Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumuna videomüraciət ünvanlayıb.
Forum iştirakçılarına ən xoş arzularımı çatdıran Şimali Makedoniya Prezidenti üzrlü səbəbdən Bakıya gələ bilmədiyinə görə təəssüfləndiyini vurğulayaraq deyib: “Hörmətli cənab Prezident İlham Əliyevə belə görkəmli şəxsiyyətləri bir araya gətirən Forumu himayə etdiyinə görə ən dərin ehtiramımı bildirirəm. Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə üç gün ərzində bu tədbirdə zəmanəmizin ən böyük və ən çətin çağırışları müzakirə ediləcək. İnanıram ki, müdriklik və dərin siyasi təcrübə məhsuldar debatlara töhfə verərək, yalnız vəziyyətin təhlili deyil, problemlərin həll yolları tapılmasına da kömək edəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə Qərbi Balkan ölkələrini öz təşəbbüslərinə tez-tez qoşduğu üçün xüsusilə minnətdaram”.
Ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən görüşdə pandemiya, təhlükəsizlik məsələlərini və Avro-Atlantik məkanda vəziyyəti müzakirə etdiklərini xatırladan Stevo Pendarovski deyib ki, həmin tədbirdə dialoqun cəmiyyətin problemlərinin həlli zamanı istifadə olunacaq yeganə yol olduğu ilə bağlı razılığa gəldik. Balkan xalqları olaraq biz bunu yalnız kitablardan deyil, elə də uzaq olmayan keçmişimizdən bilirik. Müharibələrin təsiri indiyədək davam edir. COVID-19-un başa çatdığı bir vaxtda gözlənilmədən heç kimin ağlına gətirməyəcəyi hadisə baş verdi. Ötən dörd ay ərzində Ukraynadakı müharibə təsdiq etdi ki, artıq regional savaş deyə bir məfhum yoxdur. Artıq bütün münaqişələr qlobaldır.
“Əziz dostlar, hazırkı dünya daha əvvəl rast gəlinməmiş təhdidlərlə üz-üzədir. Gündəlikdə duran iqlim dəyişikliyi, Minilliyin İnkişaf Məqsədləri kimi mühüm mövzular üzərində eyni anda çalışarkən, pandemiya hələ də davam edərkən, fevralın 24-dən bəri bizim ən əsas prioritetimiz Ukraynada sülhü bərpa etmək və yaşayış üçün əhəmiyyətli olan sahələrdə tənəzzülünün qarşısını almaq olub”, - deyən Şimali Makedoniya Prezidenti qətiyyətlə inandığını bildirib ki, bəşəriyyət üçün bu çətin dövrdə sadə insanlarla siyasi liderlər birləşib məntiqli çıxış yolu tapacaqlar. Hamımızın istəyi budur ki, təcavüzün deyil, sülhün bərqərar olduğu dünyada yaşayaq. Əgər qeyri-sabitliyi daimi olaraq yeni norma kimi qəbul etsək, gələcək nəsillər bu dəhşətli səhvə görə bizi heç vaxt bağışlamayacaqlar.
Sonda təşkilatçılara minnətdarlığını bildirən Stevo Pendarovski Forum iştirakçılarına səmərəli müzakirələr arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.