AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın İtaliyadakı səfiri: Ermənistan Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməli və faciə qurbanlarından üzr istəməlidir

  • + A
  • - A
  • 24-02-2022, 17:51

    Azərbaycanın İtaliyadakı səfiri: Ermənistan Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməli və faciə qurbanlarından üzr istəməlidir

    İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi dərc olunub.
    Məqalədə qeyd olunur ki, hər il 30 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciənin anılması zamanı Azərbaycanda bütün həyat sanki dayanır, təkcə o faciəni canlı olaraq yaşayanlar deyil, həm də daha sonra dünyaya gələn hər bir azərbaycanlı həmin anım gününü dərin hüznlə yaşayır və bütün azərbaycanlıları baş verənləri unutmamağa, həqiqətləri danışmağa və ədalətə ümid etməyə olan ehtiyac birləşdirir.
    Diplomat həmin uzun və dəhşətli gecədə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalı şəhərini mühasirəyə alaraq işğal etdiyini və dinc əhaliyə qarşı bəşəriyyətin indiyədək gördüyü ən böyük vəhşiliklərdən birini törətdiyini bildirərək faciənin acı nəticələri haqqında məlumat verib və Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsinin tək və ya təsadüfi bir akt deyil, Ermənistanın nifrət, irqi və etnik ayrı-seçkilik ideyalarına əsaslanan geniş yayılmış və sistemli vəhşilik siyasətinin və praktikasının bir hissəsini təşkil etdiyini, Xocalıda qətlə yetirilənlərin yeganə “günah”ının isə məhz azərbaycanlı olmaları olduğunu vurğulayıb.
    Xocalıda baş verənlərin Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin təcəssümü olmaqla yanaşı, münaqişə zamanı Ermənistan hərbi qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi vəhşiliyin ən yüksək nöqtəsi olduğunu bildirən M.Əhmədzadə sözlərinə belə davam edib: “Ermənistanın Xocalıya hücumunda əsas məqsədi təkcə bu şəhəri işğal etmək deyil, həm də Azərbaycanın Qarabağ bölgəsində və ətraf ərazilərində yaşayan azərbaycanlıların gözlərində dəhşət yaratmaq idi. Ermənistan Xocalıda qanlı qırğın törətməklə Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başlamış, ölkəmizin ərazisinin 20%-ni hərbi yolla işğal etmiş, bir milyondan artıq azərbaycanlıya münasibətdə etnik təmizləmə həyata keçirmiş, onları öz yurd-yuvalarından zorla qovmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etmişdir. İşğal zamanı ümumilikdə 30 min insan həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur, 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyi hələ də naməlum olaraq qalmaqdadır.”
    Diplomat məqaləsində 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı da Ermənistan tərəfindən qəsdən mülki azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş ağır cinayətlərdən bəhs edib, istər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə dinc azərbaycanlı əhalinin bombalanmasının Ermənistan hakimiyyətinin mülki azərbaycanlılara qarşı düşünülmüş siyasətinin və sistemli zorakılıq aktlarının bariz sübutu olduğunu bildirib.
    Məqaləsində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət verilməsi istiqamətində aparılan işlərə diqqət çəkən diplomat bildirib: “Artıq uzun illərdir ki, Xocalı hadisələrinin xatirəsinin anılması ölkəmizin hüdudlarını aşmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün başlanılmış “Xocalıya ədalət!” kampaniyası faciə ilə bağlı dəhşətli faktların, Xocalı həqiqətlərinin milyonlarla insana çatdırılmasında həlledici rol oynamışdır. “Xocalıya ədalət!” kampaniyası nəticəsində bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi kəskin şəkildə pislənilmiş və soyqırımı cinayəti kimi tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Xocalıda mülki azərbaycanlıların qətlə yetirilməsinin “müharibə cinayəti və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusilə ağır hərəkətlər” olduğu barədə qərar çıxarmışdır.”
    M.Əhmədzadə məqaləsinə İtaliyada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər barədə məlumat verərək davam edir: “Azərbaycanla dost və həmrəy olan İtaliyada son illər ərzində bu kampaniya çərçivəsində Xocalıda baş verənlər barədə həqiqətlərin yayılması məqsədilə çoxsaylı tədbirlər keçirilib. Bu xüsusda, Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı italyan aktyorlar və musiqiçilərin iştirakı ilə ədəbi-musiqili tamaşa, litvalı müharibə jurnalisti Rikardas Lapaitisin xatirələri əsasında çəkilmiş “Sonsuz dəhliz” sənədli film bir neçə dəfə nümayiş etdirilib, 2018-ci ildə Senatın Kitabxanasında Arye Qut və Əmir Qutun həmmüəllifi olduqları “Ağrı” kitabının və 2019-cu ildə Deputatlar Palatasında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın iştirakı ilə Barbara Kassaninin müəllifi olduğu və bu faciədən bəhs edən “Bakıda taksi sürücüsü” kitabının təqdimatı keçirilib. Bununla yanaşı, kampaniya çərçivəsində, həmçinin akademik qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən çoxsaylı seminarlar, konfranslar, İtaliyadakı Azərbaycan icması təşkilatları, tələbələrimiz və italyan dostlarımızın təşəbbüsü ilə İtaliyanın müxtəlif şəhərlərinin əsas meydanlarında aksiyalar və nümayişlər də keçirilib. Fürsətdən istifadə edərək, bu kampaniyaya dəstək verən, Xocalıda törədilmiş cinayətləri pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən hər kəsə, o cümlədən çoxsaylı italyan parlamentarilərə, akademik və mədəniyyət çevrələrinin nümayəndələrinə, jurnalistlərə dərin təşəkkürümü bildirirəm”.
    Diplomat cari ildə də Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə İtaliyada bir sıra tədbirlərin keçiriləcəyini, bu xüsusda, Romada Arye Qut və Amir Qutun həmmüəllifləri olduqları kitabdan ilhamlanan italyan yazıçı Klaudia Di Domenikonun ssenari müəllifi olduğu “Ağrı” adlı ədəbi-musiqili tamaşanın nümayiş olunacağını bildirib. Bu il həm də Xocalı soyqırımının tanınması ilə bağlı irəli sürülən “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” təşəbbüsü ilə bağlı İtaliyada tədbirin keçiriləcəyini deyən diplomat bu təşəbbüs barədə də məlumat verib. Diplomat bölgədə real barışıq və münasibətlərin normallaşması üçün 30 ildir inkar siyasəti yürüdən Ermənistanın Xocalı faciəsinə görə öz məsuliyyətini etiraf etməsinin və faciə qurbanlarından üzr istəməsinin vacib olduğunu qeyd edib. Bütün bunların istər tarixi nümunələr, istər Ermənistanın keçmişi ilə hesablaşması, istərsə də regionda dayanıqlı sülhün bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
    M.Əhmədzadə məqaləsini bu fikirlərlə tamamlayıb: “Bu dəhşətli faciənin 30-cu ildönümü günündə Xocalıya ədalət deyə çağıran səsin daha da ucalmasının vaxtı çatıb. XX əsrin sonlarında bütün sivil bəşəriyyətin gözü önündə Xocalıda törədilən vəhşiliklərə biganəlik, yüzlərlə dinc insanın qətlə yetirilməsinin cəzasız qalması yeni faciələrə yol aça bilər. Biz bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsini və bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan bu qətliamı soyqırımı kimi tanımasını gözləyirik. Bütün bunlar Xocalı qurbanlarının anılması və bu faciəyə münasibətdə ədalətin bərqərar olması üçün vacibdir.”

    Məqalə ilə aşağıdakı keçidlərlə tanış olmaq mümkündür:
    https://www.ilgiornale.it/news/mondo/khojaly-riconciliazione-passa-riconoscimento-2012749.html


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR