AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Məni da “qara siyahı”ya salmaq istəyirlər”

  • + A
  • - A
  • 18-02-2017, 12:19

    “Məni da “qara siyahı”ya salmaq istəyirlər”

















    Redaksiyamız Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

    - Sizin verdiyiniz son açıqlama ciddi müzakirələrə səbəb oldu. Maşınlarda arxa oturacaqlarda da “avto kreslo”lardan istifadə etməyənlər cərimələnəcəkmi?

    - Xeyr. Bunun üçün inzibati qaydada cərimələnmə olmayacaq. Biz Azərbaycanın Avropaya inteqrasiya etməsindən danışırıq və beynəlxalq hüquqi aktlarda belə bir tələb var. Mən də xalqını sevən bir insan kimi hesab edirəm ki, bizdə də belə olmalıdır. Bizim “Yol hərəkəti haqqında” qanunda konkret olaraq “ön oturacaq” sözü yazıldığından haqlı olaraq sual çıxır ki, bəs arxa oturacaqlar, bəs uşaq qucaqdadırsa? Bütün bunlara ekspert Ərşad Hüseynov sizin sayt vasitəsilə cavab verib. Ancaq yenə də qanunda nəzərdə tutulan tənbeh tədbirlərinin tətbiq olunub-olunmamasından asılı olmayaraq, yol qəza hadisələrində xəsarət dərəcələrinin azaldılması naminə tövsiyə edirik ki, uşaqlar üçün xüsusi oturacaqlar olmalıdır. Maşınlarda daşınan uşaqlar sizin övladlarınızdır. Qanunla tənzimlənib-tənzimlənməməsinə də, təhlükəsizlik baxımından bu tədbirlər görülməlidir.

    - Bunun üçün DYP rəhbərliyi qanunda dəyişiklik edilməsi barədə parlamentə təklif göndərəcək?

    - Əgər gələcəkdə zərurət yaranarsa, qanuna dəyişiklik təklif edilə bilər.

    - Qarlı havadan sonra avtomobillərin rahat hərəkəti baxımından yolların təmizlənməsi yol polisini qane edirmi?

    - Heç bir problem yoxdur. Səhər saat 4-dən (Müsahibə dünən götürülüb) qış qarajının bütün işçiləri səfərbər olunub. Bizimlə birlikdə bütün texniki vasitələr yolları təmizlədi. Bunun nəticəsi olaraq səhər saat 10-a qədər olan məlumata görə, ağır xəsarətlə nəticələnən qəza olmadı. Sadəcə maddi zərərlə nəticələnən 7 yol qəzası baş verib.

    - Son vaxtlar marşrut avtobuslarının qəzalarının sayının azalması nə ilə bağlıdır?

    - Təkcə, ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar deyil, respublika üzrə ölümlə nəticələnən qəzalar ötən illərə nisbətən xeyli azalıb. Bu, dövlət yol polisinin məqsədli şəkildə keçirdiyi işlərin və aparılan təbliğatın nəticəsidir. Artıq ölkəmizdə sürücü piyada münasibətində sürücülər intizamlı davransalar da, piyadalar indi intizamsız hərəkət edir. Kəmər taxan, sükan arxasında telefonla danışan sürücülər xeyli azalıb. Sürət həddinin aşılması ilə bağlı cəzalar 37 faizə qədər azalıb, əvvəlki illərdə bu göstərici daha yüksək idi.

    - YPX əməkdaşlarının sürücünü təhqir etməsi, qanunsuz davranması haqda videolar yayılan zaman bu məsələnin həlli üçün hansı prosedurlar keçirilir?

    - Rəhbərliyimizin hər bir polis əməkdaşına olan gündəlik nəzarəti nəticəsində belə videolar yayılmasa da, bütün nöqsanlar aşkar olunub müvafiq tədbir görülür. Təəssüf ki, bəzi nöqsanlar var, bunun aradan qaldırılması üçün də araşdırma aparılır. Biz hərbçiyik, verilən göstərişlər müzakirə olunmadan icra olunur, təbii ki, qanunvericiliyin tələbləri çərçibəsində. Yol polisinin atdığı hər bir addım nəzarət altındadır. Hansısa nöqsan dediyiniz və ya başqa formada aşkarlanarsa, xidməti yoxlama aparılır və lazımı tədbir görülür. Araşdırmalar texniki vasitələrin köməyi ilə aparılır, bu zaman sahələr üzrə yerlərləki aidiyyatı əməkdaşlarımız da buna cəlb olunur. Araşdırmanın nəticəsi rəhbərliyə məruzə olunur, rəhbərlik də bu nəticə əsasında qərar veri.

    - Çox vaxt yol polisi əməkdaşı onu videoya çəkən sürücüyə etiraz edir və çəkilişi dayandırmasını tələb edir. Biz qanuna uyğun olaraq cavabı bilirik, amma sizin səsləndirməyinizi istəyirik. Xidmətdə olan YPX əməkdaşını çəkmək olarmı?

    - Bütün hərəkətlər qanunverciliklə tənzimlənir. Birmənalı olaraq vətəndaşların arzusu ilə bu yerinə yetirilir. Polis etiraz etsə də, sürücü onu videoya çəkə bilər. Bizim əməkdaşlarımızın üzərində daim səsyazan qurğu olur. Bu hansı ölkədə var? Yalnız bizdə belədi. Çünki şəffaflıq olsun, sabah hər hansı narahatlıq yarananda sübut kimi də istifadə edilsin. Həmçinin də YPX avtomobilində kamera var və daim çəkiliş aparılır. Gün ərzində 25-30 ərizə şikayət daxil olur, onların 20-də səsyazmanı təqdim edən kimi şikayətçi geri çəkilir.

    - Dediyiniz kimi yol polisində müsbət dəyişikliklər baş verməsinə baxmayaraq, YPX əməkdaşlarının daima tənqid hədəfi olmasının səbəbi nədir?

    - Cinayətkar polisi sevmədiyi kimi, intizamsız sürücülər də yol polisini sevmirlər. Bundan başqa bizim mental xüsusiyyətimiz var. Bəzilərimiz məsuliyyətə cəlb edilməni qəbul etmirik, inzibati qaydada cərimə ödəmək istəməməyimiz bizi polisə qarşı qoyur. “Mənim polisim məni qoruyur” devizinə inananlar cəmiyyətin əksəriyyətini təşkil edir. Polisə qarşı aqressiv münasibət bəsləyənlər polis tərəfindən inzibati məsuliyyətə cəlb edilənlərdən biridir, yaxud da polisin mövqeyinə xələl gətirmək istəyən şəxslərdir. Mən də çalışıram ki, polisi sevməyən o adamlar sevsinlər.

    - Bir dəfə sizin xidməti maşınla piyada xəttinin üzərində “parkovka” etməyinizin fotosu yayılmışdı. Xidməti maşınla cərimələnmisiz?

    - Xeyr, olmayıb. Mən üzdə olduğumdan hər kəs səhv tapıb məni da qara siyahıya salmaq istəyirlər. Qanuna görə hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinə zərurət yarandıqda qanunu pozmağa icazə verilir.

    - Bəs şəxsi maşınınızla qaydanı pozub cərimələnmisiz?

    - Olub. İki il əvvəl şəxsi maşınımla sürət həddini aşdığım üçün “radar”a düşdüm. Dərhal cəriməni ödəyib bu halı ictimailəşdirdim, vətəndaşlarımız da görsün ki, polis də qayda pozanda cərimələnir. Amma onu da deyim ki, biz yol polisləri başqa vətəndaşlardan fərqli olaraq şəhərin hansı nöqtəsində yerləşdiyini bilirik və çalışırıq elə hərəkət edək ki, kameraya düşməyək.

    - Kameralar texniki avadanlıqdı, onlar Vaqif Əsədovu tanımır. Məhz hansısa polis əməkdaşı sizi saxlayıb protokol yazıbmı?

    - Bu da olub. 2015-ci ildə mülki geyimdə şəxsi maşınımla Kürdəmir istiqamətində gedirdim. Qaradağ postunda saxlanıldım. Təhlükəsizlik kəmərini bağlamamışdım və maşının sığortasının vaxtı bitmişdi. Polis əməkdaşı sənədlərimi alıb protokol tərtib edib məni cərimələdi. Bu, doğrudan da mənim xoşuma gəldi. Bu cür cəzalanmağıma görə çalışıram ki, özümə arxayın olub belə xətalar törətməməklə ailə büdcəmə kömək olum. Mənim tələbə qızım da cərimələnib, onu da məcbur etmişəm ki, öz “stipendiya”sından cəriməni ödəyib. Ondan sonra qayda pozmayıb.

    - Bəs yol polislərinə “generalın bacısı oğluyam” deyənlərə güzəşt edilirmi?

    - Etiraf edirəm ki, belə hallar əvvəl olub. Bu gün isə dosta zənglər, bu cür ifadələrə vətəndaşı məsuliyyətdan azad etmir.

    - Bəs jurnalistlərin bu tip xahişləri necə nəticələnir?

    - Təbii ki, jurnalistlərin də belə xahişləri olur. Mən də çalışıram kömək edim. Mənim də onlara bəzi sahələrdə işim düşür. Məsələn, “Qafqazinfo”da bir yazı yayımlanır, onun sərlövhəsi yaxşı reaksiya verməyəndə onun redaktə edilməsini xahiş edirəm. Amma son vaxtlar jurnalistlərdən gələn zənglər azalıb.

    - Piyadaların vurulması və cərimələnməsi də azalıb?

    - Təcili olaraq həyəcan siqnalı verilməli olan məsələlərdən biri də piyadalarla bağlıdır. 2015-ci ildə piyada vurulması ümumi qəzaların 51 faizini təşkil edirdi, 2016-da bu rəqəm 60 oldu. Eyni zamanda, 2016-cı ildə 138 min piyada cərimələnib ki, bu da ötən ilkindən xeyli çoxdur. Piyadalar keçidlərdən istifadə etmirlər, qəzaların bir neçəsi elə keçidin yaxınlığında baş verir. Bir çox piyadalar var ki, yol hərəkəti qaydasını pozduğu üçün cərimələnsə də, ödəniş etmir. Biz artıq 2017-ci ildən qanuna uyğun olaraq icra olunması üçün işi məhkəmələrə göndərəcəyik. İcra məmurlarının hansı qərar verməsi onların səlahiyyətində olacaq. İş yerlərinə, təhsil aldıqları müəssisələrə yazmaqla, sərhəddən çıxarkən cərimənin ödətdirilməsinin təmin edilməsi ilə bu məsələni həll etməyə çalışacağıq. Hesab edirəm ki, bu yolla 2017-ci ilin sonunda cərimə ödəməyən piyada qalmayacaq.

    - Bir neçə dəfə radarlarda səhv tutan məlumatlar yayılıb. Həqiqətən səhvlər olurmu?

    - Bu texniki avadanlıqların 0,1 faiz səhv etmə ehtimalı var və əvvəlcədən qəbul edilmiş göstəricidir. Bunu faciə kimi yol polisinin ayağına yazmaq, ictimailəşdirmək lazım deyil. Sürücü müraciət etsin, araşdırılıb müəyyən olunsun. Bəzən hava qaranlıq olur və ya nömrə çirkli olur, kamera 3-ü 8 kimi görür. Bunlar mexaniki səhvlərdir.

    - Sürücülərin elektron kabineti yaradıldıqdan sonra yeni bir problem ortaya çıxdı. Əvvəlki illərdə yazılan protokollar hansısa səbəbdən ünvanına çatmayıb. Həmin cəzalar bu gün hamısı bir yerdə sürücünün elektron kabinetinə yerləşdirilib və ödənilməsi tələb olunur. Sürücülər bu cərimələri ödəməlidirlər yoxsa müəyyən bir müddət sonra ödənilməyən cərimələrə xitam verilmə hal var?

    - Bəzən poçtalyonlara görə yaxud kiminsə qeydiyyat yerini dəyişməsinə görə cərimə məktubları ünvana çatdırılmır. Bu cərimələr daim adına tərtib olundğu şəxsin üzərindədir və ödənilməlidir.

    - Xidməti maşınınızın nömrəsi “333”lə bitir. Bunu özünüz seçmisiz yoxsa təsadüfdür?

    - Əslində ratsiyam da, şəhər telefonum da, mobil telefonumda “33-33”dür. Nədənsə, bu rəqəm məndən əl çəkmir. Bundan əvvəl mənim xidməti maşınımın nömrəsi “313” idi. Sonra həmin maşın yolda xidmətə verildi. Mən də şəhər polisinə verilən nömrələrin içindən “333”-ü seçdim. 2007-ci ildən bu “3”lər mənə düşür deyə belə davam edirəm. Şəxsi maşınım olan “Çeşka”nın da nömrəsi “013”dür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR