Prezident fərmanında şok: Köçkünlərin qaz və işıq limiti də artırıla bilər - Tam təfsilat
Prezidentin məcburi köçkünlərə ayrılan vahid müavinət barədə fərmanına düzəlişlər gözlənilir
Bu barədə Politika.Az-ı bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, hökumət onları sevindirəcək.
Qaçqınların sosial vəziyyətini yaxşılaşdırmaq üçün yeni addımlar atıla bilər. Deputat Elman Məmmədov da musavat.com-a müsahibəsində dəyişikliklər olacağının anonsunu verib.
Millət vəkilinin çıxışından sezilir ki, hakimiyyət bu zümrənin tələblərini nəzərə almağa hazırlaşır. Hazırkı 36 manat müavinətin artırılmasından əlavə, kommunal ödənişlərdəki limitin bu təbəqə üçün ayrıca artırılması nəzərdə tutulur.
Mənbə qeyd edir ki, əhali üçün 1700 kub qaz və 300 kilovat elektrik enerjisi limiti müəyyən edilib. Bu limitin məcburi köçkünlər üçün artırılması gözlənilir.
Əgər qərar qəbul olunsa, qaçqınlara ciddi dəstək olacaq. Hər halda hazırkı limit yetərli deyil. Köçkünlərin əksəriyyəti acınacaqlı vəziyyətdə yaşayır.
Politika.Az xəbər verir ki, deputat E.Məmmədov da dolayısı ilə bu fikirləri təsdiqləyib: “Təbii ki, müəyyən məsələlər var ki, onları əhaliyə aydınlaşdırmağa, izah etməyə ehtiyac var. Ümumi məqsədimiz bu olmalıdır ki, əhalimizin sosial müdafiəsi üçün lazımı tədbirlər görülsün.
Yəni bu istiqamətdə problem yaranmasın. Sərəncamla bağlı qeyd etdiyim kimi əsas olan, müəyyən məsələləri aydınlaşdırmaqdır. Sərəncamdan əlavə, məlum olduğu kimi Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı qərarı var.
Lakin bununla yanaşı, müəyyən analizlər də aparılmalıdır. Burada elə təbəqə var ki, onların ehtiyacları böyükdür. Əhaliyə məsələni aydınlaşdırmaqla bərabər, ciddi təhlillər də aparılmalıdır. Müvafiq orqanların əsas borcu da bu istiqamətdə işlər aparmaqdır”.
Köçkünlərə veriləcək müavinətin məbləği artırıla bilər. Məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq və onlara dövlət qayğısını artırmaq istiqamətində addımlar atılacağı bildirilir.
Məlumata görə, bu il müavinətlərin məbləğinin 36 manatdan yuxarı olacağı gözlənilir. Onu da deyək ki, hakimiyyət işğal edilmiş rayonlarımızdan millət vəkili seçilənlər qarşısında sərt tələblər qoyub.
Deputatlardan məcburi köçkünlərlə təması artırmaq istənilib. Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür.
Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir.
Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar.