ABŞ-ın keçmiş prezidenti Cimmi Karter müalicədən imtina edib. Qaraciyərinə və beyninə yayılan bədxassəli dəri şişindən əziyyət çəkən Karterə bundan sonra hospis yardımı göstəriləcək.
1976-cı il seçkilərində prezident seçilən Karter xarici siyasətində insan hüquqlarına xüsusi diqqət verəcəyini bildirirdi. Məhz onun administrasiyasının təzyiqləri nəticəsində İran şahı müxalifətə qarşı repressiyaları zəiflətdi və hadisələr monarxiyanın devrilməsi ilə nəticələndi.
Daha sonra şaha ABŞ-da müalicə almağa icazə verməsi Tehrandakı səfirliyin tutulması və diplomatların girov götürülməsi ilə nəticələndi. Maraqlıdır ki, İranda yeni hakimiyyətin tərəfdarları onun şahın müttəfiqi sayıb nifrət edirdilər. Monarxistlər isə, xüsusən də şahın bacısı Əşrəf Pəhləvi, Karterin şahı satdığını deyib nifrət edirdilər.
Onun dövründə Əfqanıstanda ABŞ səfiri Adolf Dabs öldürüldü. Belə hadisələr İsrail və Misir arasında sülh bağlanmasına uğurlu vasitəçilik kimi ciddi nailiyyətlərə baxmayaraq, Karterin nüfuzunu xeyli sarsıtdı. Növbəti seçkilərdə o, Ronald Reyqana, idman termini ilə desək, böyük hesabla məğlub oldu.
“ABŞ-ın ən fağır prezidenti” deyə biləcəyimiz Karterin eks-prezidentliyi daha parlaq oldu. Sülhməramlı fəaliyyətdə bir sıra uğurlarına görə 2002-ci ildə Nobel sülh mükafatına layiq görüldü.
98 yaşlı Karter ABŞ prezidentləri arasında ən uzunömürlü olmaqla yanaşı, 42 illik eks-prezidentlik statusu ilə həm də bu göstərici üzrə rekordçudur. Ona qədər ən uzunömürlü prezident ata-Buş idi – 94 il 5 ay 18 gün. Eks-prezident statusunda ən çox yaşayan isə 1929-1933-cü illərdə prezident olmuş Herbert Huver idi – 31 il.
Görünür, 100 yaşı adlayan ilk ABŞ prezidenti olmaq Karterə qismət olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.