Vətəndaşları süründürən 27 vəzifəli şəxs işdən azad olunub
Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2016-cı ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 187 kollegiya iclasında, həmçinin bir çox müşavirə və toplantılarda müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülmüş, o cümlədən 858 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 31 nəfər aşağı vəzifəyə keçirilmiş, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınmış, 114 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 16 nəfərin vəzifə maaşı azaldılmış, 3 nəfərə cərimə kəsilib. Bundan başqa, 685 nəfərə xəbərdarlıq edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialı yazısında məlumat verilib.
Bildirilir ki, 2016-cı ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 363 şura iclasında, həmçinin müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılıb. Müraciətlərə baxılmasına cavabdeh 335 şəxs barəsində tədbirlər görülmüş, o cümlədən 59 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 6 nəfər aşağı vəzifəyə keçirilmiş, 9 nəfərin əmək müqaviləsinə xitam verilib. Bundan başqa, 261 nəfərə xəbərdarlıq olunub.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,1 faizi müsbət həll olunmuş, 6,3 faizi qismən təmin edilmiş, 13,6 faizi əsassız sayılmış, 29,8 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 15,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,5 faizi icrada saxlanılıb.
Yerli icra hakimiyyətlərində müraciətlərin 24,3 faizi müsbət həll olunmuş, 4 faizi qismən təmin edilmiş, 3,7 faizi əsassız sayılmış, 55,7 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 10 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 2,3 faizi icradadır.
Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılmış, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb.