Ziyalılar Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi
"Cənab Prezident, biz cəmıyyətın yaxşı tanıdığı bır jurnalıstın taleyındən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edirik."
Bu barədə Azərbaycanın tanınmış ictimai xadimlərinin həbsdə olan "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.
Müraciəti Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, kinorejissor və ssenarist Ramiz Fətəliyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas-alim Fərda Əsədov, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistikanın İnkişafına Yardım Mərkəzinin rəhbəri Qulu Məhərrəmli imzalayıb.
“Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq, sizdən artıq dərəcədə xahiş edirik ki, Turan İnformasiya Agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz. Bu şəxsin ölkə mətbuatının ınkışafında böyük xidmətləri var, o nüfuzlu jurnalist və media eksperti kimi dunyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb”, sənəddə qeyd edilir.
İctimai xadimlər xatırladır ki, Turan agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadısının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb.
“Xocalı faciəsi barədə dunyaya ilk məlumatı məhz "Turan" agentliyi çatdırıb.Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhlız” fılmındə Turanın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsinda dunyada yarım milyarddan çox insan Xocalı faciəsi barədə məlumatlandırılıb”.
Müraciətdə həmçinin qeyd edilir ki, Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ılə həbsdə saxlanılması inandırıcı deyil, çünkü ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.