Oktyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə Parlamentin spikeri Polşanın Azərbaycan üçün dost ölkə olduğunu bildirərək, iki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.
Sahibə Qafarova ötən ay Polşa Senatının sədri Tomas Qrodzki ilə Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşü xatırlayaraq, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparıldığını bildirib. Qanunverici orqanlar arasında münasibətlərin mövcud səviyyəsindən danışan Milli Məclisin sədri dostluq qruplarının uğurlu fəaliyyətinin, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib.
Görüşdə 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açan Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Münaqişənin artıq tarixə çevrildiyini bildirən Milli Məclisin sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinə başladığını diqqətə çatdırıb. Spiker qeyd edib ki, Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin edilməsində maraqlıdır. Milli Məclisin sədri Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu vurğulayaraq, işğalçı ölkə tərəfindən törədilən təxribatlar haqqında məlumat verib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Polşanın ölkəmizdəki səfiri Rafal Poborski ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr möhkəm əsaslara malikdir. Siyasi sahədə mövcud olan müsbət dialoqun iqtisadi, humanitar sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını söyləyən Rafal Poborski ölkəmizdə diplomatik fəaliyyəti dövründə dost ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermək üçün çalışacağını bildirib.
Səfir qanunverici orqanlar arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu əlaqələrin uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.