AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: “Xəzərdə 260-dan çox gəmimiz var”

  • + A
  • - A
  • 15-05-2018, 09:19

    İlham Əliyev: “Xəzərdə 260-dan çox gəmimiz var”













    “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik”.
    Bunu Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında deyib.

    “Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”, - deyə o vurğulayıb.
    “Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcək. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk.

    “Fikirləşmək olardı ki, biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır”, - deyə o vurğulayıb.

    Prezident qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir: “Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük. Bir daha demək istəyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR