"O televiziya işçilərinə deyib ki, Qənirə Paşayevanın bir kadrı da efirdə görünməsin"
Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə maraqlı paylaşım edib.
Deputat televiziyalarımızla bağlı fikirlərini yazıb: "Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verilişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı."Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona "xoşbəxt olsunlar, sənun üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb növbəti dəfə nə yaxşı ki, vaxtında getdin televiziyadan dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır.
Deputat daha sonra qeyd edib ki, tənqidi fikirlərinə görə bəzi televiziyalar ona qadağa qoyub:
"Bir çox insanlar tez-tez "Qənirə xanım niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz axı siz bu sahədən gəlibsiniz" deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, "onu efirə çağırmayın" deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "vallah Qənirə xanımın üzünə baxanda utanırıq amma neyləyək" deyir. Mən də uşaqlara narahat olmasın mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!"