AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QUBAD İBADOĞLU 100 İL ƏVVƏLKİ AZƏRBAYCANLA İNDİKİNİ MÜQAYİSƏ ETDİ:"Baş nazir xərcliyini atasından istəyirdi..." - Müsahibə

  • + A
  • - A
  • 28-05-2018, 13:28

    QUBAD İBADOĞLU 100 İL ƏVVƏLKİ AZƏRBAYCANLA İNDİKİNİ MÜQAYİSƏ ETDİ:"Baş nazir xərcliyini atasından istəyirdi..." - Müsahibə















    Azərbaycan Demokratik və Rifah Hərəkatının rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu Strateq.az saytına müsahibə verib. Qubad İbadoğlu müsahibəsində 100 il əvvəlki Cümhuriyyət dövrüylə indiki Azərbaycanı müqayisə edib, həmçinin iqtidar-müxalifət münasibətləri, hakimiyyətin cəmiyyət üzərindəki total nəzarətinin səbəbləri və gücünün qaynağı haqda fikirlərini bildirib.

    Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:



    – Qubad bəy, rəhbərlik etdiyiniz Azərbaycan Demokratik Rifah Hərəkatı yaradılanda özünü Cümhuriyyət, Rəsulzadə ideyalarının davamçısı kimi təqdim edib. 100 illik yubileyi sizin təşkilat necə qeyd edəcək?

    – ADR Hərəkatı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir sıra tədbirlər təşkil edəcək. Təşkilatımızın üzvləri Bakıda, Nərimanov rayonunda Rəsulzadənin baxımsız vəziyyətdə olan büstünü aşkar ediblər. Onun ətrafında iməcilik olacaq. Cümhuriyyətin yalnız adını qeyd etməklə, müəyyən tədbirlər keçirməklə bu işi bitirmək olmaz. Onun adını yaşatmaq üçün ciddi təşəbbüslərə ehtiyac var.

    – Məsələn, nələr etmək olar?

    – Biz müəyyən təşəbbüslərlə çıxış edirik. Ölkə başçısına və Təhsil Nazirliyinə öz təkliflərimizi göndərmişik ki, AXC-nin yubileyi ilə bağlı hansı tədbirləri təşkil etmək olar. Eyni zamanda Mərkəzi Banka müraciət etmişik ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı sikkələr kəsilsin; Rabitə Nazirliyinə məktub göndərəcəyik ki, qurucu liderlərin adlarına poçt markaları buraxılsın. Yəni biz istəyirik ki, AXC ilə bağlı mərasimlər qapalı tədbirlərlə yekunlaşmasın. Yubiley tədbirlərinin davamlı olması üçün addımlar atılsın.

    – Cümhuriyyət qurucularına qarşı bir müxaliflik hiss olunur. Sizcə, niyə 100 illik yubiley ərəfəsində ən azından beynəlxaq konfranslar çağırılmır, onların xatirəsinə abidə kompleksi ucaldılmır, dövlət səviyyəsində başqa təntənəli tədbirlər keçirilmir?

    – Müxaliflik yox, qısqanclıq hiss olunur. Bu, hər yerdə özünü göstərir. Hətta sizə deyim, təşkil olunan tədbirlərdə Məmməd Əmin Rəsulzadənin adı çəkilmir, xidmətləri qeyd olunmur. Cümhuriyyət haqqında yalnız ümumu məlumatlar bölüşülür. Əslində AXC-nin banisi, ideya müəllifi Rəsulzadədir. Onun adının əbədiləşdirilməməsi Cümhuriyyətə olan münasibətin göstəricisidir. Biz hesab edirik ki, qurucu liderlərin xatirəsinə abidə kompleksi ucaldılmalıdır. Onlarla bağlı beynəlxalq səviyyəli konfrans çağırılmalıdır. Bu tədbirlərə xarici dövlətlərin rəsmiləri, diplomatlar, səfirlər dəvət olunmalıdır. Buna Azərbaycan dövlətinin, cəmiyyətinin ehtiyacı var. Bilirsiniz ki, mayın 26-da Gürcüstanda da müstəqilliyin 100 illiyi qeyd olunur…

    – Yeri gəlmişkən, maraqlıdır, gürcülər bu yubileyi necə qeyd edirlər?

    – Gürcüstanda 100 illiklə bağlı dövlət səviyyəsində çox möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bir neçə gün əvvəl oradan gəlmişəm. Artıq yubiley tədbirlərinə start vermişdilər. Hesab edirəm ki, Azərbaycanın belə yüksək səviyyəli tədbirləri keçirməsinə imkanları daha çoxdur: həm maliyyə, həm beynəlxalq əlaqələr, həm də təcrübə baxımından. Azərbaycan indiyə qədər bir sıra beynəlxalq səviyyəli idman yarışlarına, mədəniyyət tədbirlərinə ev sahibliyi edib. Bizim malik olduğumuz infrastruktur da gürcülərdən və ermənilərdən daha yaxşıdır.

    – Bəs çatışmayan nədir?

    – Burada çatışmayan yeganə şey siyasi iradədədir. O iradə ortaya qoyularsa, maliyyə, infrastruktur, təşkilatı işlər baxımından heç bir problem yoxdur. Yaxşı olardı ki, bu tədbirlər mayın 28-ə qədər keçirilərdi. Baxmayaraq, 100 illiklə bağlı tədbirlər ilboyu nəzərdə tutulub. Çünki əsas diqqət Cümhuriyyətin yarandığı tarixədir.

    – Cümhuriyyət liderlərinə qarşı qeyd etdiyiniz qısqanclıq nədən doğur?

    – Əlbəttə, bunu doğuran səbəblər var. Başlıca olaraq, qurucu liderlərin xidmətləri qısqanclığı doğuran səbəbdir. Həmçinin, bu qısqanclığı həmin şəxsiyyətlərin siyasi, mənəvi baxımından böyüklüyü yaradır. Cümhuriyyətin Azərbaycan tarixində, vətəndaşların qəlbində öz yeri var. Onların xalq tərəfindən bu qədər sevilməsi daha çox qısqanclıq yaradır. Rəsulzadənin və silahdaşlarının cəmi 23 ay ərzində gördükləri işlər, indikilərlə müqayisədə daha böyük görsənir. Ona görə də bu işlərin təbliğatında o qədər də maraqlı deyillər.

    Məlumdur ki, Cümhuriyyət liderləri o çətin şəraitdə bir sıra mühüm qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyünü bərpa ediblər, Bakını işğaldan azad edib Azərbaycanın paytaxtına çeviriblər. Qarabağı erməni daşnaklarından tamamilə təmizləyiblər. Şərqdə ilk parlamentli respublika yaradıblar. Qadınlara seçki hüququ, Azərbaycan dilinə dövlət dili statusu veriblər. Cümhuriyyətin parlamenti bu qısa müddət ərzində 315 qanun qəbul edib. Bu qanunların 82-si maliyyə sahəsinə aid idi. Azərbaycan Mərkəzi Bankı yaradılıb. O zaman Azərbaycan ərazisində 3 valyuta vardı, amma onlar Azərbaycanın öz milli valyutasını buraxdılar. Bakı Dövlət Universiteti yaradıldı, Qori Seminariyasının Qazaxda filialı açıldı, o zaman 103 nəfər Azərbaycan gənci oxumaq üçün xaricə göndərildi. Əhəmiyyətli işlərdən daha biri təbii sərvətlərin ölkədən çıxarılmasına qadağa qoyulması ilə bağlıdır. Azərbaycan neftinin sahibi Azərbaycan xalıq idi. Eyni zamanda, ölkənin bütün ərazisində gömrük məntəqələri yaradılmışdı. Bu, çox önəmli idi, çünki artıq Azərbaycanın sərhədləri beynəlxalq miqyasda tanınırdı.

    O hakimiyyətin təmsilçilərinin mənəvi baxımından da hazırki iqtidarın nümayəndələrindən çox böyük fərqi görsənir. Fətəli Xan Xoyski üç dəfə Azərbaycan hökumətinə rəhbərlik edib. O və silahdaşları mənəvi baxımından çox saf adamlar olublar. Təsəvvür edirsiniz, Xoyski, baxmayaraq ki, ölkənin baş naziri idi, amma atasına müraciət edib xərclik istəyirdi. Deyirdi ki, mən əməkhaqqımı başqa məqsədlər, yəni dövlət işləri üçün istifadə edirəm. Atası da deyirdi ki, sən tələbəlik illərində də, baş nazir olanda da məndən pul istəyirsən. Yaxud, baş nazirin müavininin arvadı məsələ qaldırmışdı ki, həyat yoldaşı aldığı maaşı evinə, uşaqlarına deyil, işçilərinə xərcləyir.

    Bütün bunlar indikilərlə müqayisə edəndə, kəskin mənəvi fərqlər yardır. Bu da, təbii, qısqanclığa səbəb olur.

    – Cümhuriyyətin naliyyətlərini qeyd elədiniz. Bəs 100 il sonra, indiki Azərbaycanla müqayisə edəndə hansı fərqlər yaranır? Bu günün mənzərəsi nədən ibarətdir?

    – Təbii ki, o dövrlə müqayisədə Azərbaycanın müstəqilliyi möhkəmlənib. Cümhuriyyət qurulanda, fəaliyyət göstərdiyi dövrdə ona qarşı çox ciddi təhlükələr vardı. Cümhuriyyətin 23 aylıq fəaliyyəti çox gərgin bir dövrə təsadüf edib. Təsəvvür edin, bir ay idi AXC Bakıya gəlmişdi, ingilis hərbi qüvvələri general Tomsonun rəhbərliyi altında Bakını işğal etdi. Tomsonun birinci göstərişi bundan ibarət olmuşdu ki, Bakı limanından Azərbaycanın bayrağı endirilsin. Yəni bizim müstəqilliyimizi tanımırdılar. Amma davamlı səylər nəticəsində xarici siyasət uğurlu oldu və Azərbaycanın müstəqilliyi tanındı.

    Amma o zamankı dövrün şərtlərinə görə resurslar məhdud idi, qlobal səviyyədə ölkənin müstəqilliyini tanıtdırmaq çətin idi.

    İndi bizim resurslarımız var, müstəqilliyimiz daha möhkəmdir, ona qarşı təhlükələr o dövrlə müqayisədə xeyli azalıb. Cümhuriyyət dövrünün parlamentində müxtəlif millətlərin, fraksiyaların, partiyaların çoxluğu indiki Milli Məclisdə yoxdur. O zaman mövcud olan insan haqlarına hörmət, siyasi fəaliyyət imkanları, fərqli fikrə dözümlülük indiki Azərbaycanda yoxdur. Cümhuriyyət qurucularının mənəvi, əxlaqi davranışları da indiki hakimiyyət nümayəndələrində yoxdur. İndikilər onların fəaliyyətini öyrənib mənəvi bir dərs almalıdırlar. Amma təəssüf ki, belə deyil.

    Təsəvvür edirsiniz, o zaman Azərbaycan iqtisadiyyatında aparılan islahatlar indi yoxdur, aparılmır. AXC hakimiyyət gəldikdən sonra əks milliləşdirməni həyata keçridi, neft yataqlarını xarici şirkətlərə qaytardı. Nobel qardaşlarının, Rotşilidlərin əlindən alınmış neft yataqları, mülkiyyətləri özlərinə verildi. Mülkiyyət hüquqlarına çox böyük hörmət vardı. Bu, iqtisadi rəqabət, inkişaf üçün çox əhəmiyyətli bir məsələ idi. Onlar xarici ticarət, maliyyə sahəsində də əhəmiyyətli islahatlar həyata keçirmişdilər.

    – Hansı islahatları qeyd etmək olar?

    – Azərbaycan Xalq Cümhuriyyəti liberal bazar münasibətlərinə əsaslanan iqtisadi sistem qurmuşdu. Baxmayaraq ki, o dövrdə dövlətin iqtisadiyyata müdaxiləsi zərurət idi, qarşıdakı illərdə böyük durğunluq dövrləri yaşandı. AXC-nin sosial proqramları vardı, o imkansız dövlət 103 qabiliyyətli gəncin xarcidə yüksək səviyyədə təhsil almasına şərait yaratmışdı. Onlardan 45 nəfərini təkcə Fransa universitetlərinə göndərmişdilər. İndiki Azərbaycanda isə xaricdə təhsil üzrə dövlət proqramının icrası dayandırılıb. Təbii ki, 100 ildən sonrakı dövrün tələbləri, çağırışları başqadır.

    – AXC dövründəki siyasi, iqtisadi, sosial sahələrdə inkişaf yolunu qeyd etdiniz. Amma 100 ildən sonra Azərbaycanın siyasi inkişafında problemlər var. Həm parlament institutu, həm siyasi partiyalar, həm də azad mətbuat, vətəndaş cəmiyyəti zəif durumdadır. Bir əsr keçməsinə rəğmən, ortada olan problemlər nədən qaynaqlanır?

    – Azərbaycanda indi həm siyasi, həm iqtisadi sahədə institutlar ləğv olunub. Onlar indi ya imitasiya xarakterli fəaliyyətlə məşğuldurlar, ya da sıradan çıxarılıblar. Müstəqil mətbuat, vətəndaş cəmiyyəti, vəkillik institutu bizim gözümüzün qarşısında məhv edildi.

    Hesab edirəm k, Azərbaycanın ən ciddi islahatlara ehtiyac olan sahələrdən biri məhkəmə və ədliyyə sistemidir. Cəmiyyətin, fərdin, ölkənin, sahibkarlığın inkişafı üçün ilk növbədə müstəqil, ədalətli məhkəmə hakimiyyəti olmalıdır. Bayaq 100 il əvvəlki dövrdə mülkiyyət münasibətlərindən danışdıq. Amma indi, təəssüf ki, həmin mülkiyyət münasibətləri yoxdur. Ölkədə sanki əmlakın yenidən bölüşdürülməsi prosesi gedir. İndi müşahidə etdiyimiz nədir: bir naziri işdən çıxarırlar, məlum olur ki, onun əlində böyük kapital, əmlakı var. Həmin əmlakın böyük bir qismini onu əlindən alıb sonra nisbətən sərbəst fəaliyyətinə şərait yaradırlar. AXC dövründə milli iqtisadiyyat qurulmuşdu.

    – Bəs indiki iqtisadi sistemin adı nədir, nəyə əsaslanır?

    – Biz oliqarx iqtisadiyyatından o tərəfə – milli iqtisadiyyata keçə bilmədik. Milli iqtisadiyyat deyərkən, mən iqtisadiyyatın milliləşdirilməsindən bəhs etmirəm. İqtisadiyyatda tarazlaşdırlmış məsələlər – sosial təminatlar, azad sahibkarlıq, milli gəlirlərin, təbii sərvətlərin ədalətli bölüşdürülməsi, təsərrüfatçılıq, milli burjaziya, orta təbəqə var. Amma Azərbaycanda qurulan oliqarx iqtisadiyyatı mili iqtisadiyyata keçid institutlarını inkişaf etməyə qoymadı. Bunlar rəqabət, məhkəmə, mülkiyyət institutlarıdır.

    Siyasi sahəyə gəldikdə, seçki sistemini, azad mətbuatı, vəkillik institutlarını yerindəcə boğdular. Ona görə də Azərbaycandakı vəziyyət xeyli narahatlıq doğurur. Biz çox mürəkkəb bir regionda yerləşirik. Hakimiyyət – xalq münasibətlərində bizim gözləmədiyimiz, proqnozlaşdırmadığımız dəyişikliklər baş verə bilər. Qeyd etdiyim institutların rolu dəyişiklik dövründə daha çox olur, nəinki sabitlik dövründə. Azad mətbuat xalqa düzgün informasiya çatdırmalıdır, eyni zamanda vətəndaş cəmiyyəti xalqın içində olmalıdır ki, hansısa kənar qüvvə vəziyyətdən yararlanmasın. Belə bir situasiya yetişəndə, Azərbaycan dövlətinin maraqlarını xalqın maraqları ilə uzlaşdıracaq qüvvələr önə çıxa bilməyəcəklər. Əksinə, Azərbaycan xalqının maraqlarını başqa dövlətlərin maraqlarına uzalaşdırmaq istəyən qüvvələr meydana çıxacaq.

    – Deməli, bu konteksdə milli təhlükəsizliyə ciddi təhlükələr var…

    – Tamamilə doğrdur. Çox təəssüflər olsun ki, hakimiyyət dövlətin milli təhlükəsizliyi ilə deyil, daha çox özünün təhlükəsizliyi ilə məşğul olur.

    – Problemləri sadalayırsız, onların milli təhlükəsizliyə ciddi problemlər yaratdığını deyirsiniz. Bu gedişat Azərbaycanı hara aparır?

    – Bu gedişat indiki çərçivə ilə bizə yaxşı heç nə vəd eləmir. Ətrafımızda demokratikləşmə prosesləri gedir. Qlobal tendensiya Rusiyadan qaçma meyillərinin gücləndiyini göstərir. Ermənistanda baş verənlər göstərir ki, bu ölkənin Qərbə inteqrasiyasını birmənalı şəkildə gücləndirəcək. Yeni hakimiyyəti nə qədər Rusiya ilə bağlamağa çalışsalar da, o, Qərbyönümlüdür. Onlar çalışırlar ki, Avropa ilə vizasız gediş-gəliş əldə etsinlər, Qərbə inteqrasiya olunsunlar. Təəssüf ki, biz bu inteqrasiyadan geri qalırıq. Bu prosesin sonradan bərpa olunması illərlə vaxt aparan problemə çevriləcək. Artıq Gürcüstan, Ukrayna, Moldova bu mərhələni keçib, indi arxalarınca Ermənistanı aparırılar. Hazırda Belarusda proseslər başlayıb, orada hökumət Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Ola bilsin ki, iyulun 19-da Tiflisdə keçiriləcək qlobal sammitdə onları üzvlüyə qəbul etsinlər. Belarus Avropa İttifaqı ilə ikitərəfli müzakirələr aparır, artıq bu ölkədə siyasi məhbuslar azad ediliblər…

    – Mərkəzi Asiyada da oxşar proseslər gedir…

    – Bəli, demokratikləşmə prosesi Mərkəzi Asiyaya keçib, məsələn, Qazaxıstanda Rusiyadan qaçma meyilləri güclənib. Bu ölkədə əhalinin 35 faizinin rus olmasına və Rusiyanın istəməməsinə rəğmən, latın əlifbasına keçildi. Daha sonra hökumət ABŞ-la hərbi əməkdaşlığa qərar verdi.

    Özbəkistanda da geniş islahatlar başlayıb, bürokratik əngəllər qaldırılır, xarici investisiyalar üçün münbit şərait yaradılır. Liberal gömrük, vergi , valyuta rejimi yaradıblar.

    Qırğızıstanda bu mərhələni bir səviyyədə keçiblər. Yeni mərhələdə onlar demokratikləşmə prosesində daha önə keçəcəklər. Yerdə qalan iki ölkə – Azərbaycan və Tacikistanda bu proseslər getmir.

    – Postsovet cəmiyyətlərində demokratikləşmə, sivil dünyaya inteqrasiyanın gücləndirilməsi təşəbbüsləri yuxarıdan, yoxsa aşağıdan gəlir?

    – Fərqlidir. Özbəkistanda və Qazaxıstanda gedən proseslər yuxarıdan başlayıb aşağıya doğru gedir, amma Ermənistana bunu şamil edə bilmərik. Çünki onlarda proses aşağıdan başladı.

    Postsovet məkanına aid olmasa da , regionun ən mühüm ölkələrindən olan Türkiyədə gedən proseslər də bu ölkənin demokratikləşməsinə gətirib çıxaracaq.

    İrana gəldikdə, bu ölkədə hadisələrin başqa məcraya yönəlməsi labüddür. Çünki İran cəmiyyətinin daxilində böyük bir mina var, əhali hakimiyyətdən narazıdır, ABŞ-ın nüvə sazişindən çıxması milli valyutanı kəskin ucuzlaşdırıb. Hesab edirəm ki, İran xalqı da bu vəziyyətdən çıxıb irəli gedə biləcək.

    – Gələk Azərbaycana… Biz nə edirik?

    – Azərbaycan, təəssüf ki, Rusiyaya yaxınlaşmaq siyasətini davam etdirir. Avropa Birliyi ilə münasibətlərdə baş verənlər, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiya qoyulması, Avropa Parlamentində qəbul edilən tövsiyyələr – hansı ki, orada göstərilənlər yerinə yetirməyincə, AB ilə saziş imzalana bilməz, – göstərir ki, Azərbaycan Avropaya inteqrasiyada maraqlı deyil, bundan sonra da maraq göstərməyəcək.

    Bu günlərdə Azərbaycan rəsmiləri bəyan elədilər ki, Şanxay əməkdaşlıq təşkilatında statuslarını artırmaq istəyirlər. Biz həmin təşkilatda dialoq tərəfdaşı statusundayıq, bundan sonra, ola bilsin, müşahidəçi, lap tutaq ki, üzv olsun. Amma bunlar Rusiyaya lazımdır ki, biz onların beynəlxalq izolyasiyasına qarşı dəstək olaq.

    – Azərbaycan çox kiçik ölkədir, bu qlobal qarşıdurmada Rusiyaya, yəqin ki, mənəvi dəstək ola bilərik…

    – Biz çox kiçik ölkə olsaq da, strateji baxımdan çox əhəmiyyətli mövqeyə malik ölkəyik. –

    – Dediklərinizdən o nəticə çıxır ki, hakimiyyət bir çox hallarda milli maraqları gözardı edir. Bəs cəmiyyətin buna sükutu necə qiymətləndirilə bilər?

    -Çox haqlı sualdır. Nəyə görə deyirlər ki, Azərbaycanda islahatlar getmir? Bunun çox aydın və sadə bir səbəbi var: islahatlar, dəyişiklik üçün ictimai tələb, təzyiq yoxdur.

    – Yaxşı, Sizcə, niyə yoxdur?

    – Çünki bu tələbi formalaşdıran institutlar sıradan çıxarılıblar. Azərbaycan ictimaiyyəti əvvəlki kimi düzgün informasiya əldə edə bilmir. Azərbaycan televiziyalarında verilən xəbərlər, aparılan müzakirələr, demək olar ki, bir siyasi qüvvənin təbliğatına yönəlib. Digər institutlar arasında əməkdaşlıq, konsolidasiya pis təşkil olunub. Məsələn, biz niyə Novxanıya getmirik? Hər təşkilatın Rəsulzadənin abidəsini ayrıca ziyarət etməsi elə Cümhuriyyət qurucularının ruhuna hörmətsizlikdir. Heç olmasa, bu 100 illik yubileydə ictimai-siyasi təşkilatlar həmrəylik göstərib onların abidəsini bir yerdə ziyarət edə bilərdilər. Burada aparıcı qüvvələr var, onların razılığı digər təşkilatların da münasibətinə təsir göstərir.

    – Bu, Azərbaycanda ümumi siyasi sistem problemidir. Müxalifət qüvələrində də vahidlik, ideoloji xətt yoxdur, yəni cəmiyyətin istədiyi alternativi təqdim edə bilmirlər…

    – Ümumiyyətlə, Azərbaycanda ideoloji müstəvi yoxdur. Biri sağçı, biri solçu olsaydı, deyərdik ki, bu iki partiyanın bir arada olması mümkün deyil. Çünki bu qədər ideoloji fər var. Amma üzdə olan təşkilatların hamısı deyir ki, ideologiyası müsavatçılıqdır. Ən azı bunları birləşdirən ideoloji əsaslar formalaşıbsa, fəaliyyət birgə təşkil olunmalıdır. Təəssüflər olsun ki, bu ideoloji müstəvi yoxdur. Olsaydı, bəlkə də Azərbaycan xalqı baş verənləri daha aydın şəkildə qəbul edərdi.

    – Yəni hesab edirsiniz ki, cəmiyyəti birləşdirən dəyər artıq yoxdur…

    – Bizim hamımızı birləşdirən dəyərlər var, amma o dəyərlərə qarşı münasibət fərqlidir. Və dəyərlərin özünün aşılanması prosesi gedir. Müstəqillik vacib şərtdir, müstəqil olmaq üçün gərək resurslarında müstəqil olsun. Əgər resurslar başqa qüvvədən asılıdırsa, heç zaman müstəqil qərar qəbul edə bilməyəcəksən. Bu insanlar indiyə qədər bunu siyasət hesab edib, bir-birlərini aldatmaqla, əzməklə önə çıxmağa çalışıblarsa, haqsız rəqabət aparıblarsa, bundan sonra nəsə gözləməyə dəymir.

    – Gələcəyə çox pessimist yanaşma var…

    – Hesab edirəm ki, Azərbaycan xalqının yaxşı bir gələcəyi var. Çox yanlış yanaşmadır, xalqı qınayırlar, hakimiyyəti dəhşətli bir cin-şeytana bənzədirlər. Ki, bu hakimiyyəti heç zaman dəyişmək olmaz. Bir yanlış yanaşma da ondan ibarətdir ki, iqtidarı yalnız hansısa xarici qüvvələr dəyişə bilər.

    – Əslində, elə müxalifət uzun müddət xarici qüvvələrin dəyişiklikdə rolunu qabardıb. Bu, cəmiyyətdə öz gücünə inamsızlıq formalaşdırıb. Həmişə işarəni kənardan gözləyib…

    – Bəli, bu, çox səhv bir yanaşma olub. Xalqa çatdırmalıyıq ki, biz yalnız özümüzə güvənməliyik. Bizim nicatimız dəyərlərimizdə və özümüzə güvənməkdədir. Şərəfli tarximiz də, yaxş dəyərlərmiz də var. Demirəm ki, hər şey ideal olub, lazım olanda dərs də çıxarmaq lazımdır. Tarixi bilməmək, qiymətləndirməmək kor olmaq kimi bir şeydir. Təəssüflər olsun ki, biz çox inamsız bir vəziyyətə gəlib çıxmışıq.

    – İndiki müxalifətin önüncüllüyü ilə ölkədə dəyişiklik gözlənilirmi?

    – Çətin bir məsələdir. Xalq prosesdə öz liderini müəyyənləşdirir. Kimlərsə özünü lider hesab edə bilər. Mən özümü ADR lideri kimi yox, sədri kimi təqdim təqdim edirəm. Çünki sabah başqa bir təşkilat üzvü də ona rəhbərlik edə bilər. Xalqın öz liderini seçmək şansları qabaqdadır, gələcəkdədir.

    – Bu gələcək nə zaman gələcək, çoxmu uzaqdadır?

    – Bu, ikitərəfli bir prosesdir. Bir tərəfdən mövcud hakimiyyətin zəifləməsi prosesi getməlidir. Digər tərəfdən, ona alternativ olan qüvvələr güclənməlidir.

    – Deməli, hakimiyyət güclüdür...

    – Hökumət monolit deyil…

    – Bəs nə ilə güclüldür?

    – İndiki halda hakimiyyətin gücü onun maliyyəsindədir. Azərbaycan hakimiyyəti heç zaman indiki qədər varlı və şanslı olmamışdı. Neftin qiymətinin bahalaşması hakimiyyətin gücünü-qüdrətini bir az da artırır. Demokratik institutları dağıtdığına görə, hakimiyyət monopol, güclü bir sistem yaradıb. Eyni zamanda xalqın, ictimai-siyasi qurumların üzərində qurduğu nəzarət şəbəkəsi ilə də güclüdür. Hakimiyyətin bir əldə cəmlənməsi istənilən məsələdə onun çevikliyinə, qərar verməsinə şərait yaradır.

    – Sizcə, hakimiyyət əhali təbəqələri arasında hansı qrupların mənafelərini daha çox qoruyur, onun ifadəçisidir?

    – Hakimiyyət istehlakçını müdafiə etmir, o, istehsalçını müdafiə edir. Bu istehsalçı da onun siyasi hakimiyyətinin tərkib hissəsidir. Beləliklə, oliqarxların biznes və siyasi maraqlarını təmin edən bir hakimiyyətdir.

    – Yəni cəmiyyətdən dəstəyi var, qopmuş vəziyyətdə deyil…

    -Mən düşünmürəm ki, hakimiyyətin cəmiyyətdə dayaqları çox zəifdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR