Oktyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyası Federal Assambleyası Milli Şurasının sədri Andreas Aebi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə mövcud olan yüksək səviyyəli əməkdaşlığın iqtisadi sahədə əlaqələrin inkişafına da müsbət töhfə verdiyi qeyd olunub.
Söhbətdə Azərbaycanla İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişafında qanunverici orqanların rolu vurğulanıb, o cümlədən dostluq qrupların müsbət fəaliyyəti qeyd olunub. Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər və fikir mübadiləsi əhəmiyyətlidir.
Görüşdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.