“Əsas məsələ məmur özbaşınalığı ilə bağlı olacaq” - İlham Əliyev
"Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm. Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib”.
"Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev TASS İnformasiya Agentliyinə müsahibəsində deyib. "Elə hallar olubmu ki, gecələr yuxunuz ərşə çəkilib, Sizə elə gəlib ki, nə isə alınmır və daha nə etmək lazımdır?” sualına cavab verən prezident bildirib ki, o, lap əvvəldən bunu əsas götürüb ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir: "Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq. Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib”.
Rayonlara səfərindən danışan İ. Əliyev bildirib ki, prezident seçildiyi ilk illərdə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu: "Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib.
Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir.
Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm”.