KEÇMIŞ DIREKTORDAN DİM-Ə SƏRT ITTIHAMLAR: “TESTLƏRIN HAZIRLANMASI MƏLEYƏ ABBASZADƏDƏN ALINSIN”
Dövlət İmtahan Mərkəzi (DİM) yenə də abituriyentlərin qəbul imtahanındakı göstəricilərindən razı qalmayıb .Mərkəzin dərc etdirdiyi “Abituriyent” jurnalının 12-ci sayında qeyd olunub ki, orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 30-52 faizini mənimsəyir. Orta statistik məzun məktəb proqramının 48-70%-ni mənimsəmir: “Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir”. DİM orta məktəb müəllimlərinin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələlərini də önə çəkib.
Qurum həmçinin orta statistik abituriyentə nəzərən zəif nəticə göstərənlərin sayca üstünlük təşkil etdiyini diqqətə çatdırıb və attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə edib. Belə nəticəyə gəlinib ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96.87%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif-0-199 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 49.97%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Məsələ ilə bağlı Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, keçmiş direktor, təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında deyib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi açıqlama bugünkü təhsilin mənzərəsidir: “Bu rəsmi statistik məlumatdır. Təhsildə bugünkü vəziyyətində Təhsil Nazirliyinin, orta ümumtəhsil məktəblərinin və ya Dövlət İmtahan Mərkəzinin hər hansı təsir gücünü axtarmaq lüzumsuzdur. Vəziyyətin bu yerə çatması ümumtəhsil məktəblərində təhsil mühitinin yoxa çıxması ilə əlaqədardır. Bunu dəfələrlə demişik. Bu səbəbi aradan qaldırmaq üçün də sistemli iş görmək lazımdır. Dövlət İmtahan Mərkəzindən testlərin hazırlanması alınmalıdır. Çünki Dövlət İmtahan Mərkəzi ayrı və yüksək standartlara uyğun testlər hazırlayır. Hansı ki, bu gün təhsilimiz o standartlara uyğun deyil. Əgər bu, monitorinq aparan bir təşkilatdırsa, monitorinq aparan təşkilat eyni zamanda həm sualları hazırlayıb, həm də texnik olaraq onu həyata keçirirsə, əlində daha çox mexanizm olduğu üçün özünü haqlı göstərib Təhsil Nazirliyini haqsız göstərəcək. Bu gün təhsildə baş verən istənilən nöqsana görə cəmiyyətin bütün təbəqələri və qrupları məsuliyyət daşıyır. Bir ilə yaxındır ki, mətbuatda çıxış edirəm. Dövlət İmtahan Mərkəzindən test hazırlanması alınmalıdır və Prezident yanında Sosiologiya Mərkəzi yaradılmalıdır. Bu inkişaf etmiş ölkələrin təcrübəsində də var. Dövlət İmtahan Mərkəzi imtahanların texniki tərəfini həyata keçirilməlidir. Həmin Sosiologiya Mərkəzi də vaxtaşırı monitorinqlər aparmalı və real vəziyyətə uyğun rəylər hazırlamalıdır. Əgər Məleykə Abbaszadə bu gün deyirsə ki, təhsil belə vəziyyətdədir, əslində keçirilən imtahanlara görə nəticə belədir”. Ekspertin sözlərinə görə, heç kim, təhsil ekspertləri, hətta Təhsil Nazirliyinin əməkdaşları da təhsildə olan problemləri inkar etmir: “Amma bu testlər hansı səviyyəyə uyğun hazırlanır və bugünkü real vəziyyətlə nə dərəcədə uyğunlaşır, buna cavab verə bilirikmi? Dövlət İmtahan Mərkəzi imtahanlarda sualları qoyarkən, ilk növbədə real vəziyyətə uyğun tənzimləməlidir. Bəli, problemlər çoxdur. Bununla bağlı da dövlət müəyyən islahatlar aparır. Bu islahatların davamı olaraq yeni nazir təyin olunub. Ümid edirik ki, bu vəziyyətdən çıxmaq üçün yeni nazir müəyyən işlər görəcək. Amma Dövlət İmtahan Mərkəzi qeyri-standart mexanizm formasında belə deyirsə ki, təhsilimiz lap aşağı vəziyyətdədir, əslində bu, dövlət siyasətinə qarşı çıxmaqdır. Təhsilimizdə problemlər olsa da, təqdim olunan səviyyə qədər deyil. İşlər aparılır və aparılan işləri də dəyərləndirməmək ən azı insafsızlıqdır”. Alçina Amilqizi Cebhe.info