Ramil Usubovdan rəislərə tapşırıq
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da Göyçay şəhərində növbəti qəbul keçirib
Məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb.
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, rayon Polis Şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 29 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.