri icra başçısı ilə bölüşməlidir. İcra başçısını tənqid etməklə iş bitmir. Əl-ələ verib rayonun mütəxəssisləri ilə birgə müşavirələrdə iştirak edib iqtisadi inkişaf perspektivlərini analiz etmək lazımdır. Hökumət hər iqtisadi rayonda geniş müşavirə keçirməlidir. Həmin zonalardan seçilmiş deputatlar çıxış etməlidir. Mütəxəssislər, rəhbər vəzifələrdə çalışmış stajlı kadrlar, qocaman insanlar çıxış edib təcrübələrini bölüşməlidir, yol göstərməlidir. Görürsüz, cənab prezident nə qədər uzaqgörən siyasət yürüdür, rayonları bir-bir gəzir. Pambıqçılıq ənənələri yenidən qayıdır. İpəkçilik, baramaçılıq, tütünçülük, üzümçülük, bütün ənənəvi sahələr dirçəldilir. Çünki artıq neft epoxası bitmək üzrədir. Neftə ümid bağlamaq olmaz. Ona görə də alternativ sahələr olmalıdır ki, həmin sahələrin istehsal etdiyi məhsulları xarici bazara çıxararaq ölkəmizə valyuta gətirək. Məhz valyuta gələndən sonra manatı üzən məzənnə siyasəti ilə xilas etmək olar. Manatı sərbəst buraxıb, hara qədər üzə bilirsə və harda dayanırsa orda da bizim manatımız öz real dəyərini tapa bilər. Amma manatı üzməyə qoymurlar, müdaxilələr edirlər.
- Manatın məzənnəsinin nəzarətdə saxlanması gözlənilməz ssenarilərlə əlaqələndirilir. Necə düşünürsüz, bu gedişlə əhalinin vəziyyəti necə olacaq, yaxın illərdə hansı sosial dəyişikliklər ola bilər?
- Bilirsiz, nikbin olmaq lazımdır, gələcəyə nikbin baxmaq lazımdır. Ulu öndər hakimiyyətə gələndə Azərbaycanın xəzinəsində pul yox idi. Ölkədə taxıl yox idi. O, qonşu ölkələrə mütəxəssislər, müxtəlif insanlar göndərdi, ölkəyə taxıl gətirdi, müqavilələr bağlandı. Bu gün Azərbaycanın milyardlarla pulu var. Neft Fondunun, SOCAR-ın pulu var. Biz kasıb ölkə hesab olunmuruq, həm də bütün pulları gətirib xərcləyə bilmərik. Bizim prezident iqtisadi—siyası prosesləri dərindən analiz edə bilən, Azərbaycanın çətinliklərini hamımızdan əvvəl duyan, dünyada gedən prosesləri də analiz edib Azərbaycanın inkişafı ilə uyğunlaşdıran və sərt strategiyası olan bir prezidentdir. Bizim gələcək iqtisadi inkişafımızla bağlı 12 maddəlik strateji yol xəritəmiz var. Sadəcə olaraq, prezidentin yanında olmaq lazımdır. Xalqı sevmək lazımdır. Vətəni sidq-ürəkdən sevmək lazımdır. Xalqın çətinliyini görmək, xalqla nəfəs almaq lazımdır. Xalqın çətinliyini gözü ilə görməyən şəxs bunu dərk edə bilməz. Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Biz 2017-ci ili adlaya bilsək, 2018-ci il bizim ümumdaxili məhsulumuz artacaq. Manat öz layiqli yerini tuta bilər. Hər şey kadrların səriştəliliyindən asılıdır. 2017-ci ildə Azərbaycanda çox şeyi kadrlar həll edəcək. Əgər kadr yerindədirsə, tutduğu vəzifəyə layiqdirsə o, Azərbaycanı bu bəlalardan xilas edə bilər. Ümid edirəm ki, cənab prezident gələn ilin əvvəlində özünün vəd etdiyi, mesajını verdiyi bir sıra dəyişiklikləri edəcək və islahatlara doğru gedəcəyik və biz artıq gələn ilin ikinci yarısında hökumətin hesabatında cənab prezidentin məruzələrində mənim bu gün dediklərimi oxuya biləcəyik.
- Gələn il tam üzən məzənnəyə keçidin baş verəcəyi bildirilib. Bu o deməkdir ki, daha ağır bahalaşma dalğası yarana bilər. Əhalini qorumaq üçün nə etmək olar?
- Üzən məzənnəyə keçmək asan deyil, bunu başa düşmək lazımdır. Bunun yolları var və Rusiya, Qazaxıstan kimi ölkələr bu yolu gedir. Xalq özü də hazır olmalıdır. Amma yenə deyirəm, bizim başqa yolumuz yoxdur. Biz manatı sərbəst buraxmalıyıq. Süni yolla nəfəs verməklə xəstəni 1-2 gün yaşatmaq olar. Düşünürəm ki, gələn il manat üzən məzənnəyə keçəcək və uzağı ikinci kvartalda manat bir yerdə duracaq və real məzənnəsini tapacaq.
Bazara külli miqdarda pul buraxmaq olmaz. Parlamentdə çıxışımdan sonra cənab prezidentin göstərişi ilə bank rəhbərləri tutuldu, qara bazarda insanlar böyük pullarla yaxalandılar. Medaiaya inansaq, məmurlardan biri 100 milyon dolları xaricə çıxarıb. Necə çıxarıb, necə baş verib ki, biz qanunda göstəriləndən artıq pul çıxara bilmirik, o isə 100 milyon dolları çıxarda bilib. Ona görə də xalqın üzərinə də iş düşür. Xalqda bir vətənpərvərlik, təpər olmalıdır.
- Keçən ilin dekabrında Xəzərdə baş vermiş faciə bir ildən sonra yenidən təkrarlandı və 9 neftçinin axtarışı aparılır. Millət vəkili olaraq bu hadisələrə reaksiyanız maraqlıdır.
- Dənizdə neft emalına başlanan gündən bəri, sovet dönəmində də belə hadisələr baş verirdi. O vaxtı bu hadisələri gizlədirdilər. Bu gün isə hər şey çox açıqdır. Xəzər şıltaq dənizdir. Bu hadisələri təxribat adlandıranlar, qəsdən törədildiyini deyənlər var. Mən bu fikirlərin heç birinə şərik deyiləm. Estakadaların köhnəliyi, dayanıqlığının zəifliyi ola bilər ki, qəzalara səbəb olur. Amma mən mütəxəssis deyiləm. Deyə bilərəm ki, Türkiyə, Çində, elə Texasda da belə hadisələr çox olur. Əgər səhlənkarlıq varsa, günah həmin insanların boynundadır. Yetim qalmış insanların ah-naləsi onları tutar. Əgər o estakadaların həddindən çox zəif olduğunu görüb təmir etməyiblərsə və ya digər qurğuların bugünkü tələblərə cavab vermədiyini görüblərsə, yetim qalmış uşaqların, o anaların, o dul qalmış qadınların, həlak olmuş neftçilərin ana-bacılarının ah-naləsi onları tutacaq. Yox əgər bu qasırğadırsa, Xəzərin şıltaqlığıdırsa, burda insan gücü zəifdir. Belə hadisələr okeanlarda, təbiətlə təmasda olan hər yerdə baş verə bilər. Böyük faciədir, hər bir ailənin faciəsi Azərbaycan xalqının faciəsidir. Biz həmin insanların yanında olmalıyıq. Cənab prezident sərəncam da verib, qərargah yaradılıb, aidiyyatı qurumlar yəqin ki araşdırıb müvafiq rəy verəcəklər. Bu hadisələr bizə ibrət olmalıdır. Belə estakadalar varsa, təmir etməliyik, həmin yerlərə insanları göndərməməliyik.
///Lent.az