Misir Mərdanov qazandığı pullardan danıdı: "Mənə də, övladlarıma da bəs edər"
"Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var”
Bu sözləri keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov müsahibəsində bildirib.
- Çox təkliflər səslənir ki, Elmlər Akademiyası sovetdən qalma struktur olduğuna görə, ləğv edilməlidir. Amma siz inkişaf tempini göstərən məqamları da sadaladınız. İndi nə qərara gələk?
-Əlbəttə, belə fikirlər səslənib. 1990-cı illərin əvvəllərində təəssüf ki, belə fikirlər çox səslənirdi. O zaman ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra onun ilk keçirdiyi yığıncaqlardan biri Elmlər Akademiyasının rəhbərliyi ilə oldu. Heydər Əliyev orada bəyan etdi ki, elm, akademiya bizim milli sərvətimizdir. O gündən bu günə ölkə rəhbərliyinin Azərbaycana elminə diqqəti və qayğısı artıb.
Ötən il Elmlər Akademiyasının Rəyasət Heyəti qərar qəbul etdi ki, dünyanın aparıcı jurnallarında məqalələri çap olunan alimlərə mükafatlar verilsin. Biz institut çərçivəsində 3 dəfə bunu etmişik. Kimin elmi əsəri "Tomson Röyters”in siyahısında çap olunubsa, ona mükafat veririk.
Birinci dəfə elmi məqalə verəndə, hansı jurnalda çap edilməsindən asılı olmayaraq 300 manat veririk. Bir alimin bir ildə 4 məqaləsi çap olunsa, bu, 1200 manat puldur. Elə alim də var ki, 10 məqaləsi çap olunur. Əlbəttə ki, belələri azdır.
Dünyada jurnalların reytinqinə, əmsalına uyğun olaraq qonorar verilir. Elə jurnal var ki, orada bir məqalə çap etdirsələr, 1000 manat alırlar. Elə jurnal da var ki, orada bir məqalə çap etdirsən, 100 manat ala bilərsən.
- Bəs özünüzün necə, məqalələləriniz çıxıbmı?
- Mən 4 ildən artıqdır ki, instituta gəlmişəm. Mənim bu illər ərzində 40-dan çox məqaləm çıxıb. Bu il mənim o dediyim jurnallarda 3 böyük məqaləm çıxıb.
- Bəzən deyirlər ki, Azərbaycan elmi dünyaya çıxa bilmir. Siz isə konkret faktları sadalayırsınız. Bəs mətbuatın, cəmiyyətin niyə xəbəri olmur ki, Misir Mərdanovun xarici jurnallarda məqaləsi çıxıb?
- İnternetdən başı çıxan adam Misir Mərdanov haqda axtarış versə, Vikipediyada məlumat çıxacaq. Orada bütün məlumatlar var. Əslinə qalsa, cəmiyyət elə inkişaf etməlidir ki, hamı bu mənbədən istifadə etsin. Təəssüf ki, internetdən istifadə etmirlər. Mən çıxıb televiziyaya deyə bilmərəm ki, filan qədər məqaləm çap olunub. Elə adamlar var ki, onların 1000 məqaləsi var. Cəmiyyət özü bunları qiymətləndirməlidir. Siz soruşursunuz deyə mən cavab verirəm. Soruşmasaydınız, heç özüm haqda da bunları deməyəcəkdim.
Şəxsən mənim rəhbərliyimlə layihələr həyata keçiririk. Bir layihəmiz var, 4 aydır ki, aparırıq. Biz Gənc Riyaziyyatçılar məktəbi yaratmışıq. 4 aydır, hər həftənin 4-cü günü biz bu işi aparırıq.
Mənə belə gəlir ki, əslində media özü belə məlumatların yayılmasında maraqlı olmalıdır.
Məlumat almaq istəyən çox yerdən tapar. "Tomson Röyters”in özünün səhifəsində məlumatlar əldə etmək olar. İstəyən bunu edə bilər. Çox təəssüf ki, bunu istəyən azdır.
Mən Azərbaycanda elmin inkişaf etmədiyini deyən adamlarla razı deyiləm. Azərbaycanda elm həmişə olub, bu gün də var. Elmi irəli aparan adamlar da var. Dünyada tanınan alimlərimiz də var.
Bu gün azərbaycanlı alimlər var ki, Amerika, Meksika, Yaponiya ilə işləyirlər. Bu gün 200 azərbaycanlı riyaziyyatçı Türkiyədə işləyir. Türkiyədə riyaziyyat elmini inkişaf etdirən azərbaycanlılardır. Biz onlarla fəxr edirik. Mən hər yay onlarla görüşürəm. Onları dəvət edirəm, gəlib burada mühazirə oxuyurlar.
- Bəs institutunuzun alimlərinin məvacibi necədir? Bildiyimizə görə, maaşlar o qədər də yüksək deyil.
- Əlbəttə ki, arzuolunandan aşağı səviyyədədir. Ancaq biz şərait yaradırıq və imkan veririk ki, qabiliyyətlli alimlərimiz burada işləməklə yanaşı, başqa ali məktəblərdə də çalışsınlar. Üzdə olan bacarıqlı alimlərimiz diqqətimizdədir. Yaxşı məqaləsi, kitabı çıxanlara mükafatlar veririk. Eyni zamanda akademiyanın özü də verir. Hər il Elm Fonduna xeyli miqdarda pul ayrılır. Kim bu fondun qrantını udursa, ondan istifadə edir. Bizim institutda da bu qrantdan udanlar var. Dünyanın müxtəlif fondları qrant proqramları elan edirlər. Qabiliyyətli alimlər bu proqramlarda iştirak edir və qrantlar alırlar. Hesab edirəm ki, müntəzəm elmi-tədqiqat işləri ilə məşğul olan, dünyada özünün sahəsinə aid olan elmi-tədqiqatları izləyən alim bu gün normal yaşaya bilər.
- Nazir Misir Mərdanovla institut direktoru Misir Mərdanov arasında hər hansı bir fərq görürsünüz?
- Müəllim, rektor, prorektor, nazir olmuşam, indi də institut direktoruyam. Nə davranışımda, nə də insanlara münasibətimdə bir dəyişiklik var. Yalnız və yalnız yaxşılığa doğru dəyişiklik ola bilər.
- Bildiyimiz qədəri ilə 2200 manat təqaüd, 900 manata yaxın da institutdan məvacib alırsınız. Bu yəqin ki, dolanışığınıza bəs edir.
-Tam bəs edir. Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur. Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam.
Ailəmdən, övladlarımdan çox razıyam. Hər gün onlarla danışıram, nəvələrimi soruşuram. İşə gələndən sonra həyat yoldaşımla bir neçə dəfə telefonda danışıram.
- Bu il istirahət üçün hansı ölkəni seçəcəksiniz?
- Əsas Azərbaycan olacaq. Amma eyni zamanda Allah qismət etsə, 10 gün Türkiyədə, 10 gün də Berlində istirahət etmək fikrim var.
Bundan başqa, mən İsmayıllıda da olacağam. Orada mənim evim var. Novxanıda da bağda olacağam.
- Qayınatanız və qayınananızın məzarları Berlindədir. Yoldaşınızın ana tərəfi almandır. Maraqlıdır, yoldaşınızla necə tanış olmuşdunuz?
- Yoldaşımın atası bizim kəndli olub. Onun atası ilə anası Sibirdə sürgündə tanış olublar, orada evləniblər, sonra övladları olub. 1955-1956-cı illərdə bizim kəndə gəliblər. Yəni mən özüm kəndimdə olan adamla ailə həyatı qurmuşam.
- Nazir olanda o dövrün əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə aranızda mübahisələriniz olub. Bu gün Əli Nağıyevlə əlaqələriniz varmı?
- Bu mövzuda danışmaq istəmirəm. Əli Nağıyev indi işləmir. Elə adamın xətrinə dəymək olmaz. Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var.
- Ümumiyyətlə, keçmiş nazirlərlə münasibətləriniz qalıb?
-Müəyyən tədbirlərdə görüşürük, səmimi söhbətlərimiz olur.
- Hobbiniz nədir?
- Hər gün təxminən 3 saat havada gəzintidə oluram. Əsas hobbim budur. Yayda hava yaxşı olanda dənizə gedirəm. Dənizdə üzməyə, dəniz kənarında gəzməyə maraqlıyam. Başqa bir hobbim yoxdur.
- Cəmiyyət arasına çıxdıqda yəqin ki, sizə çox adam yaxınlaşır.
-Mən həmişə hörmət görmüşəm. Bu illər ərzində cəmiyyətdə mənə çox böyük hörmət, ehtiram görmüşəm. Buna görə də, hesab edirəm ki, keçmişdə çəkdiyim zəhmətlər hədər getməyib. Hər yerdə, uşağından böyüyünə qədər mənə hörmət edirlər. Hara gedirəm, qapılar üzümə açılır, hörmətlə yanaşılır. Hətta yolda maşınla gedəndə yol polislərindən, müfəttişlərdən həmişə hörmət görmüşəm. Bu baxımdan mən özümü xoşbəxt sayıram.
- Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir çox nazirliyə "qarmaq” atdığı deyilir. Siz nazir olarkən, Təhsil Nazirliyini də "ilişmək” istəmişdilərmi?
- Xeyr, heç zaman belə söhbət olmayıb. (Modern.az)