Tarixçi-alim Bayram QuliyevSon baş verməkdə olan siyasi proseslər, Azərbaycan ərazi bütövlüyünü bərpası fonunda ona qarşı basqılar tarix elminin və tarixçilərin önəmini bir daha göz önünə qoymaqdadır. Heç şübhəsiz ki, haqlı olduğumuz halda bizə edilən basqılara qarşı cavab haqqımızdan istifadə etmək hüququmuz var. Belə olan təqdirdə cavabın daha kəskin və gerçəyi əks etdirən olması üçün mütləq keçmişdən sitat gətirilməklə əsaslandırma irəli sürmək lazımdır. Bu əsaslandırma isə tarix ilə daha tutarlı hala gətirilə bilər. Ona görə də respublikanın güclü olduğu qədər çoxdilli və savadlı tarixçilərə ehtiyacı vardır. Zənnimizcə elm və pedaqoji fəaliyyətlə məşğul olan müvafiq qurumlar da səssiz qalmamalı və çağdaş beynəlxalq-siyasi proseslərə münasibət bildirməlidir. Gəlin bir örnək işığında tarixi faktların siyasi basqılara cavab əsaslandırılmasına baxaq.
UNESCO haqqında bu günə qədər fikrim müsbət idi və zənn edərdim ki, heç bir dini, irqi və s fərq qoymadan dünya mədəni irsinə sahib çıxır. Lakin belə deyilmiş. İslam mədəniyyəti, Türk və şərq mədəniyyəti dağılsa da heç bir şey ifadə etməz, əsas xristian mədəniyyəti zərər görməsin. Bu məsələni izah etmək üçün iki məsələyə diqqət yetirmək lazımdır.
Birincisi, ikili yanaşma prinsipidir. 1990-cı ildən 2020-ci ilə qədər Qarabağda məscidlər dağıdılarkən, orada donuz başda olmaqla hər növ heyvan saxlanılarkən UNESCO hara baxırdı?! Azərbaycanda onlarla muzey dağıdılarkən, yaşı 3 min ili ötən abidələr yer üzərindən silinərkən UNESCO hara baxırdı?! Azərbaycan məxsus Azıx mağarasının təxminən 1.5 milyon yaşı vardır və onun divarlarında mədəni terror həyata keçirilərkən, divarlara barbarlıqla adlar yazılarkən bu qurum hara baxırdı?! Azərbaycanı qoyaq qırağa, İraqda Qərbin maliyyələşdirdiyi İŞİD Mesopotamiya mədəniyyətinə aid 5 min illik abidələri yer üzündən siləndə YUNESKO hara baxırdı?! Və ya hazırda Qəzzada onlarla abidə dağılır və YUNESKO hara baxır?! Sadəcə biri bircə dənə fakt göstərsin ki, Azərbaycan tarix boyu hər hansı bir etnik və ya dini təmizləmə aparıb. Azərbaycanda mövcud olan Səlcuqlu və Səfəvi imperiyasında hansı xalq öz dilini itirib və ya abidəsi dağıdılıb. İran ərazisində Molla rejimi hakimiyyətə gələnə qədər Zərdüşt məbədləri belə öz varlığını sürdürmürdümü?! Türk dünyasında Osmanlı 4 yüz il Balkanları öz tərkibində saxladı, buradakı hansı xalq öz dilini və kimliyini itirdi?! Bu cür tarixi kökləri olan Azərbaycan iki-üç erməni kilsəsinə qalıb?!
Kilsələr demişkən Qarabağda mövcud olan kilsələrin 97 faizi Alban dövrünə aiddir və indiki qarabağlılar o zaman xristian idilər. Yerdə qalan 2 faiz rus pravoslav kilsələri, 1 faiz isə Sovetlər sonrası erməni kilsələridir. Bu məsələ təcili öz həllini tapmalı, xristianlıq tarixi geniş araşdırılmalı, UNESCO-un bizdən “qorumağa” çalışdığı Alban Abidələri pasportlaşdırılmalıdır. Nə Xudavəng, nə də Amaras, nə də ki, Gəncəsar erməni abidəsi deyil. Qəbul etsəniz də, etməsəniz də 705-ci ilə qədər Azərbaycan əhalisinin böyük bir qismi xristian idi. Azərbaycanda Xristianlığı Udinlərlə ölçməməliyik. Biz xristian tariximizdən o qədər uzaqlaşmışıq ki, başqaları bizim tarixi özününküləşdirir. Halbuki, ilk xristian məbədi qonşularımızdan öncə Azərbaycanda tikilib ki, bu Şəkidəki Kiş məbədindən başqası deyil. Biz xristian abidələrini dağıdası olsaq elə Şimalı Qafqazdakı yüzlərcə məbədlərimizi dağıdardıq. Artıq çəkingən davramamalıyıq, necə ki, mətbuatımız Əskəran qalasından süjetlər hazırlayır, onlar bunu xristian abidələri ilə də etməlidirlər.
İkinci məsələ isə UNESCO-nu yaradan dövlətlərin öz keçmiş tarixlərindəki proseslərdir. Mərkəzi Parisdə yerləşən və Qərb dövlətlərindən maliyyələşən UNESCO mənşə baxımdan obyektiv ola bilməz. İlk öncə Fransaya baxaq, Hazırda ərazisində 47 dövlətin və 100-dən artıq xalqın olduğu və bir o qədər dilin danışıldığı torpaqlar zamanla Fransanın müstəmləkəsi olmuşdur ki, bu bütün qitələri əhatə edir. Bu ərazilərdə hazırda fransız dili danışılır və əksər yerlərdə soyqırım törədilmiş, sərvətləri əllərindən alınmış, mədəniyyəti məhv edilmiş, əhalisi öz kimliyini itirmişdir. Hazırda çağdaş dövrümüzdə belə Fransanın 14 müstəmləkəsi mövcuddur və oradakı əhalinin tamamı assimilyasiya vəziyyətindədir. Korsika adası öz milli kimliyini sürdürə bilmir. Mövzu tam uzanması deyə söyləmək mümkündür ki, İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya da eynən Fransanın durumundadılar. “Latın Amerikası” qavramı Amerika qitəsində hansı soyqırımların törədildiyinin bariz örnəyidir. ABŞ və Kanadada isə yerli xalqların tamamı qırılmış, bu da yetməyibmiş kimi XX yüzilliyin ortalarına qədər Afrikadan gələn insanlara qul nəzərləri ilə baxılır, onların mindiyi ictimai nəqliyyata “ağlar” minməz, ağların olduğu xəstəxanalarda “qaralar” ölsələr belə qəbul olunmazdı. Bunları sənədləşdirilmiş formada olduqca detallı hazırlamaq mümkündür. Lakin bu fikirlərdən istifadə edib özününküyümüş kimi göstərən vicdansız insanlar çoxdur deyə bu qədərlə yetindim.