Mikayıl Cabbarov da oliqarxları qoruyur... - Belə olmasaydı...
Vergilər Nazirliyi Bakı şəhərində yerləşən iaşə və ticarət obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı monitorinqlər keçirib.
Reyting.az xəbər verir ki, monitorinqlər zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Əsasən məlumatlandırıcı xarakter daşıyan tədbirin məqsədi nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarından istifadə edilməsinin zəruriliyi və cəmiyyətdə kassa çeklərinin tələb olunması vərdişlərinin formalaşdırılması olub. Vergilər Nazirliyinin əməkdaşları monitorinqlər zamanı vergi ödəyicilərini kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.
Monitorinqlər əsasən ictimai-iaşə obyektləri, ərzaq, geyim, inşaat və santexnika materiallarının satışını həyata keçirən mağazaları əhatə edib. Monitorinqlər zamanı bir sıra obyektlərdə qanun pozuntularına yol verilməsi, nağd hesablaşmaların aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə olunmaması, kassa çeklərinin vətəndaşlara təqdim edilməməsi kimi hallara rast gəlinib, bəzi obyektlərdə isə bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsi müşahidə olunub.
Səbail rayonunda yerləşən “Viva dessert” şirniyyat mağazasında, Nəsimi rayonundakı “Geox” ayaqqabı mağazasında, Nərimanov rayonunda fəaliyyət göstərən “Lider inşaat” santexnika mağazasında və “Nobel elektrik” elektrik malları mağazasında monitorinqlər zamanı nöqsanlar aşkar edilməyib və vergi qanunvericiliyinin tələblərinə əməl olunduğu müşahidə edilib.
Monitorinqlər zamanı Nəsimi rayonunda yerləşən “Mega store” supermarketində, Yasamal rayonunda yerləşən “One pub kafe” və “Cafe Park” kafelərində, Səbail rayonunda fəaliyyət göstərən “Pappa Rotti” və “Ajda” kafelərində, Nərimanov rayonundakı “SİS underwear” mağazasında, Nəsimi rayonunda yerləşən “Ador” ərzaq mağazasında (Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin düz yanında yerləşir - FED.az), həmin rayonun ərazisində fəaliyyət göstərən “Türkoğlu dönər” kafesində, “28 pub” restoranında, “Krevetka” kafesində, Səbail rayonunda yerləşən “Mughal” restoranında, həmçinin bir sıra digər ticarət və ictimai iaşə obyektlərində ilk dəfə belə nöqsanlara yol verildiyi aşkar olunub.
Keçirilən tədbirlərin nəticəsi olaraq, Nəsimi rayonunda yerləşən “Spar market”də, “URP” mağazasında və “Araz supermarket”də, Yasamal rayonunda Həsənov İlhama məxsus kafedə, Nərimanov rayonu ərazisində yerləşən “Ted Baker” mağazasında, Səbail rayonu ərazisində yerləşən “Baumler” mağazasında, Nizami rayonunda avtomobil üçün ehtiyat hissələri satılan mağazada, Nəsimi rayonunda fəaliyyət göstərən “Sekrets” kafesində, Nəsimi rayonunda yerləşən “Game and cinema center”də, Səbail rayonundakı “Coffe station” kafesində və digər obyektlərdə nöqsanlar aşkar edilərək müvafiq aktlar tərtib edilib.
Bütövlükdə aparılmış maarifləndirici monitorinqlər çərçivəsində qanun pozuntusu aşkar edilmiş obyektlərin 45 faizinə cərimələr tətbiq edilib, 15 faizində qanun pozuntları aşkar edilməyib, qalan 40 faizi üzrə, yəni ilk dəfə qanun pozuntusuna yol vermiş obyektlərə isə xəbərdarlıq edilib və bu cür pozuntulara növbəti dəfə yol verəcəkləri təqdirdə, həmin vergi ödəyicilərinə qarşı qanun çərçivəsində tədbirlər görüləcəyi bildirilib.
Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələbləri çərçivəsində fəaliyyət göstərməyə, 2018-ci ilin vergi qanunvericliyinin tələblərinə əməl edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasında “keçid ili” olmasından sui-istifadə etməməyə, nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri ilə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çeki, qəbz və digər ciddi hesabat blanklarını təqdim etməyə, vətəndaşları isə alış-veriş edərkən kassa çeki tələb etməyə dəvət edir. Unutmayaq ki, kassa çekləri sizin istehlakçı hüquqlarınızın pozulduğu hallarda, mənafelərinizin qorunması ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.
Reyting.az-ın xəbərinə görə, müstəqil iqtisadçı-ekspertlər ölkədə müxtəlif ticarət və iaşə obyektləri tərəfindən hər il kassa aparatlarından yayındırlan vəsaitlər sayəsində dövlət büdcəsinin külli miqdarda gəlirdən məhrum olduğunu deyirlər. Yəni kimlərsə qanunsuz qazanc əldə etdiyi halda, itirən büdcə olur. Vergilər Nazirliyi bu problemin həlli istiqamətində ciddi addımlar atmağa başlayıb. Keçirilən reydlərin, edilən cərimə və xəbərdarlıqların sözügedən problemin köklü həlli ilə nəticələnib-nəticələnməyəcəyini isə zaman göstərəcək.
Ancaq Vergilər Nazirliyinin bu əməliyyatlarının qarşıdakı dövrdəfərqli müstəviyə keçəcəyi qaçılmazıdır. Bu barədə bizi bilgiləndirən iş adamlarından biri deyib ki, Vergilər Nazirliyi hər dəfə bu cür əməliyyatlar keçirərək biznes mühitində “nəbz yoxlayır”, həm də kimlərinsə gözünü qorxudur:
“Bildiyiniz kimi, bizdə cərimələr həddindən artıq çoxdur. Özü dəcərimələrin ədalətli və qanuni yazıldığı da şübhəli ola bilir. Bu səbəbdən də iş adamları qanunlara uyğun işləməkdənsə vergi müfəttişləri ilə “anlaşmağı” daha səmərəli hesab edirlər. Ona görədə, büdcədən yayınma halları daha çox olur. Digər tərəfdən, büdcədən yayındırılan vəsaitlərin çox az hissəsi nazirliyin hədəfində olan qurumlardır. Dövriyyəsi milyonlarla ölçülən şirkətlər var ki, Vergilər Nazirliyi onlara təzyiq göstərə bilmir. Çünki onların arxasında yüksək vəzifəli məmurlar dayanır. Bu səbəbdən də, hesab edirəm ki, Vergilər Nazirliyinin "kassa reydləri” daha “kiçik balıqların” tora salınmasına xidmət edəcək”.
Xatırlayırsınızsa, bir müddət əvvəl nazirliyin əməkdaşları bu cür reydlər keçirirdilər və qısa müddət sonra iş adamlarının “yüklənməsi“nə start verilirdi. Mənbəmiz güman edir ki, bu dəfədə analoji hallar baş verə bilər:
“Nazirlik arxasında yüksək vəzifəli məmurların dayandığı şirkətlərdə də yoxlamalar aparmalıdır”.
İş adamı iddia edir ki, adını çəkmək istəmədiyi həmin qurumlarda kassa aparatları aksesuar funksiyasını yerinə yetirir, yaxud da kasaya vurulan məbləğlər əsas bazaya oturmur. Bununla da milyonlarla vəsait büdcədən yayındırılır.
Onu da qeyd edək ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra nazirliyin iş prinsipində dəyişikliklərin olacağı gözlənilsə də, hələlik ortada ciddi nəticə yoxdur. Yenə də oliqarx-məmurlara məxsus şirkətlər büdcədən vəsait yayındırır, onlara qarşı hər hansı tədbir görülmür. Ən azından bu barədə ictimaiyyətə indiyə qədər rəsmi məlumat verilməyib. Lakin orta vəkiçik sahibkarlığa qarşı qanunun nəzərədə tutduğu ən kəskin cəzaları verməkdən çəkinmirlər.
Bir məqamı da xatırladaq ki, Prezident İlham Əliyev hər zaman sahibkarlığın inkişafına mane olacaq bütün vasitələrin aradan qaldırılmasını tələb edir. Bununla bağlı aidiyyatı qurumlara dəfələrlə xəbərdarlıq da olub. Hər halda görünən odur ki, bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmayıblar.