AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq - Sərhəd rayonların rəhbərləri niyə dəyişir?+RƏYLƏR

  • + A
  • - A
  • 10-06-2018, 09:34

    Daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq - Sərhəd rayonların rəhbərləri niyə dəyişir?+RƏYLƏR














    Prezident İlham Əliyev seçkidən sonra kadr dəyişikliklərini davam etdirir. Ölkə başçısının ilk dəyişikliyə Nazirlər Kabinetindən başladığı məlumdur. Belə ki, uzun illər hakim komandada mühüm post tutan bir sıra nazir və komitə sədri işdən çıxarılıb. Onların yerinə isə adları bu təyinatlarda hallanmayan şəxlər gətirilib.

    Qeyd edək ki, ölkə başçısının kadr dəyişikliklərinin davamlı olacağı bildirilirdi. Belə ki, nazir və komitə sədrlərindən sonra növbənin icra başçılarına çatacağı gözlənilən idi. Artıq son günlər icra başçılarının işdən çıxarılmasına başlanılıb. Maraqlısı odur ki, artıq əvvəlki kimi yerdəyişə edilmir, uzun illər özlərinə hakim komandada yer tutmağı bacarmış şəxslər "istirahətə” göndərilirlər.

    Təbii ki, işdən çıxarılan bəzi icra başçılarının "vurulmasında” himayədarlarının artıq hakim komandada təmsil olunmamalarının da rolu var. Yəni, onlardan bəzilərinin sabiq vergilər naziri Fazil Məmmədova bağlı olmaları heç kimə sirr deyildi.

    Amma son günlər işdən çıxarılan icra başçıları ilə bağlı diqqətçəkən başqa məqam da var. Belə ki, işdən çıxarılan bəzi başçılar düşmənlə həmsərhəd rayonlara rəhbərlik edirlər. Bu məqamın da gözardı edilməsi doğru olmazdı.

    Daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq

    Millət vəkili Zahid Oruc prezident İlham Əliyevin icra orqanlarında başladığı "təmizləmə işləri”ni şərh edərkən maraqlı məqamlara toxunub. O, "Bakupost"a açıqlamasında deyib ki, bu, Prezident seçkilərindən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamıdır.

    Z. Orucun sözlərinə görə, ölkə başçısı qarşıya mühüm strateji vəzifələr qoyub: "Biz onları ambisiyalı proqramlar adlandıra bilərik. Yəni, yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdır. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”.

    Sərhəd bölgələrinin icra başçılarının dəyişdirilməsinə xüsusi diqqət çəkən deputat, bu rayonlardan Bakıya əhali axınının qarşısının alınmalı olduğunu deyib:

    "Son qərarlarda gördük ki, Prezidentin icra başçısını çıxardığı rayonlar ermənilərlə təmas xəttində yerləşir: Gədəbəy, Ağdam, Tovuz bilavasitə ermənilərlə təmas xəttidir. Bakıya axın məsələsini yenidən xatırladaraq deyirəm ki, əgər hər hansı mülki vətəndaş öz evini, ocağını tərk edirsə, bu, ön cəbhədə dayanan əsgərin mənəvi-psixoloji halına təsir edir. Biz çalışmalıyıq ki, iqtisadi şərtlər, ipotekalar, vergi güzəştləri və s. ilə bölgələrdə aktivliyi bərqərar edək. Bu aktivlik təkcə Bakıdakı yükü azaltmaq baxımından deyil, Bakı ilə bölgələr arasındakı proporsional inkişafı təmin edəcək və axının da qabağı alınacaq”.

    Z. Oruc icra başçısı təyin olunan şəxslərin yeni dövrün tələblərinə cavab verdiyini deyib: "Həm informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran adamlar bu təyinatlarda yer almaqdadırlar”.

    Daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq

    Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bu barədə fikirlərini "Reytinq”lə bölüşərkən son dəyişiklikləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, cəbhəyanı rayonların başçılarının təyinatı məsələsinə xüsusi həssaslıqla yanaşılmalıdır:

    "Hesab edirəm ki, bu prosesi davam etdirmək lazımdır. Çünki, hər gün ölkə başçısı iş gününə bir neçə nəfər şəxsin məruzəsi ilə başlıyır. O məruzələrin ən biricinsi cəbhəyanı rayonlar və düşmənlə təmas xəttində olan ərazilərlə bağlıdır. Hesab edirəm ki, qəbul edilmiş kadr qərarları içərisində yerlərdəki hərbi komandanlığın da bəzi təklif və iradları mühüm rol oynayıb. Diqqət etsəniz, görərsiniz ki, vəzifələrindən kənarlaşdırılan icra başçılarının əksəriyyəti cəbhəyanı rayonlarda çalışanlardır. Gədəbəy, Tovuz, Ağdam, Naftalan və digərləri. Biz ölkə rəhbərliyinə belə bir təklif vermişdik ki, cəbhə bölgələrinin icra strukturlarına vaxtıykən o yerlərdə xidmət keçmiş təcrübəli generallar və polkovniklər təyin edilsinlər. Bunun effekti və xeyri o qədər yüksək ola bilər ki, sözlə ifadə etmək çətindir. Amma, lazımdır. Mən bunun tərəfdarlarından biriyəm və bu praktikanın Rusiyada, Türkiyədə, Belarusda sınaqdan uğurla keçdiyinin şahidiyəm. Yəni, torpaqları işğal altında olan dövlətin istənilən addımı atmağa haqqı var və bunu kim necə istəyirsə, elə də qəbul etsin”.

    Müsahibimiz müharibə şəraitində yaşayan ölkədə bütün sahələr üzrə islahatlar aparılarkan bu amilinin də nəzərə alınmasının zəruriliyi qeyd edib:

    "Fərqlənən şəxslərin daha yüksək mövqelərə çəkilməsi ənənəsi yaradılmalıdır. Bu, icra strukturlarının daha çevik, daha məsuliyyətli fəaliyyət göstərməsinə şərait yaradar. Bəzən olur ki, bir adam tutduğu vəzifədə uzun müddət qalanda sanki həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən yorulur. Ona görə də kadrların mütəmadi rotasiyası həyata keçirilməlidir”.

    Daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq

    Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə hesab edir ki, icra başçılarının dəyişdirilməsinə sıradan dəyişiklik kimi yanaşmaq lazım deyil. Onun qənaətincə, icra hakimiyyəti başçısı vəzifəsi mühüm dövlət postudur və bu vəzifəyə təyin olunan şəxslər bölgələrdə dövlətin əsas siması, Prezidentin nümayəndəsidir:

    "İcra başçıları seçilərkən onların dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti, insanlarla işləmək bacarığı və s. nəzərə alınmalıdır. Biznes təfəkkürlü şəxslərin icra başçıları təyin edilməsi ilə heç nəyə nail olmaq mümkün deyil. Müşahidələr də göstərib ki, belə icra başçıları təyin edildikləri rayona şəxsi müəssisələri kimi yanaşırlar və dağıdıcılıq fəaliyyəti göstərir, insanları hakimiyyətdən, dövlətdən narazı salırlar. Onlar rayonun "kiçik padşahları" təfəkkürünü dəyişməli və xalqa xidmət etmək məsuliyyəti ilə yaşamalıdırlar. Əksər icra başçılarının fəaliyyətinə baxanda onların öz vəzifələrini dərk etmədiyi görsənir. Əhalinin işlə təminatı, yığılan verginin miqdarı, rayonun özünü maliyyələşdirməsi meyarları onların fəaliyyətində əsas götürülməlidir. Təəssüf ki, indi belə deyil. İcra başçıları yol çəkmək və təmir işləri aparmaqla məşğuldurlar”.

    M.Rəhimli "Reytinq”ə bildirib ki, sərhəd rayonlarının icra başçılarının dəyişdirilməsində məna axtarmaq düzgün deyil: "Xüsusilə, bunu işğal olunmuş torpaqların azad edilməsi istəyi ilə. Torpaqların azad edilməsi təkcə sərhəd rayonlarının fəaliyyəti ilə bağlı ola bilməz. Bu, müharibəni bütövlükdə ölkəmiz aparmalıdır. İşdən çıxarılan başçılar haqqında çoxdan belə bir sərəncamın verilməsi gözlənilirdi. Mən 5 ildən artıq idi eşidirdim ki, Tovuzun icra başçısı işdən çıxarılacaq”.

    Politoloq bir nüansa - icra başçıları ilə Prezident arasında münasibətlərə də diqqət yetirməyi vacib sayır: "Tovuzun icra başısı işdən çıxarılanda açıqlama verir ki, "Nahara getmişdim, gələndə dedilər ki, işdən çıxarılıbsan”. Bu, Tofiq Zeynalovun və onun simasında icra başçılarının Prezidentin yanında nə qədər nüfuzsuz və hörmətsiz olduğunu göstərir. Yəni, başçı işdən çıxarılanda onu xəbərdar etmirlər. Bu, əslində icra başçılarının qanunsuz, yarıtmaz fəaliyyətinin nəticəsındə yaranmış münasibətdir”.

    Onu da qeyd edək ki, icra başçısı dəyişikliyinin davam edəcəyi bildirilir. Məlumata görə, daha bir neçə rayonun rəhbəri də işdən kənarlaşdırılacaq. Bu sırada düşmənlə təmas xətti təşkil edən rayonlarla yanaşı, digər bölgələrimizdəki rayon başçılarının da adı hallanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR