“Ermənistanı düşdüyü quyudan yalnız möhtərəm Prezidentimiz qurtara bilər...”- Bayram Səfərov
“Ağılları varsa, işğalçılıq niyyətlərindən əl çəksinlər və cənab Prezident İlham Əliyevə müraciət etsinlər ki, bizə kömək edin...”
Ermənistanda yaranmış hazırkı xaotik bir durumdan yararlanaraq dövlətimizin bütün cəbhələrdə işğal altındakı torpaqlarımızla bağlı fəaliyyətini gücləndirəcəyi gözləniləndir. Bu sahədə ictimai təşkilatlar, qeyri-hökumət qurumları, eləcə də Dağlıq Qarabağın Azərbaycanlı İcması dövlətin siyasətinə dəstək olaraq müvafiq tədbirlər təşkil edə bilər. Həmin qurumların xaricdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlbir işləməsi də vacibdir.
“Həm Dağlıq Qarabağdakı, həm də Ermənistandakı ermənilərin çoxunun sovet dövründən bəri Azərbaycan pasportları var...”
“Dağlıq Qarabağ İcmasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Avropanın paytaxt şəhərlərində, beyin mərkəzlərində Qarabağ məsələsi ilə bağlı mütəmadi tədbirlər keçirərək dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək verməsi gözlənilirmi?” sualına cavab olaraq Dağlıq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov Moderator.az-a bunları söylədi:
“Möhtərəm Prezidentimiz Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi etdi. Diaspor Komitəsinin yeni sədrinə uğurlar arzulayırıq. Biz Qarabağ icması olaraq daim Diaspor Komitəsi ilə birgə işləməyə, məsləhət görülən tədbirləri keçirməyə, Qarabağdakı erməni icması ilə də dialoq qurmağa hazırıq. Amma hazırkı şəraitdə hər hansı bir tutarlı iş görmək mümkün deyil. Çünki Ermənistanda qeyri-sabitlik hökm sürür. Nə qədər ki, orada sabitlik bərpa olunmayıb, nə qədər ki, Ermənistanda nisbətən ağıllı bir rəhbər hakimiyyətə gəlməyib, diasporla, icma ailə görüləcək bütün işlər mənasızdır... Gərək ermənilər özlərinə bir ağıllı-başlı rəhbər seçələr. Ermənistan rəhbərliyi işğalçılıq niyyətlərindən əl çəkə və Azərbaycana, daha doğrusu, ən vacibi, möhtərəm Prezidentimizə müraciət edə ki, bizə kömək edin. Ermənistanı yalnız möhtərəm Prezidentimiz düşdüyü quyudan çıxara bilər. Heç bir dövlət ermənilərə kömək etməyəcək. Əgər ağılları varsa, işğalçılıq niyyətlərindən əl çəksinlər və cənab Prezident İlham Əliyevə müraciət etsinlər ki, xahiş edirik, bizə diqqət və qayğı göstərəsiniz... Onsuz da nəinki Dağlıq Qarabağdakı ermənilərin, hətta Ermənistandakı Azərbaycandan köçmüş ermənilərin də sovet dövründən aldıqları Azərbaycan pasportları var. Və onlar, həmişə dediyim kimi, Azərbaycandan getdiklərinə çox peşimandırlar. Bu dəqiqə hamısının Azərbaycandan ötrü ürəkləri gedir, Sərkisyanlara, Köçəryanlara isə nifrət edirlər...”